Süfrələrin bəzəyi,  yoxsa...
Region

Süfrələrin bəzəyi,  yoxsa...

Zaman, dövran dəyişir, texnologiyalar inkişaf edir, sivilizasiya pik həddə çatır, fəqət cəmiyyətimizdə münasibətlər eybəcər şəkildə pozulur, yad, əcnəbi təsirlər artır, adət-ənənələrimiz sıradan çıxarılır, maarifçilik təbliğatı unudulur, ağsaqqala, böyüyə hörmət qiymətdən salınır, çoxəsrlik ailə sütunlarına çat düşür. Zənnimizcə, bütün bunlar bir çox amillərlə bağlı olsa da, bunun bir səbəbi də qida, yeyinti məhsulları ilə bağlıdır.  İki misala nəzər salaq.

Bir çoxumuz kənddə böyüyüb, o uzaq dağ kəndinin saf havasını udub, buz kimi bulaq suyunu içib, yeddi-səkkiz yaşı olanda ailəsinə kömək üçün qoyun-quzu otarıb, təbiətin yaratdığı möcüzələrin sehrinə düşüb, küləklə gizlənpaç oynayıb,  yağışlı günlərdə qaçıb gizlənə bilməyib, buludlar dağılandan sonra utancaq gəlin kimi üzünü göstərən Günəşin şəfəqləri altında islanmış paltarlarını kolların üstünə sərib, quzuqulağından, yemlikdən doyunca yeyib, meşənin dərinliyində bitən almadan, armuddan dadıb, sonra da təpimiş paltarını geyərək axşam düşəndə evə qayıdıb. Nə yağış, nə soyuq, nə külək ona təsir etməyib, çünki həmin uşaq ana südü ilə bərabər, həm də xamralı çörəyi,  təbii, qüvvəli otla qidalanan heyvanların südü ilə düzəldilən motal pendiri, qaymaqla,  nehrə yağı, bıçaq kəsə bilməyən camış qatığı ilə qidalanıb. Sağlam böyüyüb, həyətlərindəki bostanda tağdan üzdüyü xiyarın, koldan qopardığı pomidorun ətri, təravəti onun bədəninə, dağ çiyələyinin,  moruğun,  alyanaqlı böyürtkənin şirəsi qanına hopub. Belə insanların həm xarakteri möhkəm olur, həm də uzun ömür sürürlər.

Qida terroruna məruz qalan, geni dəyişdirilmiş yeyinti məhsullarından istifadə etməyə, broyler toyuğu, bordaq şəraitində müxtəlif kimyəvi qatqılarla yetişdirilən mal əti yeməyə məcbur olursan. Adi tərəvəzdən tutmuş kartofa, soğana qədər müxtəlif kənd təsərrüfatı məhsulları dava-dərmanla yetişdirilib dükan-bazarlara çıxarılır və onları da almağa məcburuq. Əlac yoxdur, almalıyıq. Eşidib görmüşük ki, zəhərlənən adama qatıq içizdirirlər. Bu yaxınlarda qonşumuz marketdən qatıq alıb istifadə edəndən sonra zəhərlənmişdi. Həkimlər onu güclə xilas edə bildilər. Sözümün canı odur ki, süni qatqılarla qidalanan adamlara baxanda onların görkəmindən hiss edirsən ki,  yaşlarından artıq qoca görünürlər.  Düzdü, iqlim dəyişikliyi bütün canlılara mənfi təsir göstərir, lakin  zənnimizcə bunun əsl səbəbi məhz qida ilə bağlıdır.

Heç şübhəsiz ki,  süni,  geni dəyişdirilmiş məhsullar həm də əqli cəhətdən zəif və süni insanlar yetişdirir,  belə olanda da cəmiyyət öz kökündən qopur, nəsil, şəcərə itir, mənəviyyat, əxlaq pozulur, böyük-kiçik bilinmir, yeni qurulan ailələrdə boşanmaların sayı artır,  qəddarlıq və cinayətkarlıq baş alıb gedir. Problem səviyyəsinə qalxan bu məsələlərin cavabı çox sadədir, bütün bunlara şərait yaradan geni dəyişdirilmiş ərzaq məhsullarıdır.  

Azərbaycan indi dünyada inkişaf edən ölkələrin sırasındadır, dövlət tərəfindən sahibkarlığın inkişaf etdirilməsinə, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına çox böyük diqqət və qayğı göstərilir, sahənin dirçəldilməsinə investisiyalar yönəldilir, əsassız yoxlamaların qarşısı alınır, bir sözlə, ərzaq təhlükəsizliyi hökumətin qarşısında duran ən mühüm vəzifələrdən biridir.  Danılmaz faktdır ki.  respublikamızda sahibkarlara və fermerlərə hər cür şərait yaradılır. Müşahidələr göstərir ki, bir çox sahibkar yüksək məhsuldarlığın marağındadır, xarici ölkələrdən gətirilən toxumlara üstünlük verir, nəticədə bol məhsul əldə olunsa da həmin məhsullar ağız dadına çevrilə bilmir.  Çünki toxumların böyük əksəriyyətinin geni dəyişdirilib. Ölkəmizdə yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin qanunun ana xəttini qida məhsulları, insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar, yeyinti məhsullarının minimum keyfiyyəti və yeyinti məhsullarının təhlükəsizliyi, yəni qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlara, norma, qayda və tələblərə uyğunluğuna nəzarət edilməsi təşkil edir. Bundan başqa, “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Hələ 2001-ci ildə qəbul edilmiş “Ərzaq təhlükəsizliyi Proqramı”nda vurğulanır ki,  ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla,  əsas insan hüquqlarından biridir və bu hüququn təmin edilməsi hökumətin mühüm vəzifələrindən sayılır. Həmçinin respublikamızda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.  Göründüyü kimi, adıçəkilən istiqamətlərdə möhkəm hüquqi baza yaradılıb.

Ancaq əhalini haqlı olaraq bir sual ciddi narahat edir: Bəs istehlaka yararsız və istifadə müddəti bitmiş məhsullar piştaxtalara necə yol tapır, köhnə, yararsız ərzaq məhsulları bir çox marketlərdə ayaq tutub yeriyir. Doğrudur, həyata keçirilən tədbirləri danmaq olmaz. Belə ki,  agentlik tərəfindən təkcə sentyabr ayında istifadəyə yararlılıq müddəti bitmiş 10 tondan çox ərzaq məhsulları məhv edilib. Düzdür, həmin sahibkarlar cəzalandırılır, ancaq bir müddət keçəndən sonra ziyanlı məhsullar yenidən süfrələrimizə yol tapır. Demək, sahibkardan çox şey asılıdır. Bütün bunlara qarşı mübarizə aparılır, lakin istənilən nəticə yoxdur. Sağlamlığımıza, yaxşı həyat tərzimizə  qayıtmaq üçün hər şeydən əvvəl,  yerli, dədə-baba toxumlara üstünlük vermək lazımdır, başqa yol görünmür.                                             

Salman  ALIOĞLU,

“Respublika”.