Şuşa şəhəri ilə tanışlıq könüllü təşkilatlarının nümayəndələrində unudulmaz təəssürat yaradıb
Sosial həyat

Şuşa şəhəri ilə tanışlıq könüllü təşkilatlarının nümayəndələrində unudulmaz təəssürat yaradıb

Sentyabrın 13-də Azərbaycanın aparıcı könüllü təşkilatlarının nümayəndələrinin Şuşaya səfəri olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən reallaşdırılan səfərdə 20-dək könüllü təşkilatının 50-dən çox nümayəndəsi iştirak edib.

Məqsəd Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntıların və vandalizmin nəticələrini görmək, işğaldan azad edilmiş torpaqlarda hazırkı vəziyyət, qədim Şuşa şəhərinin tarixi-mədəni irsi, eləcə də burada görülən abadlıq-quruculuq işləri ilə tanış olmaqdır.

Könüllü gənclər səfər çərçivəsində Cıdır düzü, Yuxarı və Aşağı Gövhərağa məscidlərini, Qala divarlarını, Gəncə qapısı, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin büstləri, ermənilər tərəfindən 30 ilə yaxın müddətdə vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələri, inzibati və yaşayış binalarını ziyarət ediblər.

Səfərin iştirakçıları 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirələrini dərin ehtiramla yad ediblər.

Gənclər Prezident İlham Əliyevin yaxın günlərdə çıxışlarının birində söylədiyi “Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər” sözlərini xatırlayıb, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın zəngin tarixi, mədəni irsini dünyaya çatdırmaq, quruculuq-bərpa işlərində gənclərin də yaxından iştirak edərək bu şərəfli missiya uğrunda dövlətimizin başçısının tapşırıqlarının uğurla həyata keçirəcəklərini bildiriblər.

Qeyd edək ki, bundan əvvəl Gənclər Fondunun təşkilatçılığı ilə könüllü təşkilatlarının nümayəndələrinin Ağdama səfəri təşkil olunub.

AZƏRTAC