“Şuşa İli
Digər xəbərlər

 “Şuşa İli" möhtəşəm layihələrin icrası ilə yadda qalacaq

44 günlük Vətən müharibəsi milyonların arzusunu, istəyini gerçəkləşdirdi, gözəl Qarabağımızı, onun baş tacı olan Şuşanı özümüzə qaytardı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, diplomatik səriştəsi, əsgər və zabitlərimizin şücaəti, məğrurluğu sayəsində tarixi Zəfər qazandıq. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğalçılardan təmizləndi. Azərbaycan əsgəri qeyri-adi hünəri ilə "Şuşa bizimdir!" həqiqətini bütün dünyaya bəyan etdi. Şuşa tarixən Azərbaycanın olub və əbədiyyətə qədər də Azərbaycan şəhəri kimi qalacaq. Şuşa Azərbaycanın qazandığı Qələbənin rəmzi, həm də Azərbaycan xalqının qəhrəmanlıq səhifəsidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu burada şanlı tarix yazıb. Bu mənada, Şuşa bizim milli ruhumuzun təntənəsidir. Odur ki, bugünkü və gələcək nəsillər Şuşanın qəhrəman fatehləri ilə fəxr edəcəklər.

Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin "Şuşasız bizim işimiz yarımçıq qalar" söyləməsi Şuşanın mənəvi dəyərindən əlavə, strateji əhəmiyyətinin olduğunu da deməyə əsas verir. Eyni zamanda Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, qədimliyi və müasirliyi özündə əks etdirən tarixi şəhərimizdir. Ümummilli lider Heydər Əliyevin Şuşa haqqında dediyi "Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur" sözləri böyük əhəmiyyətə malikdir.

Ötən il mayın 12-13-də Şuşada möhtəşəm "Xarıbülbül" musiqi festivalı keçirildi. Festivalın keçirilməsi bir növ, Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirdi. Azərbaycan tarixində və mədəniyyətində, xüsusilə musiqisində xüsusi məqama sahib olan Şuşanın azad edilməsi XX əsr Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuş Hacıbəylilər nəslinin, elmin, mədəniyyətin, maarifin inkişafında silinməz izlər qoyaraq adlarını tarixə yazan Bədəlbəylilər, keçən əsrdə dünyaşöhrətli musiqi xadimləri ilə tanınan Əmirovlar nəslinin, Bülbülün ruhunun şad olması, Azərbaycan mədəniyyətinin inkişafı deməkdir. Dahi Üzeyir bəyin, Natəvanın, Cabbarın, Xanın, Bülbülün yurdu iki ildir ki, azad nəfəs alır. Xalqımızın qürur yeri olan Cıdır düzü isə çal-çağırlı günlərinə qayıdıb. 29 il yarımdan sonra Şuşanın daşında, torpağında, suyunda, meşəsində Azərbaycan ruhu dolaşır.

"Şuşa Azərbaycan şəhəridir. ...İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında, qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik və öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik". Ötən il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciəti zamanı bu fikirləri səsləndirən Prezident İlham Əliyev 2022-ci ili "Şuşa İli" elan etdi. 2022-ci il yanvarın 5-də isə Prezident bununla bağlı Sərəncam imzaladı. 2022-ci ilin "Şuşa İli" elan olunması hər bir azərbaycanlının bu şəhərə olan məhəbbətinin təcəssümü oldu. Yola salmağa hazırlaşdığımız bu il parlaq və təntənəli tədbirlərlə, festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, poeziya gecələri, yubileylər, yüksəlişlə yadda qaldı.

Şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına azadlığına qovuşmuş Şuşa artıq yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ xanının yadigarı, bizə əmanət olan şəhərimiz öz zəngin irsinə, mədəniyyətinə doğru inamla addımlayır. Azərbaycanın ən güclü musiqiçilərini yetişdirən, havası saf, suyu can dərmanı olan, Daşaltı çayının zümzüməsilə oyanan Şuşa indi doğmalarının nəfəsi ilə isinir, əzizlərinə qucaq açıb. Şuşa bizim milli qürurumuz, mədəniyyət beşiyimiz, Azərbaycanımızın dilbər guşəsidir. Prezidentimizin Şuşaya, eləcə də işğaldan azad olunmuş digər ərazilərə mütəmadi səfər etməsi həmin yurd yerlərinin tarixinə qızıl hərflərlə yazılır. İndi nəinki Şuşa, bütün Qarabağ böyük quruculuq, tikinti meydançasını xatırladır.

Gözəllik nəğməkarı Vaqifin qəbirüstü məqbərəsinin əvvəlki üslubu və görünüşü saxlanılmaqla tez bir zamanda bərpa olunması və onun önündə incəsənət ustalarının iştirakı ilə "Vaqif poeziya günləri"nin keçirilməsi Şuşanın əvvəlki şanlı-şöhrətli günlərinə qayıdışın ilkin mərhələsi oldu. Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi nəinki Azərbaycan vətəndaşlarının, eləcə də bütün Türk dövlətlərinin gözlədiyi cəsarətli bir addım idi. Bu, həm də Şuşanın Azərbaycan üçün nə qədər qiymətli olduğunun göstəricisi idi. Həmçinin Prezident İlham Əliyev 6 dekabr 2022-ci il tarixində Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında da Sərəncam imzalamışdır.

Bu gün doğma Şuşamızda üçrəngli bayrağımız dalğalanaraq dosta fəxarət verir, yağı düşmənin gözünü kor edir.

M.MİRZƏ,

"Respublika".