Şuşada Muğam Televiziya Müsabiqəsi qaliblərinin qala-konserti keçirilib
Mədəniyyət

Şuşada Muğam Televiziya Müsabiqəsi qaliblərinin qala-konserti keçirilib

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən Muğam Televiziya Müsabiqəsinin qaliblərinin qala-konserti olub. Cıdır düzündə təşkil edilən konsertdə tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri, əsgər və zabitlər, Şuşanın işğaldan azad olunmasında iştirak etmiş qazilər iştirak ediblər. 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Natəvan Osmanlı və Mümtaz Xəlilzadənin aparıcılığı ilə keçən konsertdə əvvəlcə respublikanın Xalq artistləri Nəzakət Teymurova və Teyyub Aslanovun ifası dinlənilib. Sonra indiyədək keçirilən səkkiz "Muğam" müsabiqəsinin qalib və mükafatçıları çıxış ediblər. İfalar müsabiqənin keçirildiyi illər üzrə duet şəklində təqdim olunub.

Konsert birinci Muğam Televiziya Müsabiqəsinin qalibləri - Əməkdar artistlər Təyyar Bayramov və İlkin Əhmədovun ifasında "Qarabağ şikəstəsi" ilə yekunlaşıb.

Finalın və qala-konsertinin Şuşada keçirilməsi VIII muğam müsabiqəsinin məhz "Şuşa İli"nə təsadüf etməsi ilə bağlıdır. Muğamın beşiyi olan mədəniyyət paytaxtımızın yarışmanın həlledici mərhələsinə ev sahibliyi etməsi "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "Şuşa İli"nə töhfəsidir.

AZƏRTAC