Şuşa Bəyannaməsi: müttəfiqliyimizin ifadəsi
Digər xəbərlər

Şuşa Bəyannaməsi: müttəfiqliyimizin ifadəsi

Bu tarixi sənəd 2022-ci il fevralın 3-də Türkiyə Böyük Millət  Məclisində təsdiq edilib

Azərbaycan və Türkiyə arasında Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi hər iki ölkənin dostluq, qardaşlıq prinsipinə sadiqliyini göstərir. 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı bu bəyannamə iki ölkəni strateji tərəfdaş olmaqla yanaşı, həm də müttəfiq edib.

 2022-ci il fevralın 1-də Azərbaycan Respublikasının Milli Məclisində Şuşa Bəyannaməsi təsdiq olunub. Parlamentin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi  müzakirəyə çıxarılıb və təsdiqlənib. Milli Məclisin deputatları Şuşa Bəyannaməsinin qəbulunu tarixi hadisə kimi qiymətləndiriblər.

Bu tarixi sənəd Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasında fevralın 3-də  müzakirəyə çıxarılıb, bəyannamə yüksək qiymətləndirilib və qəbul olunub. Şuşa Bəyannaməsi iki ölkə arasında bağlanmış müqavilə və sənədlərə sadiqliyi nümayiş etdirir. Sənəd, həmçinin 13 oktyabr 1921-ci ildə imzalanmış Qars müqaviləsini, 1994-cü il fevralın 9-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, eləcə də 16 avqust 2010-cu il tarixli "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni özündə rəhbər tutur. Şuşa Bəyannaməsi, Azərbaycan və Türkiyə arasındakı əməkdaşlığı tarixin ən yüksək mərhələsinə qaldıraraq regionda sülhün təmin olunmasına yardım edəcək. Azərbaycan və Türkiyənin hər hansı birinin suverenliyinə təhdid, təhlükə olarsa, BMT-nin Nizamnaməsinə uyğun olaraq hər iki dövlət bir-birinə hərbi yardım göstərəcək. Bəyannamə, həmçinin, birgə əməkdaşlıq, siyasi əlaqələr, təhsil, idman, gənclər siyasəti başda olmaqla, bütün sahələri əhatə edir. İkinci Qarabağ müharibəsindən sonra yaranan geosiyasi vəziyyət Zəngəzur dəhlizinin açılmasına, yeni nəqliyyat xəritəsinin yaranmasına əsas verib. Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin önəmi xüsusi yer alıb.

Prezident İlham Əliyev Bəyannamənin imzalanma mərasimində çıxış edərək bildirmişdir: “Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə -Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir... Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsi göstəririk”...

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışında bu sözləri deyib: “Bu gün, əziz qardaşımın da dediyi kimi, xüsusilə, “bir millət, iki dövlət” təməli üzərində yüksəltdiyimiz əlaqələrimizi daha da inkişaf etdirəcək yeni bir tarixi addımı atdıq. Bu addım çox önəmlidir. Bunu bundan sonrakı prosesdə daha da gücləndirəcəyik və gücləndirərək yolumuza davam edəcəyik”...

Musa BAĞIRLI,

“Respublika”.