Şuşalıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub
Sosial həyat

Şuşalıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub

Avqustun 26-da şuşalıların işğaldan azad olunmuş dədə-baba yurdlarına növbəti səfəri təşkil edilib. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkil etdiyi səfərdə yaşlı nəslin nümayəndələri, Qarabağ müharibəsi qaziləri, şəhər ziyalıları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov şuşalıları Şuşada salamlayıb. Bildirib ki, şuşalılar 30 ilə yaxındır Şuşaya gəlmək həsrəti ilə yaşayırdılar. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Şuşa şəhərini işğaldan azad edilməsi ilə bu həsrətə son qoyuldu. “Siz tezliklə Şuşanın dirçəlməsinin, yenidən qurulmasının şahidi olacaqsınız. Şuşa şəhərində sakinlərin layiqli, gözəl həyat yaşamaları üçün şərait yaradılacaq. Şuşalılar bundan sonra doğma şəhərlərində əbədi yaşayacaqlar”, - deyə o qeyd edib. 

Daha sonra Şuşa sakinləri Cıdır düzü, Qala divarları, Natəvan bulağı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, Şuşanın mərkəzi meydanında Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün güllələnmiş heykəllərini ziyarət ediblər. Səfər zamanı sakinlər Şuşadakı evlərinə də baş çəkiblər.

Qeyd edək ki, Şuşa sakinlərinin doğma şəhərlərinə ilk səfəri avqustun 19-da təşkil olunub.

AZƏRTAC