Sülh, sabitlik və əməkdaşlıq təşəbbüsləri Azərbaycanın ədalətli mövqeyini daha da möhkəmləndirir
Digər xəbərlər

Sülh, sabitlik və əməkdaşlıq təşəbbüsləri Azərbaycanın ədalətli mövqeyini daha da möhkəmləndirir

Zəngin mədəniyyətə, qədim tarixə malik Azərbaycan bu gün dünyada tolerantlıq ənənələrini yaşadan dövlət kimi tanınır. Multikulturalizmin, İslam həmrəyliyinin inkişafı Azərbaycanın sülhsevər, birgəyaşayışa önəm verən ölkə olduğundan xəbər verir. Ölkəmiz mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsir məkanına uğurla inteqrasiya  olunur, özünün zəngin təcrübəsini bütün dünyaya nümayiş etdirir. Bu gün Azərbaycanın multikulturalizm modeli, fərqli dinlərin və millətlərin nümayəndələrinə yüksək ali dəyərlərə söykənən münasibəti  dünyada sabitliyi təhdid edən ünsürlərin artdığı bir vaxtda çox əhəmiyyətli olması ilə bərabər, dünya ölkələrinə mütərəqqi örnəkdir. Ölkə başçısının bu istiqamətdə həyata keçirdiyi dövlət siyasəti ölkəmizə mədəniyyətlərarası dialoq ölkəsi statusu qazandırmışdır.

Türkiyənin nüfuzlu "CNN Türk" televiziya kanalına müsahibəsində ölkə başçımız İlham Əliyev bu barədə demişdir: "Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayır. Bu gün Bakıda erməni də var... Burada bir erməni kilsəsi var, heç toxunulmayıb, heç ziyan görməyib, əksinə, biz onu təmir etdik. O, şəhərin mərkəzində yerləşir və əgər oraya kimsə getsə görər ki, orada 5 minə yaxın erməni kitabı var. Amma bizim məscidlərimizə nə etdilər? Müqayisə üçün deyim ki, 60-dan çox məscidimizi yerlə bir etdilər".

Azərbaycan xalqı əsrlər boyu humanist dəyərlərdən çıxış edərək ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin dilini, dinini, mədəniyyətini tanımış, hörmət bəsləmiş, bu mədəni müxtəlifliyi hər zaman qoruyub saxlamış, onu zənginlik kimi dəyərləndirmişdir. Və bu gün nəticə olaraq bu müxtəliflik harmoniya şəklində inkişafa yönələn vəhdəti ifadə edir. Dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu dəyər, ölkəmizin dinlərarası və millətlərarası dialoq üçün nümunəvi platformaya çevrilməsi və multikulturalizmin strategiyasına qoşulması beynəlxalq aləmdə yüksək səviyyədə təqdir olunur, əldə etdiyi təcrübə dünya tərəfindən yüksək qiymətləndirilir.  Bu kontekstdə  Azərbaycan  dünyada sülhə, əmin-amanlığa, təhlükəsizliyə töhfə verən ölkə kimi qəbul olunur. Düşməninə sülh təklifi etmək də bir xalqın mənsub olduğu sülhsevərliyin, humanistliyin ən ali səviyyəsidir.

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan  dünya  ölkələri ilə  ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrini gündən-günə daha da möhkəmləndirərək etibarlı tərəfdaşa çevrilib. Beynəlxalq münasibətlər sistemində çoxşaxəli  əməkdaşlıq əlaqələrinin qurulması, transmilli layihələrin reallaşdırılması nəticəsində Azərbaycan dövləti  ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurlara imza atır. Ölkəmiz  müstəqil xarici siyasətində Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Konfransı Təşkilatı və s. bir sıra  beynəlxalq  təşkilatlarla təmaslarını və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirir. Lakin  bəzi beynəlxalq təşkilatlar var ki, onlar müstəqil, modern, gündən-günə inkişaf edən, dünyada sülhə, birgəyaşayışa, dostluğa töhfələr verən Azərbaycanı olduğu kimi deyil, görmək istədikləri kimi  görürlər. İkinci Qarabağ müharibəsində  ərazi bütövlüyünü təmin edən, torpaqlarını işğaldan azad edən Azərbaycanın qələbəsini qəbul edə bilməyən erməni havadarları bu gün də ikili münasibət nümayiş etdirirlər.

