Şuşa gənc rəssamların gözü ilə
Region

Şuşa gənc rəssamların gözü ilə

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkil etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant "Şagirdlərin rəssamlıq bacarıqlarının inkişaf etdirilməsi, təlim və müsabiqələrin təşkili üzrə inklüziv qrupların yaradılması" layihəsi çərçivəsində 3 ay ərzində həyata keçirilən rəsm təlimi  uğurla başa çatdı. 160 nəfər gənc rəssamın, o cümlədən  13 nəfər sağlamlıq imkanları məhdud şagirdin iştirak etdiyi layihənin rəhbəri Şirvan şəhər Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəbin müəllimi Nuray Mehrəliyev idi. Şirvan Şəhər İcra Hakimiyyətinin "Şuşa İli" ilə bağlı Tədbirlər Planına uyğun olaraq, layihənin başa çatması münasibətilə Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəbdə həm də rəsm sərgisi təşkil edildi.

 Sərgidə Şirvan, Salyan, Hacıqabul məktəblərinin istedadlı şagirdlərinin, sağlamlıq imkanları məhdud şəxslərin Şuşanın təbiətini, tarixi abidələrini, gözəlliklərini əks etdirən rəsmləri sərgiləndi.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını salamladıqdan sonra, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən, əsgər və zabitlərimizin şücaət və qəhrəmanlıq nümunələrindən bəhs etdi, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərə şəfa dilədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2022-ci ilin ölkəmizdə "Şuşa İli" elan edilməsinin xüsusi əhəmiyyətindən söz açdı və bununla əlaqədar Şirvan şəhərində də silsilə tədbirlər keçirildiyini diqqətə çatdırdı.

Sonda ulu öndər Heydər Əliyevin Şuşanın tarixi torpağımız olması, bir gün işğaldan azad ediləcəyinə inam ifadə edən çıxışı və Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından Şuşanın işğaldan azad edilməsi ilə əlaqədar xalqa müraciəti səsləndirildi.

Tofiq HÜSEYN,

"Respublika".