Tanınmış jurnalist Şamil Şahməmmədovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Sosial həyat

Tanınmış jurnalist Şamil Şahməmmədovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib

İyulun 25-də Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist Şamil Şahməmmədovun xatirəsinə həsr olunmuş "Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd" kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, adını Azərbaycanın jurnalistika tarixinə əbədi yazdırmış söz fədaisi Şamil Şahməmmədovla bağlı kitabın ərsəyə gəlməsi onun xatirəsinə, jurnalistlik fəaliyyətinə dəyərli töhfədir. "Kitabın adı Şamil müəllimin xarakterindəki xüsusiyyətlərin bir növ toplusudur. Mən onun sərtliyini daha çox tələbkarlıq kimi qiymətləndirərdim. İşə prinsipial yanaşması ilə seçilirdi. Rəhbərlikdə müdrik sima idi və hər kəsə qayğılı münasibətin nümunəsi də məhz o idi. Yaxşı yadımdadır, 12 il öncə burada biz onun 75 illik yubileyini keçirmişdik. Həmin məclisdə sənət dostları, həmkarları Şamil müəllim haqqında xoş sözlər deyir, xatirələrini bölüşürdülər. Özü başda oturmuşdu. Birdən mənə tərəf çevrilib çox sakit tərzdə dedi: "Bunlar nə vaxt məni tərifləməyi dayandıracaqlar?" Təbii ki, tədbirdə çıxış edib xoş sözlərə görə hamıya təşəkkürünü ifadə etdi. Amma son dərəcə təvazökar idi", - deyən Ə.Amaşov vurğulayıb ki, mənalı ömrünü tamamilə jurnalistikaya həsr etmiş Şamil Şahməmmədov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin jurnalistika şöbəsinin bitirmişdi. Bir müddət dövlət radiosunda çalışmışdı. Hələ tələbə ikən ustad Nəsir İmanquliyev onu "Bakı" qəzetinə dəvət etmişdi. Ş.Şahməmmədov paytaxtda tikinti bumunun yaşandığı ötən əsrin 60-70-ci illərində görülən işlərlə, məşhur binaların, ictimai iaşə obyektlərinin inşası ilə bağlı genişhəcmli, dolğun reportajları ilə bu janra özünəxas çalarlar gətirmişdi. Otuz ilə yaxın "Bakı"-"Baku"da çalışmış böyük qələm sahibi nəşrdə sıravi müxbirlikdən baş redaktorluğadək yüksəlmişdi. Sevimli qəzetindən ayrıldıqdan sonra "Xalq qəzeti"ndə baş redaktor müavini kimi fəaliyyət göstərmişdi. Daha sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru olmuşdu. "Mənə nə xoş ki, onunla birlikdə çalışmışam, ondan öyrənmişəm. Şamil müəllim sözün əsl mənasında jurnalistika məktəbi idi. Gənclərə peşənin sirlərini aşılayırdı. Bundan əsla yorulmazdı", - deyən Mətbuat Şurasının sədri əlavə edib ki, çoxşaxəli yaradıcılıq diapazonuna malik Ş.Şahməmmədov jurnalistika ilə yanaşı, ədəbi-bədii tərcümə ilə də məşğul olurdu. Futbolla əlaqədar təhlilləri oxucular tərəfindən böyük maraqla qarşılanırdı. Hər kəs onu həm də mahir idman jurnalisti kimi tanıyırdı.

Tədbirdə çıxış edənlərdən "Bakı"-"Baku" qəzetinin baş redaktoru Ağahüseyn Hüseynov, respublikanın Əməkdar jurnalisti Etibar Babayev, veteran jurnalist Fazil Rəhmanzadə, "Bakı"-"Baku" qəzetinin baş redaktor müavini Ənvər Məşədiyev, poliqrafçı alim Şəddat Cəfərov, "Xalq qəzeti"nin əməkdaşı İlqar Həsənov, Bakı Multikulturalizm Mərkəzinin əməkdaşı, tanınmış jurnalist Araz Qurbanov, "Xalq qəzeti"nin baş redaktor müavini, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Tahir Aydınoğlu, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin müəllimi Şəlalə Həsənova, AZTV-nin böyük redaktoru Aybəniz Məmmədəliyeva, "Yeni təfəkkür" qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, tanınmış veteran jurnalistlər - Vaqif Musayev, Əntiqə Qonaqova, Rafiq Həsənov, Hacı Mehman Fərzullayev və başqaları Ş.Şahməmmədovla bağlı xatirələrini bölüşüblər. Onlar ustad jurnalisti peşəsinə sədaqət, prinsipiallıq rəmzi kimi xarakterizə edən cəhətlərdən söz açaraq bildiriblər ki, belə bir şəxsiyyətin xatirəsinə ehtiram nümunəsi kimi ərsəyə gəlmiş "Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd" kitabında yer almış məqalələr ona vəfa borcu olmaqla yanaşı, həm də tariximizin mühüm mərhələsinin öyrənilməsi baxımından önəmli materiallardır.

Ustad jurnalistin oğlu Məmməd Şahməmmədov atasının xatirəsinə göstərilən diqqətə görə ailələri adından çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə və tədbirin təşkilinə görə minnətdarlığını bildirib.

Bu yaxınlarda "Elm və təhsil" Nəşriyyatında çapdan çıxmış "Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd" kitabının tərtibçi-redaktoru və ön söz müəllifi tanınmış jurnalist Züleyxa Nadir, redaktoru Əməkdar jurnalist Zemfira Məhərrəmlidir. Kitabda sənət dostları və həmkarlarının müxtəlif illərdə ustad qələm sahibi ilə bağlı yazıları, həmçinin onun həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən fotolar yer alıb.

Qeyd edək ki, "Əməkdar mədəniyyət işçisi" fəxri adı, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmiş ilk jurnalisti olan Şamil Şahməmmədov 1935-ci ildə Gəncədə anadan olub, 2021-ci ildə Bakıda vəfat edib.

AZƏRTAC