Şuşa Bəyannaməsi ilə bağlı siyasi partiyaların birgə bəyanatla çıxış etməsi ölkəmizdə milli həmrəyliyin təcəssümüdür
SİYASƏT

Şuşa Bəyannaməsi ilə bağlı siyasi partiyaların birgə bəyanatla çıxış etməsi ölkəmizdə milli həmrəyliyin təcəssümüdür

Azərbaycan-Türkiyə əməkdaşlığı istər regional, istərsə də beynəlxalq səviyyədə sülhün və təhlükəsizliyin rəmzi kimi qəbul edilməlidir. İki qardaş ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Bu qardaşlıq münasibətlərinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində daha da dinamik şəkildə davam etdirilərək strateji müttəfiqliyə çevrildi. 15 iyun 2021-ci il tarixdə Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrini ən yüksək zirvəyə qaldırmış oldu. Bu mühüm sənəd regionda formalaşmış yeni geosiyasi vəziyyətin dəyərləndirilməsində, Azərbaycan və Türkiyə kimi bir-birinə olduqca yaxın ölkələr arasında strateji tərəfdaşlıq əlaqələrinin keyfiyyətcə daha üstün mərhələyə - strateji müttəfiqliyə qədəm qoymasında mühüm əhəmiyyətə malikdir. Bununla, həmçinin, dövlət başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında bizi gözləyən gələcək zəfərlərimizin möhkəm təməli qoyuldu. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər bölgədə yeni geosiyasi vəziyyətin yaranmasını şərtləndirdi. Bu yeni reallıq özünü bütün sahələrdə büruzə verir. Şuşa Bəyannaməsi də tarixi Zəfərimizin, bu yeni reallıqların məntiqi nəticəsi oldu.

 

İyunun 15-i xalqımızın tarixində ən mühüm səhifələrdən biridir. Məhz 28 il öncə həmin gündə Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin tarixi missiyasının başlanğıcı oldu. Bu qayıdış ölkəmizi və xalqımızı parçalanmadan, dünyanın siyasi səhnəsindən birdəfəlik silinməkdən, xaos və anarxiyadan xilas etdi. 2021-ci il iyunun 15-i isə bu tarixi günün əhəmiyyətini daha da artırdı. 30 ilə yaxın bir müddətdə ermənilərin işğalı altında qalan, ancaq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində düşmən tapdağından azad edilmiş Şuşada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsi imzalandı.

Şuşa Bəyannaməsi təkcə Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi demək deyil, bu, həm də dünya ölkələrinə inkişafa, sülhə, sabitliyə, tərəqqiyə xidmət edən əsl dostluğun örnəyinin nümayiş etdirilməsidir. Dünyada az sayda ölkələr tapılar ki, Azərbaycan qədər ədalətli mövqe sərgiləsin. Eyni zamanda, dünyada az sayda ölkələr tapılar ki, Türkiyə kimi ədaləti qoruyan tərəfin yanında olsun. İyunun 15-i bütün dünya ictimaiyyətinin diqqəti Şuşaya yönəlmişdi. Şuşa artıq təkcə böyük Zəfərin rəmzi, mədəniyyət mərkəzi deyil, Şuşa dünya çapında Türkiyə kimi qlobal güclərin bir araya gəldiyi məkandır. Bu tarixi əhəmiyyətli gün Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olması barədə həm Ermənistanın özünə, həm bu bədnam dövlətin yalanlarına uyan tərəflərə ciddi bir mesajdır. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində ortaq milli maraqlar baxımından siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik, o cümlədən media sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi məsələləri yer alır. Cənab İlham Əliyev bu tarixi sənəd haqqında demişdir: “Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Müttəfiqlik haqqında Bəyannamə özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”.

Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyətindən söz açarkən, onun, Azərbaycanın daxili siyasi həyatına da son dərəcə mühüm pozitiv təsiri haqqında danışmaq lazımdır. Belə ki, respublikamızda fəaliyyət göstərən siyasi partiyaların 48-nin Şuşa Bəyannaməsi ilə əlaqədar birgə bəyanatla çıxış edib bəyannaməni yüksək qiymətləndirməsi ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələrin həmrəyliyinin təcəssümüdür. Bu birliyin son dövrdə yaranmasının yeganə memarı isə Azərbaycanın müdrik lideri, Müzəffər Ali Baş Komandanı İlham Əliyevdir.

2018-ci ildən dövlət idarəçiliyi sistemində başlanan dərin islahatların əsas məqsədi ölkəmizdə mövcud idarəetmə metodlarını daha mütərəqqi səviyyəyə yüksəltmək idi. Bu istiqamətdə Prezident Administrasiyasında Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə Əlaqələr Şöbəsi yaradılmışdır. Nəticədə siyasi partiyaların fəaliyyətinin gücləndirilməsi, müxtəlif siyasi partiyalarla hakimiyyət arasında, eləcə də siyasi qüvvələrin öz aralarında sağlam dialoqun baş tutması üçün əlverişli şərait yaradılıb. Partiyaların böyük əksəriyyəti qərargahla təmin olunub. Bu da idarəçilik sistemində aparılan islahatların, yeni, mütərəqqi yanaşmanın məntiqi nəticəsidir.

