Tanınmış qrosmeyster Vüqar Həşimovun xatirəsi anılıb
Sosial həyat

Tanınmış qrosmeyster Vüqar Həşimovun xatirəsi anılıb

Yanvarın 11-i Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun anım günüdür. Bu gün istedadlı şahmatçının əbədiyyətə qovuşmasından səkkiz il ötür.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Vüqar Həşimovun ailə üzvləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri yanvarın 11-də ikinci Fəxri xiyabana gələrək mərhum şahmatçının məzarını ziyarət ediblər.

Tədbir iştirakçıları Vüqar Həşimovun məzarı önünə gül dəstələri qoyaraq, onun xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Vüqar Həşimov Şahmat Akademiyasında "Şahmatın Vüqarı" filminin təqdimatı olub. Film dünyanın tanınmış qrosmeysterin gənc nəslə örnək olan həyat yolundan bəhs edir. Görkəmli şahmatçının idmana gəlişi, şahmatın zirvəsinə aparan enişli-yoxuşlu yolda qarşılaşdığı çətinliklərə baxmayaraq, mübarizliyi, qətiyyəti sayəsində böyük qələbələr qazanaraq Azərbaycan bayrağını yüksəklərdə dalğalandırması filmin əsas qayəsini təşkil edir.

Şahmatçının bacısı Samirə Allahverdiyeva jurnalistlərə müsahibəsində Vüqar Həşimovun öz həyatını şahmatsız təsəvvür etmədiyini vurğulayaraq deyib: "O, böyük iradəyə sahib insan idi. Ən çətin oyunlarda belə ruhdan düşmür, sonadək mübarizə aparırdı. Vüqar həyatını şahmatsız təsəvvür edə bilmirdi. Ən böyük təsəllimiz odur ki, o, xatirələrdə mübariz, qətiyyətli insan kimi yaşayır. Vüqar Həşimovun qələbələri onu əbədiyaşar, ölməz edib".

Dünya şahmat tarixinin istedadlı zəka ustalarından biri olan V.Həşimov bu dünyadan köçsə də, onun xatirəsi şahmatsevərlərin qəlbində daim yaşayır. Təsadüfi deyil ki, hər il keçirilən ənənəvi Vüqar Həşimov memorialında iştirak etmək üçün dünyanın ən güclü şahmatçıları ölkəmizə gəlirlər. Bu, dünya şahmat elitasının Vüqar Həşimovun xatirəsinə yüksək ehtiramının göstəricisidir. Dünyanın bir çox ölkələrində Vüqarın xatirəsinə turnirlər təşkil edilir.

Şahmat tariximizin parlaq dühalarından biri olan Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. Bu intellektual idman növünə kiçik yaşlarından maraq göstərən Vüqar yüksək potensialı ilə diqqəti cəlb edib, uşaqlıq illərində "Şahmat klubu" verilişindəki çıxışları ilə tanınmağa başlayıb. 2002-ci ildə qrosmeyster adını alan Vüqar Həşimov buna qədər üç dəfə Azərbaycan çempionu olub. Müxtəlif yaş kateqoriyalarında dünya və Avropa çempionatlarının 21 medalını qazanan mərhum qrosmeyster 50-dən artıq beynəlxalq turnirin qalibi olub. V.Həşimovun 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionatında həlledici görüşdə qələbəsi şahmat tariximizdə ilk dəfə Avropa çempionluğunun qazanılmasında xüsusi rol oynayıb. Vüqar Həşimov ömrünün son anına qədər dünyanın ən güclü şahmatçılarından biri hesab edilib.

AZƏRTAC