Şükürbəyli kəndi yeni həyat astanasında
Region

Şükürbəyli kəndi yeni həyat astanasında

Doğma Qarabağdan hər gün xoş xəbərlər gəlir. Düşmən tapdağı altında xarabazara çevrilmiş kənd və şəhərlər yenidən qurulur, yol, su, enerji, bütün infrastruktur təzələnir. Dövlət başçımız cənab İlham Əliyevin Sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikinti işləri ilə bağlı sərəncamı təkcə Şükürbəyli kəndində yox, Cəbrayıl rayonunda razılıq hissilə qarşılanmışdır. Əməkdaşımız Şükürbəyli kənd İnzibati Ərazi Dairəsinin Nümayəndəsi Mehdi Məmmədov və kənd ağsaqqalları ilə görüşüb xoş ovqat yaratmış xəbərə münasibət bildirməyi xahiş etmişdir.

Mehdi Məmmədov bildirmişdir ki, Şükürbəyli kəndinin ərazi vahidliyinə Şükürbəyli kəndi, Cəbrayılın Mahmudlu qəsəbəsi, Şıxalıağalı, Fuğanlı, Dəjəl və Həsənqaydı kəndləri daxildir.

İşğala qədər Şükürbəyli kəndində 693 ailə, Mahmudlu qəsəbəsində 209 ailə, 890 nəfər, Şıxalıağalı kəndində 184 ailə, 928 nəfər, Fuğanlı kəndində 52 ailə, 218 nəfər, Dəjəl kəndində 29 ailə, 113 nəfər, Həsənqaydı kəndində isə 34 ailə, 148 nəfər yaşayırdı.

1930-cu ildə Cəbrayıl rayonu yaradılmış və onun inzibati ərazi vahidi müəyyənləşdirilərkən Şükürbəyli kəndinin ərazisi 1095 hektar olmuşdur. Ərazinin 44 hektarı dövlət torpağı, 1051 hektarı isə kənd təsərrüfatı üçün yararlı idi. Əkin sahəsi 305 hektar, çoxillik bitkilər üçün 95 hektar, tut bağı üçün 20 hektar təşkil edirdi.

Şükürbəyli kəndinin əhalisi əsasən əkinçilik, maldarlıq, üzümçülük, baramaçılıq və quşçuluqla məşğul olurdu. Kəndin iqtisadiyyatında əhəmiyyətinə görə əsas yerlərdən birini kənd təsərrüfatı tuturdu. Əhalinin gediş-gəlişi üçün dəmiryol xəttinin daha əlverişli olmasının və yeni bir dayanacağın strateji yerdə salınmasının nəticəsi idi ki, qısa müddətdə Mahmudlu qəsəbəsi iri yaşayış məntəqəsinə çevrilmişdir.

Mahmudlu stansiyası 1989-cu ildə inzibati ərazi vahidi kimi təsdiq edilmiş 2007-ci ildə isə Mahmudlu stansiyasına qəsəbə statusu verilmişdir.

Şükürbəyli kəndi strateji əhəmiyyətli mövqedə yerləşdiyi üçün Cəbrayıl rayonunun bir sıra mühüm obyektləri, o cümlədən kolxoz idarə heyətinin binası, icra nümayəndəliyi, Mahmudlu Dəmiryolu İdarəsi, rabitə qovşağı, ATS, Maşın Traktor stansiyası burada fəaliyyət göstərmişdir.

Kənd təsərrüfatının əsas sahəsi heyvandarlıq idi. Kəndin heyvandarlarının yaylaq yerləri Muxur Türyan, Qul Alı, Lülpər, Pəri Çınqılı və başqa yaylaqlar idi. Kəndin Qarabağın Ağcakənd kəndi yaxınlığında, Ziyarət və Kirs dağlarının ətəklərində də yaylaqları vardı.

Şükürbəyli kənd orta məktəbi Cəbrayıl rayonunun ən qabaqcıl təhsil müəssisələrindən biri olmuş, məktəb 1926-cı ildən fəaliyyətə başlamışdır.

1934-cü ildə Şükürbəyli kənd ibtidai məktəbi yeddiillik təhsil müəssisəsinə çevrilmişdir.

Kənd işğal olunanadək burada 600 şagird təhsil alırdı. Onların təlim-tərbiyəsi ilə 65 müəllim məşğul olurdu.

Görkəmli ziyalıların yetişməsində əhəmiyyətli rol oynayan, bölgədə təhsilin inkişafındakı nailiyyətlərinə görə birincilər sırasında olan Şükürbəyli kənd orta məktəbinin pedaqoji kollektivi haqlı olaraq öz məzunları ilə fəxr edirdi. Məktəbin 5 nəfər məzunu Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş, 2 nəfər isə yaralanmışdır.

Hazırda Şükürbəyli Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 931 ailə, 3486 nəfər vardır. Dövlət başçımızın sərəncamı rayon sakinləri tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır. Artıq Şükürbəyli kəndi yeni həyatın astanasındadır.

Fikrət Babayev isə doğma kəndi haqqında ağızdolusu danışdı: Şükürbəylinin səsi-sorağı Misir Ərəb Respublikasından, Suriyadan, Livandan, İran İslam Respublikasından, Əlcəzairdən, Leninqraddan, Moskvadan gəlirdi. Mən ADU-nun (indiki BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib Misir Ərəb Respublikasında, Suriyada, digər ölkələrdə məsul vəzifələrdə çalışmışam. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşam. Dövlət başçımızın doğma kəndim haqqında imzaladığı sərəncam bir ziyalı kimi məni qəlbən sevindirir. Şükürbəyli kəndinin yenidən qurulduğu günü görmək bizə əsl xoşbəxtlik bəxş edəcək.

İba Həsənovun da adı doğma Şükürbəyli kəndinin yetirdiyi ziyalılar arasındadır. O, deyir: - Əmək fəaliyyətimə doğma kənddə başlamışam. Müxtəlif vəzifələrdə çalışdığım müddətdə doğma kəndimi heç vaxt unutmamışam. Ən böyük arzum bu olub ki, Şükürbəylidə işğaldan sonra həyat qaynasın, bir mütəxəssis kimi öz yurdumun inkişafına əlimdən gələn köməkliyi göstərim. Möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirirəm ki, bizim arzumuzu gerçəkləşdirdi.

Tofiq HÜSEYN,

"Respublika".