Azərbaycan iqtidarı hər zaman ölkədə siyasi plüralizmin və açıq siyasi dialoqun tərəfdarı olub. Çünki istənilən sahədə rəqabət inkişafın hərəkətverici qüvvəsi qismində çıxış edir. Yalnız xalqın etimadını qazanmış siyasi qüvvə heç bir rəqabətdən çəkinmədən digər siyasi opponentlərə də öz sözünü demək, öz təkliflərini vermək imkanı yarada bilər. Dövlətimiz də məhz belə sağlam siyasi mühitin möhkəmləndirilməsində maraqlıdır.

Şuşa Bəyannaməsi ilə əlaqədar siyasi partiyaların qəbul etdikləri bəyanatda deyilir ki, Şuşa Bəyannaməsi böyük tarixi və strateji əhəmiyyətə malikdir: “Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədikləri “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi bu Bəyannamə iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldırır. Azərbaycan-Türkiyə münasibətlərinin bu şəkildə inkişafı dostlarımızı sevindirir, ölkəmizin güclənməsini, rifahını və təhlükəsizliyini istəməyənləri isə məyus edir. Biz - Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirən Şuşa Bəyannaməsinin mühüm tarixi və strateji əhəmiyyət kəsb etdiyini bildiririk”.

Yeri gəlmişkən, siyasi partiyaların Şuşa Bəyannaməsi ilə əlaqədar qəbul etdikləri bəyanatdan öncə 2020-ci il sentyabrın 27-də də 50 siyasi partiya Ermənistanın sərhədboyu ərazilərdə törətdikləri təxribatlarla da bağlı bir bəyanatla çıxış etmişdir. Belə çətin və ağır bir məqamda, Vətənimizin, xalqımızın taleyüklü problemlərinin həllində kimliyindən və siyasi əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşları Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdi, düşmənə layiq olduğu yerin göstərilməsində öz köməyini əsirgəmədi. Hamı yaxşı bilirdi ki, heç bir daxili və xarici siyasi güc, Azərbaycan dövlətinin qətiyyətliliyini, gücünü, iqtidar-xalq birliyini sarsıda bilməz. Azərbaycan dövləti xalqı ilə birlikdədir, xalqını dinləyir, gələcəyini onunla birlikdə planlaşdırır və həyata keçirir. Bu həmrəylik, bu birlik ondan xəbər verirdi ki, xalq, bütün siyasi qüvvələr Ali Baş Komandanın və rəşadətli ordusunun yanındadır. Və tez bir zamanda bu ordu torpaqlarımızı işğaldan azad etdi, üçrəngli Zəfər bayrağımız bütün azad edilmiş ərazilərlə yanaşı Şuşa torpağında da dalğalandı.

Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyəti barədə danışarkən qeyd etmək yerinə düşərdi ki, bu tarixi sənəd beynəlxalq aləmdə də böyük əks-səda doğurdu. Məsələn, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirmişdir ki, Şuşa Bəyannaməsinin imzalanması sabitləşdirici addımdır. Bəlkə də Bəyannamədə ən vacib maddə üçüncü dövlət və ya dövlətlər tərəfindən ölkələrdən birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyünə qarşı təhdid, işğal təqdirində birgə məsləhətləşmələrin keçirilməsi, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq silahlı qüvvələrin güc və komanda strukturlarının razılaşdırılmış fəaliyyətinin təmin edilməsidir.

ABŞ-da fəaliyyət göstərən “South Five Strategies” yəhudi təşkilatının prezidenti Ceyson Epşteyn də bu sənədin imzalanmasını olduqca müsbət bir addım kimi dəyərləndirib: “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsinin imzalanması ölkə liderlərinin Cənubi Qafqazda sabitlik və çiçəklənməyə kömək göstərməkdə qətiyyətliliyi ilə bağlı digər maraqlı tərəflərə ismarışdır. Bu sənədin imzalanması Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da möhkəmləndirir”.

Göründüyü kimi, Türkiyə ilə tarixi Şuşa Bəyannaməsinin imzalanması istər beynəlxalq və ölkələrarası müstəvidə, istərsə də daxili siyasi proseslər, Azərbaycanın milli maraqlarının təmin edilməsi baxımından çox önəmlidir.

Azərbaycanın tutduğu haqlı və ədalətli mövqe şəxsi ambisiyalardan əl çəkməyi və milli maraqlar naminə hər zaman vahid qüvvə kimi çıxış etməyi tələb edir. Bu gün Azərbaycan cəmiyyəti həmişə olduğundan daha böyük milli həmrəyliyin şahididir.

Emin QASIMOV,

“Respublika”.