ŞUŞA - TARİXİ ZƏFƏRİN ŞAHİDİ ŞƏHƏR
Region

ŞUŞA - TARİXİ ZƏFƏRİN ŞAHİDİ ŞƏHƏR

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naftalan şəhərində "Şuşa - tarixi Zəfərin şahidi şəhər" adlı tədbir keçirilib. Tədbirdə şəhər icra hakimiyyətinin məsul əməkdaşları, Reabilitasiya Mərkəzinin direktoru, mərkəzdə müalicə olunan qazilər və əlilliyi olan şəxslər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər. Öncə vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən şəhər icra hakimiyyətininin məsul əməkdaşı Şahmar Ədilov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında Sərəncamının mühüm siyasi və tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlətimizin başçısının bu qərarının eyni zamanda, xalqımızın tarixinə və mədəni dəyərlərimizə xüsusi diqqətinin, böyük ehtiramının göstəricisi olduğunu qeyd edib. Vurğulayıb ki, 30 illik işğala 44 gün ərzində son qoyan Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin adını tariximizə böyük sərkərdə, tarixi şəxsiyyət kimi qızıl hərflərlə yazdırdı.

Həmçinin, rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrinin, ölkəmizin mədəniyyət paytaxtı elan edilən Şuşada, eləcə də digər işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin hər bir azərbaycanlıda qürur və iftixar hissi yaratdığını bildirib. Şəhər icra hakimiyyətinin məsul əməkdaşı Afət Mustafayeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasətin uğurlu nəticəsinin Azərbaycanı beynəlxalq təşkilatların ən mötəbər üzvünə çevirdiyini vurğulayıb. Ölkə başçısının qəbul etdiyi qərarların, Dövlət proqramlarının, eləcə də "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın xalqımızın hərtərəfli inkişafı, sosial rifah halının yaxşılaşdırılması, sağlam həyat tərzinin təbliğ olunması baxımından böyük tarixi sənədlər olduğunu qeyd edib. Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Abdurrəhmanova və digər çıxış edənlər ölkə rəhbərinin siyasi kursunu dəstəklədiklərini vurğulayaraq, ölkəmizin hər bir guşəsinin gözəllik diyarına çevrildiyindən, şəhid ailələrinə və qazilərə, məcburi köçkünlərə göstərilən yüksək diqqət və qayğıdan danışıb azad olunmuş ərazilərimizdə abadlıq, quruculuq işlərinin Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirildiyindən söhbət açıblar. Eyni zamanda, yeni salınmış və ən müasir infrastrukturla təmin edilmiş Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın müdrik siyasətin bariz nümunəsi olduğunu qeyd edərək ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

" Respublika".