“Şuşa şəhəri Azərbaycanın və İslam dünyasının mədəniyyət paytaxtıdır”
Digər xəbərlər

“Şuşa şəhəri Azərbaycanın və İslam dünyasının mədəniyyət paytaxtıdır”

Jurnalist Pərvanə İbrahimovanın Misirin “Asiaelyoum”, “Alqraralaraby”, “Embassies”, “Nilenews”, Küveytin “Q8-press”, Əlcəzairin “Əl-Hərir”, “Dzayerinfo”, İraqın “Agnaden”, “Sindibad” və Fələstinin “Al-bayader” xəbər agentlikləri və portallarında “Şuşa şəhəri Azərbaycanın və İslam dünyasının mədəniyyət paytaxtıdır” başlıqlı geniş məqaləsi dərc olunub.

Müəllif bildirir ki, strateji cəhətdən böyük önəmə malik olan Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalı Ermənistanı və Qarabağ bölgəsini birləşdirən Laçın dəhlizini ələ keçirməyi asanlaşdırdı və son nəticədə Azərbaycanın Dağlıq Qarabağ ərazisi erməni qüvvələri tərəfindən işğal edildi. Lakin təcavüzkar Ermənistan bununla kifayətlənmədi və Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarını da işğal etdi.

Ermənistanın ərazi iddiaları ilə başlayan münaqişənin ilkin dövrlərində və sonrakı mərhələlərdə İslam Konfransı Təşkilatı (hazırda İƏT) Ermənistanı təcavüzkar dövlət kimi tanıyan qətnamələr qəbul edib. İƏT ilə yanaşı, digər beynəlxalq təşkilatlar da Ermənistanın təcavüzkar siyasətini pisləyən və işğal altındakı Azərbaycan torpaqlarının azad olunması tələbini özündə əks etdirən qərar və qətnamələr qəbul edib. Lakin ötən dövrdə BMT Təhlükəsizlik Şurasının işğal faktını təsdiqləyən 4 qətnamənin icra edilməsi yönündə heç bir addım atılmayıb, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılsa da, ərazilərimizin işğalına son qoymaq üçün heç bir əməli tədbir görülməyib.

2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yeni ərazilərini işğal etmək üçün başlatdığı əməliyyatlara əks-hücumla cavab verən Azərbaycan Ordusunun 44 gün davam edən İkinci Qarabağ müharibəsini qələbə ilə başa çatdırması ilə bu ərazilərdə mövcud olan tarixi, mədəni, dini abidələr, o cümlədən məscidlər, türbələr, qəbiristanlıqlar da girovluqdan xilas olunub.

Müəllif onu da qeyd edir ki, Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların ərazilərində 67 məscid işğalçılar tərəfindən vandalizmə məruz qalıb, ibadətgahlarda ev heyvanları, o cümlədən İslam dinində haram hesab edilən donuz saxlanılıb. Bununla da təkcə azərbaycanlıların deyil, bütövlükdə müsəlman aləminin heysiyyətinə toxunublar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihənin icrasına başlanılıb.

Jurnalist Prezident İlham Əliyevin Sərəncamına əsasən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinə diqqət çəkərək yazır ki: “Şuşa 2021-ci il 12-13 may tarixlərində “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etməklə, 29 ildən sonra, bu dəfə Azərbaycanın mədəniyyət paytaxtı kimi yenə doğmalarını və qonaqlarını qarşılayıb. Prezident İlham Əliyev çıxış edərək uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” festivalının şəhidlərin əziz xatirəsinə həsr olunduğunu bildirib”.

Şuşada vaxtilə 17 məscidin olduğuna diqqət çəkən, onların hamısının dağıdıldığını, yarıdağıdılmış vəziyyətdə olan Yuxarı Gövhərağa, Aşağı Gövhərağa və Saatlı məscidlərinin isə bərpasına başlanıldığını yazan jurnalist məqaləsini belə bitirir: “İslam dini və mədəniyyətinin ayrılmaz hissəsi olan Şuşa şəhəri təkcə Azərbaycanın deyil, həm də İslam dünyasının mədəniyyət paytaxtına çevriləcək”.

Zümrüd ABDULLAYEVA,

“Respublika”.