Şuşa, sabahın xeyir!
Sosial həyat

Şuşa, sabahın xeyir!

Damarında azərbaycanlı qanı çağlayan hər kəs Şuşanı görmək üçün günün istənilən vaxtı yola çıxmağa hazırdır. Təki getsin və Şuşanı gözləri ilə görsün. Biz də elə bu böyük istək və arzu ilə yola çıxmışdıq....

Bakıdan yola düşəndə gecə saat dörd idi. Mürgülü baxışlarla hərdən yola nəzər salıb istiqaməti müəyyənləşdirməyə çalışırdıq. Sürücü peşəkar olduğundan sürət məsələsində “xəsislik etmirdi”. Gecənin zülmətinə işıq salan tək-tək avtomobillər gözə dəyirdi. Təkcə biz yox, elə bil bizi aparan avtobus da ünvana çatmaq üçün yüksək sürətlə şütüyürdü. Hamı tələsirdi. üz tutduğumuz ünvan bəlli olsa da, qəribə hisslər keçirdik. Səfərə çıxanların hamısı Şuşanı görmək üçün səhəri dirigözlü açdı. Açığını deyim ki, yaşadığım 45 ilə yaxın zaman kəsiyində çox tədbir və səfərlərdə olsam da, heç zaman bu qədər həyəcanlanmamışdım. Axı yolumuz Şuşaya idi...

Uzaqdan şiş qayalar əlçatan görünsə də, bizi aparan yol qurtarmaq bilmirdi. Axı Zəfər yolu həmişə uzun olub. Uzun, lakin olduqca hamar, təzə salınmış Zəfər yolu ilə Şuşaya doğru irəliləyirdik. Yolboyu ən müxtəlif fikir və düşüncələrə cavab axtarırdım:  İlahi, yüksək sürətli avtomobillə yetə bilmədiyimiz bu məsafəni qəhrəman Azərbaycan əsgərləri görəsən necə qət edib, necə keçib? Doğrudan da Vətən, yurd sevgisi böyük qüvvə imiş...  Bu, elə bir eşq ki, onun qüdrətinə sığınıb keçilməzdən keçmək, mümkün olmayanı mümkün etmək olar. Bu, elə bir sevda ki, insan oğlu ondan ötrü uf demədən, göz qırpmadan  şirin candan keçə bilər, necə ki, keçdi də...

Qəribəydi, yolboyu gördüyüm ağaclar da sanki indi-indi özünə gəlirdi. Topun, tüfəngin səsindən rəngi ağarmış, hətta qurumaq üzrə olan başı buludlara dəyən çınarlar, vələslər, palıdlar yenidən göyərib, dirçəlmişdi. Yarpağı saralan, budaqları qurumaq üzrə olan ağaclarda da həyat eşqi canlanırdı.

Şuşaya çatanda səhər yeni açılmışdı... Ən maraqlısı o idi ki, üzün illərdən bəri görüşmədiyim, aylarla, bəzən illərlə qarşılaşmadığım tanışlarla Şuşada görüşürdük. Həmin o anda nə qəribə hisslər keçirirsən? Bütün varlığın şükranlıq içində əriyir...

Üz tutduğumuz ilk məkan Cıdır düzü oldu. Mənə çox maraqlı idi ki, bizim igidlərimiz sıldırım qayalardan Şuşaya necə dırmanıb. Cıdır düzündə sıldırım qayanın üzərinə çıxdım. Bir daha əmin oldum ki, bizim igidlərimiz mümkünsüzü mümkün ediblər. Həmin an şəhidlərimizin ruhuna dualar oxudum, qazilərimizə Allahdan şəfa dilədim...

Şuşa Azərbaycan təbiətinin, tarixinin və sənətinin nadir incisidir. Ana təbiət bu şəhərdən heç nəyi əsirgəməyib. Füsunkar mənzərələr, səfalı ab-hava, şəfalı sular təbiətin dağ şəhərinə ərməğanıdır. Qədim qalalar, bürclər, binalar, küçələr, bulaqlar, daşlar - tarixin yadigarlarıdır. Bu torpağın hər qarışında poeziya, musiqi, sənət   yaşayır. Qarabağ tarixinin, Qarabağda yaranan şeir, musiqi sənətinin zəngin ənənələri bu gün də canlıdır, diridir...

O gün həmvətənləri nə az, nə çox, düz 29 ildən sonra yenidən Molla Pənah Vaqifin görüşünə gəlmişdilər. Yenə onun məqbərəsi ətrafında qələbəlik idi. Qələbə ovqatlı, Zəfər ovqatlı qələbəlik. Burada şeir oxuyan da vardı, muğam ifa edən də, səhnədə rol oynayan da. Vaqifin nakam ruhu da sanki burada dayanıb gələnləri  salamlamaqdaydı. O ruh ki, üç onilliyin həsrətindən perik düşmüşdü buralardan, amma çox uzaqlara getməmişdi, elə burada öz can sirdaşlarının, can qardaşlarının gələcəyi günü səbirsizliklə gözləmişdi. Bax, həmin gün bu gün idi, Molla Pənah Vaqifin məqbərəsinin yenidən açıldığı gün, Vaqif Poeziya Günlərinin yenidən başladığı gün. Bu gün 39 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra yenidən təşkil olunmuşdu. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində xalq şairlərinin, həmçinin orta nəsil və gənc şairlərin çıxışları, muğam sənətkarlarının ifaları dinlənildi, “Nizamidən Vaqifə” adlı poetik kompozisiya təqdim edildi.

Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Şuşadakı Yaradıcılıq Mərkəzində “Yaddaş. Fotoqrafik tarix”, Rəsm Qalereyasında “Qarabağ - Azərbaycan mədəniyyətinin incisidir” və Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərgilər açıldı.

Vaxt tapıb fotomüxbir Rəşad Mehdiyevlə şəhəri gəzmək fürsətini də əldən vermədik. Sahibsiz qalmış həyətlərdə, bağ-bağçalarda yetişən alça, alma, böyürtkən yeyə-yeyə gəzdiyimiz Şuşa bizi özünə elə bağlamışdı ki, ayrılmaq, bu yerlərdən getmək haqqında düşünmürdük.

...Şəhərin girişində “Şuşa, sabahın xeyir!”, - dedim. Dedim ki, qoy hər zaman Şuşamızın sabahları xeyirlərə, xoş səhərlərə açılsın!

Abdulla Suvar,

AZƏRTAC-ın müxbiri.