Sülh sazişinin imzalanması mütləqdir
Siyasət

Sülh sazişinin imzalanması mütləqdir

Ermənistanın yeganə yolu bu reallığa müsbət cavab verməkdir

İkinci Qarabağ müharibəsinin başa çatmasına baxmayaraq, Ermənistan öz çirkin əməllərinə davam edir. Xatırladaq ki, ötən günlərdə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan Ermənistandan hərbi ləvazimatlar, silah-sursat və şəxsi heyətin Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Buna əsasən, Azərbaycan ordusunun bölmələri tərəfindən yoxlanılmaq məqsədilə saxlanılan erməni dəstəsi atəş açıb və qarşılıqlı atışma başlayıb. Nəticədə Əlibəyli Şəhriyar və Hüseynov Eşqin şəhid olublar. Həmçinin Ermənistan tərəfindən də itkilər var.

Ermənistanın bu əməllərinə son verməməsi, sülh danışıqlarından boyun qaçırması və zaman-zaman təxribatlara əl atması hakimiyyətin öz xalqının rifahını düşünməməsindən irəli gəlir. Gözüyaşlı qalan analar, atasını bir də görə bilməyəcək körpələr Paşinyan hakimiyyəti üçün əhəmiyyət kəsb etmir, çünki məqsədi sadəcə, öz çirkin əməllərini həyata keçirib regionda nüfuza sahib olmaqdır. Görünür ki, Paşinyanın bu xülyaları elə arzu olaraq da qalacaq.

Ötən ilin dekabrında keçirilməsi nəzərdə tutulan danışıqlar prosesində Ermənistan iştirak etməkdən imtina edib. Lakin buna baxmayaraq, Azərbaycan tərəfi özünün sülhsevərlik missiyasına sadiq qalaraq sülh sazişi mətni üzrə şərhlərin mübadiləsini həyata keçirib. Bu da bir daha onu göstərir ki, Azərbaycan müharibə istəmir və sülhə razıdır. Bunu Prezident İlham Əliyev də xarici mediaya müsahibələrində və digər ölkə nümayəndələri ilə görüşlərində bildirir: "Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzalanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər". Sözügedən sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva edir. Təklif edilən beş prinsip bunlardır: Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Bu maddələrə əsasən, Azərbaycan və Ermənistan intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Lakin erməni tərəfi danışıq yox, silah yolunu seçir. Bu isə beynəlxalq aləmə bir daha bəlli edir ki, Ermənistan danışıqlara getməyən, öz xalqının rifahını düşünməyən, riyakar bir dövlətdir. Maddələrdən də bəlli olduğu kimi, Azərbaycanın heç bir əlavə ərazi iddiası yoxdur və hər iki dövlətin sülh sazişi altında firavan yaşamasının tərəfdarıdır. Lakin Ermənistana istər hakimiyyətdaxili revanşist qüvvələr, istərsə də xarici müdaxilələr bu addımı atmağa imkan vermir. Görünür, Fransanın Ermənistan üzərində basqısı və hegemonluq siyasəti Ermənistanın taleyini şübhə altına qoyacaq. Əlbəttə, Fransanın niyyəti "bacısına" dəstək durmaq deyil, regionda öz hakimiyyətini təsdiqləməkdir. Lakin iki il əvvəl dünyaya və gizli düşmənlərimizə Azərbaycanın nə qədər güclü siyasəti və ordusunun olduğunu, buna əsasən, onların bu çirkin əməllərindən daşınmalı olduqlarını açıq şəkildə göstərdik.

Azərbaycan tərəfi sülhə daim müsbət yanaşmışdır. Belə yanaşmanın bir nümunəsi də Prezident İlham Əliyevin Qarabağ bölgəsində yaşayan ermənilərə olan münasibətidir. Dövlət başçısı Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib. Həmçinin bildirib ki, burada yaşayan bütün azlıqlar Azərbaycan vətəndaşları ilə eyni hüquqa malikdir. Erməni əhalisi də Azərbaycan hüquq normalarına riayət etməli, hakimiyyətlə yanaşı, yerli əhaliyə qarşı heç bir əks hərəkət etməməlidir. Atdığımız bu addımlara baxmayaraq, ölkəsində hakimiyyətə qarşı qalxan üsyanlara məhəl qoymayan Paşinyan sülhdən boyun qaçırır. Lakin Ermənistan unutmamalıdır ki, yeganə çıxış yolu Azərbaycanın sülh çağırışlarına müsbət cavab verməkdir. Əks təqdirdə Paşinyan hakimiyyətinin mövcudluğu sual altında qalacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".