Şücaət və igidlik dastanı yazanlar
Region

Şücaət və igidlik dastanı yazanlar

Birinci və İkinci Qarabağ müharibəsində Füzuli rayonundan 735 nəfər şəhid olub. Onların xatirəsi həmişə uca tutulur, qəhrəmanların adı əbədiləşdirilir, şəhid ailələrinə, qazilərə qayğı artırılır. Torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda başlayan Vətən müharibəsində igidlik və şücaət göstərən oğullardan biri də Elmir Nəsirovdur. Qanını və canını Vətən uğrunda əsirgəməyən Elmirin qısa və şərəfli ömürü hərbi ilə bağlı olub.

Vətən müharibəsi şəhidi Elmir Nəsirovun doğum günündə xatirəsi yad edilib, şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Mərasimdə şəhidin ailəsi ilə Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, rayonun axundu, şəhid ailələri, Qarabağ müharibəsi qaziləri və kənd sakinləri iştirak ediblər. Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Anım tədbirində çıxış edənlər Elmir Nəsirovun qısa, lakin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söz açıblar. Bildirilib ki, Elmir 1991-ci il iyulun 13-də Füzuli rayonu Əhmədbəyli kəndində dünyaya göz açıb. Hələ yeniyetmə çağlarından hərbçi olmaq arzusu ilə yaşayıb. 2009-cu ildə həqiqi hərbi xidməti başa vurandan sonra Elmir müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında peşəkarlığını artırıb, bir tankçı kimi Vətənin keşiyində dayanıb. 2016-cı il Aprel döyüşlərində iştirak edən Elmir tankı ilə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Vətən müharibəsi başlayan gündən Elmir ön cəbhəyə göndərilib və döyüş əməliyyatlarında xüsusilə fərqlənib. Döyüş yoldaşları ilə ön cəbhənin yarılmasında iştirak edərək düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv edilməsində xüsusi şücaət göstərib. Füzuli rayonu Seyidəhmədli, Qorqan kəndləri istiqamətində gedən döyüş əməliyyatlarında igidlik nümayiş etdirən Elmir idarə etdiyi tankla düşmənə tutarlı zərbələr endirib. Həmin istiqamətdə gedən çox gərgin döyüşlərdə Elmir qəhrəmanlıqla həlak olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə ordumuzun hərbi qulluqçusu Elmir Zülfü oğlu Nəsirov "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. İki övladı yadigar qalıb. Həmyerliləri, döyüş yoldaşları, yaşıdları Elmirin həlak olduğu yeri ziyarət edərkən qürurla deyirlər ki, bu yerlərdən bir igid keçib...

Salman ALIOĞLU,

"Respublika".