Suvarma suyuna tələbat ödənilir
Region

Suvarma suyuna tələbat ödənilir

Ölkə iqtisadiyyatında pambıq istehsalı əsas yerlərdən birini tutur. Pambıqçılığa göstərilən qayğı və diqqət, becərmə işlərinə ayrılan subsidiyalar, texnika və dərman preparatları ilə təminat bu gəlirli sahəyə marağı ilbəil artırır. Respublikanın ən iri pambıqçılıq rayonlarından olan Sabirabadda bu il 10 min hektara yaxın sahədə “ağ qızıl” becərilmiş və bir neçə gündür ki, yığıma start verilmişdir. Elə ilk günlərdən fermerlər məhsuldarlıqdan razılıq edirlər. Bu razılıqda təbiətin yaratdığı çətinliklərə , su ehtiyatlarının minimal həddə çatmasına baxmayaraq əkinləri optimal müddətdə suvarma suyu ilə təmin edən melioratorların xüsusi payı vardır. Cari ildə əkinlərin suvarma suyu ilə təmin olunmasında xüsusi fəallıq göstərən Sabirabad Suvarma Sistemləri İdarəsinin kollektivinin əməyi xüsusi qeyd olunur. İdarənin rəisi Şafiq Heydərov mövsüm ərzində kollektivin fəaliyyəti barədə qısa məlumat verdi:

- İdarəmiz 32. 071 hektar suvarılan sahəyə xidmət edir. Sahələrə 1150 kilometr uzunluğu olan kanallarla suvarma suyu ötürülür. Cari ildə taxıl, bostan-tərəvəz, yonca, çoxillik bağ, örüş-otlaq və digər əkin sahələri normal qaydada suvarma suyu ilə təmin olunub. Xidmət etdiyimiz ərazinin 5849 hektarında pambıq əkilmişdir. El arasında “pambığın canı sudadır”, deyirlər. Bu, həqiqətən belədir. Bütün imkanlarımızla 8 ayda  pambığı üç dəfə suvarma suyu ilə təmin edə bildik. Bu isə o deməkdir ki, “ağ qızıl”su sarıdan korluq çəkmədi.

Sabirabad SSİ-də əkinlərin suvarma suyu ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən texniki-təşkilati tədbirlər səmərəli nəticə verir. Cari ildə 471 kilometr suvarma kanalı lildən təmizlənmiş, 107 ədəd hidrotexniki qurğu cari təmir olmuşdur. Beton kanallar, nasos stansiyaları, digər avadanlıqlar daima işlək vəziyyətdə olmuşdur.

Taxıl yığımı başa çatdırıldıqdan sonra biçənəklərdə becərilən payızlıq  bitkilər hazırda  suvarma suyu ilə təmin olunur.

Tofiq HÜSEYN,

 “Respublika”.