Tanınmış alim, sadə insan
Sosial həyat

Tanınmış alim, sadə insan

O, bütün həyatını elmə həsr etdi, hər zaman onun inkişafına, elmi kadrların yetişdirilməsinə çalışdı, yeniliyə can atdı. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) ekspert şurasının üzvü, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda “Təlimin neyrofiziologiyası” laboratoriyasının müəllifi, biologiya elmləri doktoru, professor Zakir Məmmədov bu gün yoxluğundan sonra da yalnız xoş sözlərlə xatırlanır...

Zakir Məmmədov 1946-cı il iyulun 1-də İrəvan şəhərində anadan olub, məlum səbəblərə görə doğulduğu torpaqları hələ kiçik yaşlarında ikən tərk etmək məcburiyyətində qalıb. Bir müddət Gəncə şəhərində yaşayıb, sonra Bakıya köçüb və ömrünün sonuna qədər burada yaşayıb, çalışıb.

Ali təhsilini Ukraynada Kiyev Politexnik İnstitutunda alıb. Biologiyaya, xüsusən də baş-beyin mexanizmlərinin öyrənilməsinə hədsiz marağı onu Azərbaycan Elmlər Akademiyası Fiziologiya İnstitutuna gətirib. Gənc mütəxəssis burada akademik Hüseyn Həsənovun rəhbərliyi ilə elektrofiziologiya sahəsində tədqiqat işlərinə cəlb edilib. Sadə mühəndisdən qrup rəhbərinə, laboratoriya müdirinə qədər uzun elmi yol keçən Zakir müəllim bu gün Azərbaycanda neyrofiziologiya sahəsində azsaylı aparıcı alimlərdən biri kimi tanınır.

Zakir Məmmədov 1982-1987-ci illərdə Çexoslavakiya Elmlər Akademiyası Fiziologiya İnstitutunda “İnterbrain” elmi proqramı çərçivəsində uzunmüddətli təcrübə keçmiş, burada o, məşhur neyrobioloq, professor Y.Bureşin laboratoriyasında çalışaraq dövrün yeni sahələri: təlim və yaddaşın neyrobiologiyası sahəsində tədqiqatlar aparmışdır. Onun tədqiqatları Çexoslavakiya Elmlər Akademiyasının xarici alimlər üçün xüsusi qrantına layiq görülmüşdür. Daha sonra o, tədqiqatlarını SSRİ Elmlər Akademiyası Biofizika İnstitutunda (Puşşino, Moskva) görkəmli rus alimi, akademik M.N.Livanovun rəhbərlik etdiyi yaddaş problemləri şöbəsində davam etdirmişdir. Onun Puşşinoda o dövr üçün misilsiz olan telemetrik və hesablama sistemlərinin köməyi ilə apardığı neyrofizioloji tədqiqatların nəticələrinin təhlilində qazandığı təcrübə sonralar Azərbaycan Fiziologiya İnstitutunda neyrofiziologiyanın inkişafında həlledici rol oynadı.

Professorun elmi fəaliyyətinin əsas istiqaməti sinir hüceyrəsinin plastikliyinin modulyasiyasının monoaminergik mexanizmlərinin öyrənilməsidir. “Neokorteksin bioelektrik fəaliyyətinin monoaminergik tənzimlənməsi” mövzusunda namizədlik dessertasiyası və “Neyronların və sinapsların plastik xüsusiyyətlərinin modulyasiyasında biogen monoaminlərin iştirakının neyrofizioloji mexanizmləri” adlı doktorluq işi bu sahədə əhəmiyyətli tədqiqat işlərindəndir. Belə ki, uzun illər davam edən araşdırmalar nəticəsində ilk dəfə öyrənilən və yaddaş proseslərində iştirak edən neyronlar və sinirlərarası əlaqələrin monoaminergik neyromodulyasiyasının ikili təbiəti konsepsiyasını təqdim edərək onun formalaşmasında xüsusi rol oynamışdır. Son vaxtlar görmə analizatorunda retinanın distrofiyası proseslərindəki neyrofizioloji mexanizmləri öyrənir və laboratoriyada bu istiqamətlərdə aparılan tədqiqatlara xüsusi diqqət yetirirdi.

Azərbaycanda və xaricdə çap olunmuş bir monoqrafiyanın və 200-dən çox elmi əsərin müəllifi olan Zakir Məmmədov müəllimlik fəaliyyəti ilə də məşğul idi. Bakı Dövlət Universitetinin biologiya fakültəsində oxuduğu mühazirələr, professorun parlaq elmi və natiqlik məharəti ona tələbələr arasında nüfuz qazandırmışdı.

Azərbaycan Fizioloqlar Cəmiyyətinin və Rusiya Sinir Elmləri Cəmiyyətinin üzvü olan Zakir Məmmədov məhsuldar elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Həmkarları Zakir Məmmədovu görkəmli alim, peşəsini ürəkdən sevən müəllim, eyni zamanda mehriban, yumşaq qəlbli insan kimi xatırlayırlar. Yüksək məsuliyyəti, çalışqanlığı, prinsipiallığı ilə seçilirdi. O, əsl elm fədaisi idi.

