“Şuşa mədəniyyətinin inciləri
Mədəniyyət

“Şuşa mədəniyyətinin inciləri": Saatlı məscidi

Mədəniyyət Nazirliyi tərəfindən "Şuşa İli" münasibətilə həyata keçirilən "Şuşa mədəniyyətinin inciləri" layihəsi yeni təqdimatlarla davam edir. Nazirliyin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, layihənin "Şuşanın memarlıq salnaməsi" bölməsi üzrə növbəti təqdimatı qala-şəhərimizin Saatlı məscidinə həsr olunub.

Şəhərin Saatlı məhəlləsində yerləşən eyniadlı tarixi məscid ölkə əhəmiyyətli memarlıq abidəsi kimi siyahıya daxil edilib. Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda Cümə məscidi və Bərdə imamzadə türbəsinin memarı olan Kərbəlay Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa edilmişdir.

1992-ci il mayın 8-də Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Saatlı məscidi talan edilmiş, minarəsi dağıdılmışdı. Şəhər müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunandan sonra məsciddə təmizlik işləri aparılmış, müəyyən təmir işləri görülmüşdür.

Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı Saatlı məscidini də ziyarət etmiş, məscidə Məkkədən gətirilmiş "Qurani-Şərif" hədiyyə etmişdir.

Bəybala BƏYBALAYEV,

"Respublika".