Şuşada keçirilən beynəlxalq konfrans işini yekunlaşdırıb
Digər xəbərlər

Şuşada keçirilən beynəlxalq konfrans işini yekunlaşdırıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Şuşa şəhərində təşkil etdiyi "Postmünaqişə dövründə humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf" mövzusunda beynəlxalq konfrans başa çatıb.

AZƏRTAC xəbər verir ki, iki gün davam edən konfrans çərçivəsində bir neçə plenar sessiya keçirilib. Beynəlxalq layihənin qonaqları sırasında ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Əmrəyev, Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digər rəsmilər iştirak ediblər.

Mayın 20-də keçirilən konfransın üçüncü plenar sessiyası "Keçmiş problemlər - gələcək perspektivlər: urbisid kontekstində irsin idarə olunması siyasətinin tətbiqi" mövzusuna həsr edilib.

Sessiyada mədəni irs üzrə ekspert Alessandro Bianki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İdarə heyətinin sədri Məftun Abbasov, "Romualdo Del Bianko" fondunun baş katibi Simone Ciometti, "Cultural Futures LLC" təşkilatının direktoru Terri Sandel, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurası - ICOMOS-un Azərbaycan Milli Komitəsinin prezidenti Sədaqət Davudova, "Viafrancigena" mədəni marşrutu elmi komitəsinin üzvü Kristian Şule çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Şuşa nəinki Azərbaycan üçün, həm də region üçün mühüm əhəmiyyətə malik bir şəhərdir. Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən Qarabağda həyata keçirilən bərpa prosesi dünya üçün yeni bir nümunədir və burada öyrəniləsi çoxlu dərslər var.

Diqqətə çatdırılıb ki, mədəni fəaliyyətlər, eyni zamanda, ölkədə turizmin inkişaf etməsinə böyük töhfə verir. Tarix və irs mədəni bərpanın əsasıdır. Məhz tarixi bilgilər əsasında ərazi haqqında geniş təsəvvür əldə edilir.

Panelin sonunda iştirakçıların sualları cavablandırılıb.

Günün ikinci yarısında sayca dördüncü - sonuncu plenar sessiya keçirilib. Sessiyada "Yerli və regional icmalarda dayanıqlı həyat tərzinin dəstəklənməsi ilə ekosistemlərin qorunması" mövzusunda müzakirələr aparılıb. Plenar sessiyada İslam dünyası təhsil, elm və mədəniyyət təşkilatının (ICESCO) "Dayanıqlı və ağıllı şəhərlər" layihəsinin koordinatoru Fuad El Ayni, BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının mərkəzi Asiya üzrə subregional ofisinin eksperti Kaan Evren Basaran, Biomüxtəliflik, qorunan ərazilər, vəhşi təbiətin mühafizəsi və digər ekoloji problemlər üzrə ekspert Hartmurt Müller, Biomüxtəliflik və ekosistem xidmətləri üzrə hökumətlərarası elm-siyasəti platformasının (BEXHP/ IPBES) nümayəndəsi Rövşən Abbasov çıxış ediblər.

Natiqlər bildiriblər ki, "Ağıllı şəhər" konsepsiyası modern dünyada mühüm əhəmiyyətə malikdir və bu kimi şəhərlərin yaradılması, inkişafı insanların yaşam şəraitinə müsbət təsir göstərəcək. Eyni zamanda, bununla bağlı müxtəlif təlimlər keçirilməlidir.

Diqqətə çatdırılıb ki, dünyada baş verən iqlim dəyişikliyinin aclıq və digər resursların məhdudlaşmasına səbəb olur. Qarabağda ətraf mühitin yaşıllığı, havanın təmizliyi insanda pozitivlik yaradır və bu regionun yaşıllığı ətraf mühitə öz təsirini göstərir. Azərbaycanın gözəl, mükəmməl ərazi sistemi var. "Ağıllı kənd" layihəsinin həm ekosistem üçün, həm də modern texnologiyalardan istifadə üçün gözəl plan olduğu vurğulanıb.

Panelin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və bağlanış mərasimi keçirilib.

Beynəlxalq konfransın bağlanış tədbirində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli iki gün keçirilən tədbirin əhəmiyyətini qeyd edib, müzakirə olunan mövzuların perspektivliyini diqqətə çatdırıb. Qeyd edib ki, postmünaqişə mövzusu birgə düşünməyə vadar edir və müzakirə edilən məsələlər öz müsbət nəticəsini verəcək.

Tədbirin sonunda beynəlxalq konfransın iştirakçıları birgə müraciət yayıblar.

Daha sonra qonaqlar üçün Şuşa şəhərinə ekskursiya təşkil edilib. Qonaqlar şəhərin dağıdılmış obyektləri, mədəni irs nümunələrinə qarşı erməni vandalizminin şahidi olublar.

Beynəlxalq konfrans çərçivəsində, həmçinin mədəni proqram da təqdim olunub. Proqramda Azərbaycan xalq rəqsləri, muğam və xalq musiqisi nümunələri ifa edilib.

AZƏRTAC