AMEA-nın akademik A.Qarayev adına Fiziologiya İnstitutunun aparıcı elmi işçisi, b.ü.f.d. dosent Elmira Ağayeva yazır: “Mən 2004-cü ildə Zakir müəllimin rəhbərlik etdiyi “Təlimin neyrofiziologiyası” laboratoriyasında elmi fəaliyyətimi davam etdirmişəm. Ontogenez sahəsindəki tədqiqatlarım uğurlu alındı. O, yetirmələrinin uğuruna həmişə sevinirdi”.

Fizologiya İnstitutunun “Uzunömürlülüyün fiziologiyası” laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Natəvan Kərəmova elmi rəhbəri haqqında deyir: “Zakir müəllimi 2001-ci ildən tanıyıram. Mən Azərbaycan Tibb Universitetini bitirib təyinatla Fiziologiya İnstitutunun “Təlimin neyrofiziologiyası” laboratoriyasında işləməyə başlamışdım. Bu əməkdaşlıq 20 il davam etdi. Həyatda qazandığım nailiyyətlərə görə, ilk növbədə Zakir müəllimə borcluyam. Onun məktəbini keçdiyim üçün xoşbəxtəm. Ona verdiyim sözü tutmağa, elmi fəaliyyətimi davam etdirməyə çalışacam. O, tələbkar elmi rəhbər idi: “Mənim aspirantım zəif ola bilməz!”-deyə Zakir müəllimin yarızarafat, yarıciddi, bir az da zəhmlə söylədiyi bu sözlər mənim üçün böyük motivasiya yaratdı. Daim qəlbimizdə yaşayacaq.

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi, b.ü.f.d. Səltənət Ağayevanın dediklərindən: “2007-ci ildə dissertasiya mövzum, elmi rəhbərim təsdiq olundu, ilk baxışdan zəhmli, ciddi görünən Zakir müəllimlə tanışlığımız belə başladı. O, elmi yanaşmalarda necə tələbkar, zabitəli idisə, adi həyatda da mülayim, zarafatcıl, həyatsevər insan idi. Əsl alim kimi şərəfli bir ömür yaşadı. Elm insana özgüvən verir, onu formalaşdırır, müdrikləşdirir. Eyni hissləri bizə Zakir müəllim aşıladı”.

Fiziologiya İnstitutunun “Ekotoksikologiya” laboratoriyasının böyük elmi işçisi b.e.d. Xədicə İsmayılovanın dediklərindən: “Tanınmış alim, əsl ziyalı, səmimi, qayğıkeş insan Zakir Məmmədov Azərbaycan fiziologiya elminin görkəmli simalarından biri idi. Ömrünü nəcib və ülvi məqsədə-elmin tədqiqinə həsr edən bu alim fasiləsiz olaraq yazıb, yaradıb, öz yorulmaz əməyi sayəsində fundamental əsərlər ərsəyə gətirib. Zakir müəllimin elmi irsi ölümündən sonra da onu yaşadacaq, xatırladacaq qiymətli sərvətdir. O, səmərəli, yüksəkixtisaslı kadrlar hazırlanmasına, elmin təbliğinə böyük qüvvə və bacarıq sərf etmişdir”.

Gəncə Dövlət Universitetinin dosenti, b.ü.f.d. Tükəzban Rüstəmova isə yazır: “Müəllim bir şama bənzər, özünü yandırdıqca başqalarına işıq verər.” Zakir müəllim haqqında xatirələrimə Ruffinidən bir sitatla başladım. Bu şamlardan biri də Zakir müəllim idi. O, humanizmə, xeyirxahlığa bağlı, azadfikirli, yüksək elmi potensiala malik bir insan idi. Elm sahəsində aspirantlarını daima ruhlandırar və onların müvəffəqiyyətinə sevinərdi.

Eyni zamanda çox pozitiv bir insan idi. Onunla həmsöhbət olarkən insanda yüksək əhval-ruhiyyə yaranardı. 2008-ci ildə onun dəyərli məsləhətləri sayəsində dissertasiya mövzumu müdafiə edib biologiya üzrə fəlsəfə doktoru adına layiq görüldüm.

Mən elm sahəsində Zakir Məmmədovu həmişə özümə nümunə, lider bilmişəm. Bu, həmişə də belə olacaq. Onun yetirməsi olduğum üçün qürur duymuşam və hər zaman da Zakir müəllim kimi elmi rəhbərim olduğu üçün fəxr edəcəm.

Yaxşı insanlar heç vaxt unudulmur, öz elmi nailiyyətləri, ideyaları ilə daima öz yetirmələrinin, həmkarlarının yaddaşlarında, qəlblərində yaşayırlar.

Görkəmli alim, etibarlı həmkar kimi yaddaşlarda daim yaşayacaq, Zakir müəllim. Hörmətli müəllimim və məsləhətçim mənim yaddaşımda da belə qalacaq...

Elnarə CƏFƏROVA,

biologiya üzrə fəlsəfə doktoru.