SUQOVUŞAN  BÖLGƏYƏ HƏYAT  BƏXŞ EDİR
Region

SUQOVUŞAN  BÖLGƏYƏ HƏYAT  BƏXŞ EDİR

30 ilə yaxın bir müddətdə hiyləgər ermənilər öz havadarlarının dəstəyi ilə əzəli və əbədi Azərbaycan torpaqlarının otuz faizini işğal altında saxladılar. Bu zaman vəhşiləşmiş ermənilər bu torpaqlarda ağlasığmaz ekoloji terrorlar  törətdilər, hər tərəfi viran qoydular. Azərbaycana külli miqdarda maddi və mənəvi ziyan vurdular. Strateji obyektlərdən  istədikləri kim istifadə etdilər. Nəhayət,  2020-ci il 27 sentyabr tarixində Ali Baş Komandan İlham Əliyevin əmri ilə qüdrətli ordumuz əks-hücum əməliyyatına start verdi. İgid Azərbaycan əsgərləri dəmir yumruq əməliyyatı keçirərək bəşər tarixində analoqu olmayan döyüş nümunələri göstərməklə cəmi 44 gün ərzində müqəddəs torpaqlarımızı hər cür iyrənc əməllərə əl atan düşməndən azad etdilər. Müharibənin ilk anlarından ecazkar gözəlliyə malik olan, bölgə üçün xüsusi əhəmiyyət kəsb edən Suqovuşana üçrəngli Azərbaycan bayrağını sancdılar.

Suqovuşan su anbarı Tərtər çayı üzərində qurulmuş, 1975-ci ildə istismara verilmişdir. Anbarın tutumu 6 milyon kubmetrə yaxındır.

Bu anbarın suyundan Bərdə, Tərtər, Yevlax və Goranboy rayonları suvarma məqsədilə istifadə edirlər. Anbar işğal altında olan zaman ermənilər suvarma suyuna ehtiyac olmadığı vaxtlarda suyu buraxırdılar. Bu da istər-istəməz bölgədə yaşayan insanları çətin durumda qoyurdu. Böyük fəxarət hissilə qeyd etmək lazımdır ki, bu gün anbarın suyundan sistemli şəkildə, səmərəli istifadə olunur. Sözsüz ki, ötən illərdən fərqli olaraq indi suvarma suyu ilə bağlı vəziyyət köklü şəkildə dəyişmişdir. Qiymətli bitki olan pambıq, heyvandarlığın inkişaf etdirilməsində qidalı yem sayılan yonca sahələrinin və digər bitkilərin suvarılması xeyli asanlaşmışdır. Tərtər rayon sakini Saleh Qəhrəmanov böyük sevinc hissilə bildirdi ki, ötən ilin müvafiq dövründən fərqli olaraq cari ildə şəxsi təsərrüfatında becərdiyi yonca sahəsini 4 dəfə suvarmışdır. Bu da bol məhsulun əldə olunmasına zəmin yaratmışdır. Əkin sahəsinin normal suvarılması Suqovuşandan gələn su hesabına həyata keçirilmişdir.

Tərtər rayonunda fəaliyyət göstərən Birinci dərəcəli əmək ordenli nümunəvi və qabaqcıl fermer Fazil Vəliyev işğal altında olan torpaqların, o cümlədən Suqovuşanın azad olunmasını tarixi hadisə kimi qiymətləndirdi. Elə buna görə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımıza möhtəşəm qələbə sevincini yaşadan Müzəffər Azərbaycan Ordusuna dərin minnətdarlığını bildirdi. O, qeyd etdi ki, ötən illərdə mövsümün bu zamanında qiymətli bitki olan pambığı suvarmaq üçün çox böyük çətinliklərlə üzləşirdik. Çünki soysuz ermənilər birmənalı olaraq Suqovuşandan gələn suyun qabağını kəsirdilər. Pambığın suvarılma vaxtı ötəndən sonra anbardan su buraxırdılar. Bu da həddindən artıq çətinliklər yaradırdı. Lakin bu il yüksək aqrotexniki qulluq göstərməklə yanaşı, həm də suvarılma vaxtlı-vaxtında aparılır.

Ötən il 96 hektar sahədə pambıq becərərək hər hektardan 55 sentner məhsul əldə etmişik. Cari ildə yenə də 96 hektar pambıq əkilib-becərilib. Tam əminliklə demək olar ki, bu il məhsuldarlıq ötən ildəkindən artıq proqnozlaşdırılır.

Tərtər Suvarma Sistemləri İdarəsinin rəis müavini, uzun illər meliorasiya sahəsində çalışmış, təcrübəli meliorator Zahid İbrahimov qeyd olunan su anbarının əhəmiyyətini xüsusi vurğulayaraq bildirdi ki, son illərdə su ehtiyatları hər yerdə azalır. Belə bir vaxtda Suqovuşan Su Anbarının işğaldan azad olunması melioratorların işini əhəmiyyətli dərəcədə asanlaşdırır. Suvarma suyuna olan tələbatın çox hissəsi qeyd olunan anbardan vaxtlı-vaxtında gələn su hesabına ödənilir.

Bu strateji əhəmiyyətli obyektin işğaldan azad olunması melioratorların hədsiz sevincinə səbəb olmuşdur. Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Emil Hacıyev görülən işlərdən danışaraq bildirdi ki, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığı ilə Tərtərdən Suqovuşana uzunluğu 19,5 kilometr olan, müasir standartlara tam cavab verən asfalt yol çəkilmişdir. Yaxın zamanlarda Suqovuşanda hidrotexniki qurğuların təmir-bərpa işlərinə başlanılacaqdır. Artıq layihə-smeta sənədləri hazırlanmış və tender elan olunmuşdur. İdarə eyni zamanda bir sıra təmir işlərini də həyata keçirmişdir. Su itkisini minimuma endirmək üçün 3,2 kilometr uzunluğunda beton kanallarda cari təmir işləri aparılmışdır.

8 ədəd hidrotexniki qurğu, 12 ədəd hidropost cari təmir olunmuşdur. Suvarma kanallarında 295 min kubmetr lildən təmizləmə işləri həyata keçirilmiş, Tərtər çayı hövzəsində 54 min, kollektor və drenlərdə isə 39 min kubmetr lildən təmizləmə işləri aparılmışdır.

Bu təsərrüfat ilində anbardan Tərtər rayonuna 72.350, Bərdə rayonuna 8.412, Yevlaxa 4.960, Goranboy rayonuna 13.015 milyon kubmetr suvarma suyu verilmişdir.

Emil Hacıyev bildirdi ki, Suqovuşanın işğaldan azad olunması bölgədə kənd təsərrüfatı məhsulları istehsalının bir neçə dəfə artmasına stimul vermiş, bölgəyə yeni həyat bəxş etmişdir. Güman etmək olar ki, yaxın gələcəkdə Suqovuşan eyni zamanda həm də əsl turizm məkanlarından birinə çevriləcəkdir.

Vəli VƏLİYEV,

“Respublika”.