Şuşa fatehləri
Region

Şuşa fatehləri

Düşməni diz çökdürən oğullar öz qanı bahasına  xalqımıza Zəfər bayramı yaşatdılar. Sərkərdə, xalq və ordu birliyi çox qısa bir vaxtda Azərbaycanın ərazi bütövlüyünü təmin edib. ŞəhidlərVətənimizi, xalqımızı, onun qürurunu, haqqını, bayrağını ucaltdılar və ən ali məqama yüksəldilər. Qarabağı azad edən oğullarla fəxr edirik,  Qarabağ azaddır, doğma yurd yerləri indi yolumuzu gözləyir.

Vətən müharibəsindəki şanlı qələbəmiz müzəffər ordumuzun,  əsgər və zabitlərimizin şücaəti,  qəhrəmanlığı sayəsində qazanılıb.  Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın azadlığı yolunda qəhrəman zabit və əsgərlərimizin bir qismi şəhid,  bir qismi isə qazi olub.  İgid oğullardan biri də Elzamin Tağıyevdir. Onun valideynləri Xocavənd rayonunun Qaradağlı kəndindəndir.  1992-ci ildə ermənilərin törətdiyi Qaradağlı faciəsi haqqında Elzamin valideynlərindən eşidib.  Uşaq yaşlarından qəlbində erməni faşistlərinə qarşı  nifrət yaranıb.

Elzamin orta məktəbi bitirdikdən sonra Moskva Dövlət Universitetinə qəbul olunub və ali təhsil ocağının məzunu kimi Vətənə qayıdıb. Məcburi köçkün həyatı yaşayan həmyerliləri ilə birgə yaşayıb. Xocavənd qəsəbəsində işlə təmin olunub. Vətən müharibəsində qəhrəmanlıq göstərərək həlak olan Elzaminin avqustun 11-də 29 yaşı tamam olub. Xocavənd torpağının yetirməsi,  torpaqlarımızın işğalçılardan azad edilməsində cəsurluğu, qoçaqlığı, döyüşkənliyi və yurdsevərliyi ilə tanınan Elzamin həm də Şuşa fatehi adını qazanıb. Müharibə başlayanda könüllü olaraq döyüşlərə atılıb. Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə ermənilərin otuz il ərzində qurduqları istehkamların yarılmasında Elzamin də şücaət göstərib. Düşmən çoxsaylı tələfat verərək geri çəkilməyə məcbur olub. Füzulidə qazanılan qələbə sorağını sevinclə ailəsinə xəbər verib.

Qəhrəmanlar haqqında danışanda, onların igidliyini təsvir edəndə sanki, sözlərdə oda- alova bürünür,  çox şərəfli bir zirvəyə ucalanların həyat hekayələri həm də tarixin ən qiymətli səhifəsini təşkil edir.  Elzamin oktyabrın 11-də ağır döyüşlərdə yaralanır və hospitala yerləşdirilir. Bir müddət müalicə alandan, yaraları tam sağalmadan yenidən döyüşçü dostlarının yanına qayıdır. Hadrut qəsəbəsinin və Xocavəndin bir neçə kəndinin düşməndən azad edilməsində igidlik və cəsarət nümayiş etdirib. Qubadlı istiqamətində gedən döyüşlərdə Elzamin düşmənin texnikasını və canlı qüvvəsini məhv edib. Sarsıdıcı zərbələrdən başını itirən düşmən ordusu pərakəndə halda qaçmağa başlayıb.

Elzamin Daşaltı və Şuşa uğrunda gedən döyüşlərdə xüsusi təyinatlılarla çiyin-çiyinə düşmənin başına od ələyib. Hər qarış torpaq uğrunda igidlərimiz qan töküblər, canlarını fəda ediblər. Sıldırım qayalara dırmaşaraq Şuşaya daxil olan dəstədə Elzamin də olub.  Düşmənlə əlbəyaxa döyüş başlayıb.  İgidlərimizin əlləri yorulanda dişləri ilə düşməni parçalayıblar, sinələrini güllələrə sipər ediblər. Noyabrın 9-da Şuşada gedən ağır döyüşdə Elzamin qəhrəmanlıqla həlak olub. Döyüş yoldaşları deyir ki, düşməndən qisas aldığı üçün Elzamin qürur duyurdu. İgid döyüşçü Şuşa fatehi adını qazanıb.

Onsuz keçirilən ad günü məzarı başında qeyd edilib. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, Qarabağ veteranı Eyvaz Hüseynov qəhrəman oğullarınVətən müharibəsində göstərdikləri şücaətdən, Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan misilsiz qələbədən ətraflı söz açıb. Şəhidin atası Eyvaz Tağıyev və anası Məlahət Hüseynova bildiriblər ki,  oğlumuzla qürur duyuruq, onun qəhrəmanlığı ilə fəxr edirik. Elzamin kimi qəhrəmanların sayəsində torpaqlarımız işğalçılardan azad edilib. Sonra qəhrəmanın məzarı başında məktəblilərin ifasında ədəbi- bədii kompozisiya nümayiş olunub.

Qalib Ali Baş Komandan,  Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə  Elzamin Tağıyev ölümündən sonra “Cəsur döyüşçü”,  “Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə”,  “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

                                              Salman ALIOĞLU,

                                               “Respublika”.