Strateji və hərbi əməkdaşlığın ən yüksək zirvəsi
Siyasət

Strateji və hərbi əməkdaşlığın ən yüksək zirvəsi

Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər bu gün bütün dünya dövlətlərinə əsl örnəkdir. Qardaş Türkiyənin Azərbaycana bütün sahələrdə dəstək olması, xüsusilə də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləməsi bir daha onu sübut edir ki, doğrudan da Azərbaycan və Türkiyə dövlətləri arasında olan qardaşlıq münasibəti sarsılmazdır. İki qardaş ölkənin ordularının birgə fəaliyyəti Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi ilə yanaşı, bölgədə sabitlik və təhlükəsizliyin təmini baxımından da önəmli rol oynayır.

İki qardaş ölkə ordularının əməkdaşlığı yönümündə ilk hüquqi addım 11 avqust 1992-ci ildə imzalanan "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqavilənin bağlanması ilə başlayıb. Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində yüzlərlə azərbaycanlı zabit təhsil alaraq Azərbaycan Ordusunun güclənməsinə öz töhfəsini verib. Bununla yanaşı, “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı-2019”, “TurAz Qartalı-2020” və “Heydər Əliyev-2020”, Konyada keçirilən “Anadolu Qartalı – 2021” kimi mühüm əhəmiyyətli hərbi təlimlərdə də qardaş ölkə ilə birgə hərbi əməkdaşlıq inkişaf etdirilib. Azərbaycan Ordusunun NATO standartlarına uyğun olaraq yenidən formalaşdırılmasında da qardaş Türkiyə hərbi sisteminin Azərbaycan Ordusuna tətbiqi vacibdir. Azərbaycan ilə Türkiyənin hərbi sahədə və müdafiə sənayesi potensialı baxımından əməkdaşlığı regional və dünyəvi reallıqdır. Bununla yanaşı, Azərbaycan hərbi-strateji təhsil sahəsində də qardaş ölkə ilə birgə vacib addımlar atır.  Azərbaycan Ordusunun zabit heyətinin hazırlanmasında ən önəmli təhsil müəssisələrindən olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi qardaş ölkənin köməyi ilə NATO standartlarına uyğun olan təhsil ocağı səviyyəsinə çatdırılıb. Yüksək kadr potensialı və geniş maddi-texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün Türkiyə və digər ölkələrə göndərilir. Eyni zamanda, indiyə qədər Azərbaycan-Türkiyə Müdafiə nazirlikləri arasında təmənnasız hərbi yardım, müdafiə sənayesi, təlim-tədris və maddi-texniki təminat sahələrində əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

 Strateji və hərbi əməkdaşlığın gücləndirilməsində əsas amillərdən olan Şuşa Bəyannaməsi münasibətlərimizin dərinliyini müəyyənləşdirən vacib sənəddir. İki qardaş ölkənin müttəfiqliyi istər hərbi, istərsə də digər sahələrdə bölgəyə ancaq sülh və sabitlik bəxş edir. Təsadüfi deyil ki, təxribatçı Ermənistan, İran və onların havadarları həmrəyliyimizdən tarix boyu təşvişə düşmüş, müxtəlif kirli planlarla bu birgəliyə mane olmağa cəhd etmişlər. Çünki ölkələrimizin siyasi və hərbi gücə çevrilməyini həzm edə bilməyənlər ortaq hərbi təlimləri özlərinə gözdağı hesab edirlər. Buna baxmayaraq, Azərbaycan və Türkiyənin sarsılmaz əməkdaşlığı əsla üçüncü qüvvələrə qarşı yönəlməyib. Qeyd edək ki, xain qonşularımızdan  fərqli olaraq qardaş ölkələr bu günə qədər heç bir dövləti hərbi təlimlərlə təhdid etməyib.

Hərbi təlimlərdə əldə olunan təcrübənin məntiqi nəticəsi idi ki, Azərbaycan Ordusu XXI əsrin yeni döyüş strategiyasını sərgiləyərək erməni işğalında olan ərazilərimizin bütövlüyünü təmin etdi. Azərbaycan 44 günlük Vətən  müharibəsi zamanı misli görünməmiş hərbi taktikadan istifadə etdi. Bu gün Avropa və dünyanın qabaqcıl hərbi məktəblərində bu strategiyadan istifadə olunur.  Dövlət başçımız İlham Əliyevin qeyd etdiyi kimi, "Bu yeni nəsil müharibə üslubudur, hansı ki, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir". İki qardaş ölkənin ordularının müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi birlik və əməkdaşlığın önəmli istiqamətlərindən birini təşkil edir.

İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planların mövcudluğu bir çox strateji məsələri özündə əks etdirir.  Bura hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin perspektivlərini həmişə diqqət mərkəzində saxlayır. Bir sözlə, Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı daim möhkəmlənir, əlaqələri dayanmadan inkişaf edir və hər iki ölkə regionda təhlükəsizliyin qarantına çevrilir.

                                                Nurlan ABDALOV,

                                                     “Respublika”.