Sülh inkişaf üçün əsas təməldir
Digər xəbərlər

Sülh inkişaf üçün əsas təməldir

Əmin-amanlıq, sosial, iqtisadi və mədəni inkişaf, insanların birlik və bərabərlik şəraitində yaşamasını özündə ehtiva edən sülh bəşəri məfhumdur. Sülh hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdəndir. Sülhün qorunması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması tarixboyu bütün bəşəriyyəti düşündürmüşdür. Birləşmiş Millətlər Təşkilatı 1981-ci ildə 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 21 sentyabr dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur.

Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü, eyni zamanda inkişaf, tərəqqi və bəşəri təhlükəsizliyi təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək qloballaşan dünyada çox vacibdir. Bu, bütün dünya ölkələrində onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir.

Böyük şəxsiyyət ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının preambula hissəsində ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin ən ülvi məqsədi və məramı kimi təsbit olunmuşdur. 

Dahi şəxsiyyətin sülhsevər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  "Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır", - deyən dövlət başçısının apardığı gərgin daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmış, dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyərək ölkəmizin ərazi bütövlüyünü tanımışdır.

Öz ərazi bütövlüyünü bərpa edən müstəqil Azərbaycan sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda beynəlxalq hüququn bütün dünya dövlətləri tərəfindən qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir.

Azərbaycan Prezidenti İlham Əliyev yeni reallıqlar fonunda sülhün, təhlükəsizliyin təminatını ən vacib amil kimi önə çəkir.

 Əli SADIQOV,

 "Respublika".