Məsələn, münaqişənin sülh yolu ilə həll edəcəyinə ümid etdiyimiz ATƏT-in Minsk qrupu heç bir vaxt Ermənistanı təcavüzkar adlandırmamış, bununla da Azərbaycana qarşı ikili standartlar nümayiş etdirmişdir. 1992-ci il martın 24-də yaradılmış ATƏT-in  Minsk qrupunun missiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə  həll etmək olsa da, reallıqda bu qrup 30 ilə yaxın fəaliyyətinin heç bir müsbət nəticəsi olmamışdır. Ermənistan-Azərbaycan münaqişəsinin həllində bütün səlahiyyətlərə sahib olan  Minsk Qrupunun   vasitəçiliyilə aparılan  sülh danışıqları da  nəticəsiz qalmışdır. İki ölkə  arasındakı münaqişənin ədalətli həllinə nail ola bilməyən, yaxud olmaq istəməyən Minsk qrupunun məsələyə biganəliyi nəinki münaqişənin sülh yolu ilə həllinə, hətta münaqişənin uzanmasına, həll edilməmiş qalmasına  səbəb olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində də ATƏT-in Minsk qrupunun fəaliyyətini uğursuz adlandırmışdır: "Biz həqiqəti deməliyik. Məsələnin gün işığı kimi aydın olduğu halda, biz siyasi korrektlik naminə bunun əksini söyləyə bilmərik. Əgər Minsk qrupunun həmsədrləri - dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi".

BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan 5 daimi üzvdən ikisi - Fransa və ABŞ növbəti dəfə ölkəmizə qarşı ikili münasibət nümayiş etdirmişlər. Belə ki, avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans öz işinə başlamışdır. Konfransda Bakıdakı diplomatik korpusun, eləcə də Azərbaycanda akkreditə olunmuş Türkiyə, Rusiya və İrandakı diplomatik korpusun nümayəndələri, həmçinin bir sıra ölkələrin İstanbuldakı baş konsulları, beynəlxalq təşkilatların təmsilçiləri və Türkiyə hökumətinin rəsmiləri iştirak etmişlər. ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin  isə Şuşada təşkil edilən konfransda iştirak etməmələri ölkəmizə qarşı ikili münasibətin  göstəricisidir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada jurnalistlərə açıqlamasında Fransa və ABŞ-ın ölkəmizdəki səfirlərinin Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərməsi  barədə deyib: "Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər".

Bəli, bu gün ikili standartlar, ölkəmizə qarşı əsassız iddialar  hələ də davam edir. Bir müddət əvvəl  Avropa Parlamenti  də "öz  missiyasına sadiq qalıb  erməni lobbisinin könlünü xoş edərək"  "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında" qərəzli qətnamə qəbul etmişdi. Həmçinin, Dağlıq Qarabağda keçirilmiş sonuncu qondarma "prezident və parlament seçkiləri"ni  bir sıra aparıcı  beynəlxalq təşkilatlar və dövlətlər  qanunazidd hərəkət kimi qiymətləndirib tanımadığı halda, təəssüf ki, Avropa Şurası Parlament Assambleyası buna münasibət bildirməmişdi. Azərbaycan Prezidenti bu məsələyə konkret fikir bildirərək demişdir: "...Avropa Şurası Parlament Assambleyası susubdur. Baxın, bütün təşkilatlar, o cümlədən Avropa təşkilatları bəyan edirlər ki, biz bu seçkiləri tanımırıq. Bunun birmənalı mənası odur ki, Dağlıq Qarabağ Azərbaycandır. Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir? Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb...".

Bəli,  regionda  yeni reallıqlar yaradan, eyni zamanda sülhə, tolerantlığa, mədəniyyətlərarası anlaşmaya böyük töhfələr verən, müstəqil, uzaqgörən və məqsədyönlü siyasət yürüdən Azərbaycan haqq, ədalət yolu ilə irəliyə doğru mətin addımlarla irəliləyir. 

Mehparə ƏLİYEVA,

"Respublika".