Şuşa döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq rəmzidir
Digər xəbərlər

Şuşa döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq rəmzidir

Hər günü hərb tariximizin bir qəhrəmanlıq səhifəsi olan İkinci Qarabağ müharibəsində müzəffər ordumuz düşmənlə döyüş  meydanında üz-üzə, göz-gözə savaşaraq  qələbə  qazandı.  Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, xalqımızın birliyi, həmrəyliyi və Azərbaycan əsgərinin rəşadəti, şücaəti düşmənin müqavimətini qıraraq Ermənistanın 30 illik işğalına son qoydu. Bu möhtəşəm qələbədə isə hələ 90-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu Heydər Əliyev adına Hərbi Lliseyin yetirmələri -Naxçıvan Xüsusi Təyinatlıları əvəzsiz qəhrəmanlıqlar, hünər göstərdilər.

Bu gün dillərdə dastan olan Şuşa əməliyyatı qəhrəman oğullarımızın sayəsində  reallaşdı. Şuşa döyüşləri hərb tariximizin mübarizlik salnaməsinə, Azərbaycan Ordusunun qəhrəmanlıq rəmzinə döndü. 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 9-da həyata keçirilən  Hadrut əməliyyatından sonra ordumuzun hərbi-strateji üstünlüyü daha da artdı. Bu əməliyyatı uğurla, şərəflə  yerinə yetirən Azərbaycan Ordusu qarşısına qoyulan çox çətin bir vəzifənin öhdəsindən layiqincə gəldi. Peşəkar, güclü, vətənpərvər hərbçilərimiz 30 il ərzində işğal etdiyi Azərbaycan ərazilərində güclü istehkamlar quran mənfur düşmənin bir neçə xətdən ibarət “yarılmaz müdafiə səd”lərini darmadağın  edərək ən çətin şəraitdə belə düşmənin silahlı birləşmələrini məhv etdi. Beynəlxalq hüquq normalarını pozmadan döyüş meydanında düşməninə qan udduran Azərbaycan Ordusunun əsgərləri Hadrut qəsəbəsini əldə saxlamaq üçün düşmənin göstərdiyi ciddi cəhdlərə baxmayaraq, müharibə başlayandan qısa müddət ərzində bu strateji əhəmiyyətli qəsəbəni azad etməklə  qələbəmizi reallaşdırdı. Cəbrayıl rayonundan sonra  ikinci böyük yaşayış məntəqəsinin - Hadrutun və ətraf yüksəkliklərin azad edilməsi böyük əhəmiyyət kəsb edirdi. Belə ki, Hadrut əməliyyatında Azərbaycan ordusunun gücünü, döyüş ruhunu, qələbə əzmini görən erməni silahlıları bu döyüşlərdən sonra bir daha özünə gələ bilmədi. Günbəgün geriləyən, psixoloji cəhətdən məhv olan erməni yaraqlıları silah-sursatını ataraq döyüş meydanından qaçdı. Ermənistan ordusunda fərarilik kəskin həddə çatdı. Qəhrəman Azərbaycan Ordusu isə hər an, hər saat irəliləyir, azad etdiyi şəhər və kəndlərdə üçrəngli bayrağımızı dalğalandırır, tarixi ədaləti bərpa edərək zəfər salnaməmizin qəhrəmanlıq dolu səhifələrini yazırdı.

Hadrut əməliyyatı bir-birinin ardınca qələbələrimizi gətirdi - 8 gün sonra  Füzuli, ondan bir neçə gün sonra Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Müharibə qanunlarına əməl edən Azərbaycan Ordusu Şuşaya doğru irəliləyirdi.

44 günlük Vətən müharibəsi başlanan ilk günlərdən artilleriya atəşinə tutulan Şuşa ətrafında döyüşlər oktyabr ayının 29-da başlamış, şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yeridilmişdi. Çanaqçı kəndini işğaldan azad etdikdən sonra strateji  əhəmiyyətli Şuşa–Laçın yolunun bir hissəsinə nəzarəti ələ keçirən Azərbaycan xüsusi təyinatlıları sıx meşələr, keçilməz yarğanlarla irəliləyərək Şuşaya  Qarabağ meşələrindən yol açmışdır. Belə ki, Böyük Tağlar kəndindən meşələrlə Şuşaya, Çanaqçı və Sığınaq kəndlərinə doğru 3 gün ərzində 42 kilometr uzunluğunda buldozer və əllə yol açan mühəndis-istehkamçılar ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirmişlər. Ölkə başçımızın dediyi kimi, “bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə”. Nəticədə Azərbaycan bölmələri artilleriya qurğularını Çanaqçı ətrafına çəkmiş və Azərbaycan dağ piyadalarının uğurlu hücumu qəfil pusquya salınmış erməni əsgərlərinin sonuncu müqavimətini də qırmışdı.

Ötən il Xocavənd rayonunun Hadrut qəsəbəsində hərbi hissənin açılışında iştirak eden Prezident İlham Əliyev  Şuşanın düşməndən azad olunmasından danışaraq demişdir: “Hadrutdan sonra Şuşaya yolumuz açıldı. Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Halbuki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. Biz məhz Hadrut meşələrindən keçərək, yüksək dağları aşaraq Şuşaya yaxınlaşmışdıq və Şuşa uğrunda gedən döyüşlər artıq heç kimə sirr deyil”.

Qarşı tərəfin ağlına belə gəlməyən, sıldırım qayalara dırmaşmaqla noyabr ayının 7-də  şəhərə girmiş və ermənilərlə əlbəyaxa  döyüşlərə başlamış Azərbaycan Xüsusi Təyinatlıları ağır artilleriya ilə qorunan erməni silahlılarını, sözün əsl mənasında məhv etmişlər. Noyabr ayının 8-də Prezident İlham Əliyev Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etdiyini bildirmiş, həmçinin, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin komandiri Hikmət Mirzəyevi bu münasibətlə təbrik etmişdir.

Bəli, yüksək hazırlıqlı ordu döyüşün taleyinin həlledici qüvvəsidir. Lakin bəzən toplarla, mərmilərlə, silah-sursatla əldə olunmayan qələbələr  Vətən, xalq naminə göstərilən mərdliklə, mübarizliklə, qətiyyətlə qazanılır. Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan İkinci Qarabağ müharibəsində sıravi əsgərindən tutmuş, generalına qədər hər kəs Vətən fədaisinə çevrildi. Vətənin bir qarış torpağı uğrunda canından keçən mərd oğullarımız ərazi bütövlüyümüzü təmin etdi. Rəşadətli Azərbaycan Ordusu Vətənimizin dilbər guşəsi - Şuşanın işğaldan azad olunmasında hələ dünya hərb təcrübəsində görünməyən mərdlik, cəsarət, döyüş qabiliyyəti nümayiş etdirdilər. Azərbaycan xüsusi təyinatlıları ordumuzun nəyə qadir olduğunu bütün dünyaya göstərdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, qətiyyəti, əzmi, rəşadətli ordumuzun  hünəri, igidliyi, mərdliyi  hərbi-diplomatik qələbəmizi qazandırdı. Bu möhtəşəm qələbəmizin Şuşa döyüşləri  isə hərb tariximizin mübarizlik salnaməsi kimi dillərdə dastan oldu. 

                                                                                                         Mehparə ƏLİYEVA,

“Respublika”.