Şuşa Bəyannaməsi - qardaşlığın, əməkdaşlığın təntənəsi
Türk dünyası

Şuşa Bəyannaməsi - qardaşlığın, əməkdaşlığın təntənəsi

Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi kökləri var. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə sarsılmaz təmələ sahib olan və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir.

Bu gün Türkiyə əhəmiyyətli siyasi və sosial-iqtisadi inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilib. Qırılmaz tellərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə münasibətləri hazırda ən yüksək səviyyədədir. Dostluq və qardaşlıq üzərində qurulan dövlətlərarası münasibətlərin bu səviyyəyə gəlib çatmasında hər iki ölkə başçısının misilsiz rolu var. Çoxşaxəli ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi yolunda onların qətiyyətli siyasəti, qardaş ölkənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvidə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi xalqımız tarix boyu unutmayacaq.

Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafı bütün sahələrdə özünü büruzə verir. Bu gün işğaldan azad edilən torpaqların bərpası və inkişafı ilə bağlı strategiyanın icrası istiqamətində tədbirlərin həyata keçirilməsində, Qarabağın dünyanın ən gözəl bölgələrindən birinə çevrilməsində iki ölkə arasındakı qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə zərurət yaranır. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsinin bu baxımdan tarixi və strateji əhəmiyyəti böyükdür.

Həmin gün yenə də dünyanın gözü Azərbaycana, onun mədəniyyət paytaxtı Şuşaya dikilmişdi. Uzun illər düşmən tapdağı altında qalan, nəhayət, doğma Vətənə qovuşan Şuşamızda əsl bayram yaşanırdı o gün. Bəli, o gün Türkiyə və Azərbaycan Qarabağın ən böyük şəhəri Şuşada Bəyannamə imzalayaraq müttəfiq olduqlarını bir daha təsdiq etdilər. Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə münasibətlərini ən yüksək səviyyəyə qaldırdığını qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”.

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı bütün strateji əlaqələrin ən yüksək səviyyəyə qaldırılmasına xidmət edir. Azərbaycan-Türkiyə münasibətlərinin bu şəkildə inkişafı dostları nə qədər sevindirirsə, düşmənlərimizi də bir o qədər məyus edir. Şuşa Bəyannaməsi sözün həqiqi mənasında gələcək fəaliyyət proqramıdır və bu sənədin hər bəndi tarixi əhəmiyyət kəsb edir.

Bəyannamədə qeyd edilir: “Tərəflər türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəklər”.

Xalqlarımız arasında mədəni əlaqələrin tarixindən danışan Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Bizim xalqlarımızı ortaq tarix, mədəniyyət, müştərək dəyərlər birləşdirir. Bizim mədəniyyətimiz bir-birinə çox bağlıdır. Bizim köklərimiz də, bayramlarımız da eynidir, dillərimiz də bir-birinə oxşayır. Yəni, humanitar sahə əməkdaşlığımız üçün əsasdır... Mən TÜRKSOY-un fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. TÜRKSOY nəinki türkdilli dövlətlərdə, bütün türk diyarlarında fəal iş aparır və beləliklə, türk dünyasının birləşməsinə xidmət göstərir”.

Onu da qeyd edək ki, qardaş ölkələr arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığa həmişə böyük önəm verilib. Türk dünyasına xas olan tolerantlıq, humanizm, mənəviyyat kimi keyfiyyətlərin geniş təbliğində TÜRKSOY qurumunun, Türk Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun böyük rolu olub və Bəyannamədə də məhz bu qurumların işində birgə fəaliyyətin gücləndirilməsinin vacibliyi göstərilir. TÜRKSOY təşkilatı türk xalqlarının mədəniyyətinin və incəsənətinin təbliğinə 20 ildir ki, öz töhfəsini verir.

Türkdilli Ölkələrin Parlament Assambleyası, Türk Akademiyası və TÜRKSOY ilə sıx əməkdaşlıq ortaq mədəniyyətimizin inkişaf etdirilməsinə, türk dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığımızın dərinləşməsinə real zəmin yaradır.

2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunmuşdu və sevindirici haldır ki, TÜRKSOY tərəfindən də dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu il “Nəsimi ili” elan edilmişdir. Türkdilli Ölkələrin Parlament Assambleyası da uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyət xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da genişlənməsini təmin edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündəki çıxışında bu təsisatlarla əməkdaşlığın vacibliyini vurğulayaraq demişdir: “Türk Şurası kimi təsisatların dünya siyasətində rolunun daha da artdığını görürük. Türk Şurasının digər çoxtərəfli platformalarla əməkdaşlığına və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsinə önəm veririk... Başda mədəniyyət, təhsil olmaqla, elm, tarix, gənclər, idman, arxiv, kitabxanaçılıq kimi sahələrdəki fəaliyyətimizi genişləndirərək davam etdirməliyik. Beləliklə, mərkəzi Bakıda yerləşən Türk PA-nı, Türk Mədəniyyəti və İrsi Fondunu, Astanadakı Türk Akademiyasını və Ankarada fəaliyyət göstərən TÜRKSOY-u hamımız birlikdə dəstəkləməliyik”.

Türk dünyası ölkələrinin əməkdaşlığı çərçivəsində aparılan işlər sırasında üzv ölkələrin diasporları arasında başlanan əməkdaşlıq prosesinin də öz yeri var. Bu çərçivədə Bakıda və Ankarada təşkil edilən diaspor komitələri rəhbərlərinin toplantıları ilə yanaşı, türkdilli diasporların ortaq fəaliyyət strategiyası qəbul edilmiş, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin Bakıda forumu keçirilmişdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayan Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır. Azərbaycan torpaqlarımızın azad edilməsi uğrunda apardığı ədalətli mübarizədə Türk dünyası ölkələrinin dəstəyini hər zaman hiss edib, 44 günlük müharibə dövründə də bu dəstək duyulurdu.

Türkiyə Prezidenti türk dünyası ölkələri arasında əlaqələrə münasibət bildirərkən Azərbaycanın tarixi qələbəsini bütün türk dünyasının zəfəri kimi dəyərləndirərək deyib: “Ötən il türk dünyası üçün həqiqətən də məhsuldar və hətta zəfər ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin  işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. Dağlıq Qarabağdakı müharibə zamanı Türk Şurası bütün üzv dövlətləri adından Azərbaycanı bütün vasitələrlə dəstəkləyib”.

Ümumiyyətlə, Bəyannamə Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrini əhatə edir və buradakı hər maddə, hər bənd gələcək inkişafa yol açır, ona təkan verir. Bəyannamədə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur.

Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, hər iki ölkənin təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi də mühüm addım kimi dəyərləndirilir.

İnanırıq ki, Şuşa Bəyannaməsi ölkələrimizin siyasi, iqtisadi, mədəni və diplomatik əlaqələrinin yeni müstəvidə inkişafının və hər iki ölkənin gələcək birgə fəaliyyətinin mühüm amili olacaqdır.

Zümrüd QURBANQIZI,

“Respublika”.