Strateji tərəfdaşlıq və yüksələn hədəflər
Siyasət

Strateji tərəfdaşlıq və yüksələn hədəflər

Azərbaycanla Serbiya arasında mövcud əlaqələrin genişlənməsi qarşıya qoyulan məqsədlərə nail olmağa şərait yaradır

Dövlət başçısının Serbiyanın paytaxtı Belqrad şəhərinə səfəri ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu vaxta təsadüf edir. Səfərin məqsədi isə ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Gündəlikdə olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidentinin serbiyalı həmkarı Aleksandar Vuçiç və Baş nazir Ana Brnabiç ilə görüşləri, eyni zamanda, ikitərəfli sənədlərin imzalanması əməkdaşlıq səviyyəsinin yüksələn xətlə inkişafını təsdiq edir.

Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Bu il avqustun 21-də Azərbaycan və Serbiya prezidentləri telefon danışıqları zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar. Həmçinin ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, Azərbaycan və Serbiyanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub.

Rəsmi səfər çərçivəsində Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşündən sonra Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda Azərbaycanın zəngin qaz ehtiyatlarına malik olduğunu vurğulayıb: "Rolumuz artacaq və dost ölkələrlə təkcə enerji sahəsində deyil, bütün sahələrdə əməkdaşlıq edəcəyik". Serbiya Prezidenti Aleksandar Vuçiç də Azərbaycanın enerji resurslarına diqqət çəkib. O, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın müzakirə edildiyini bildirib. Həmçinin Serbiyanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün yolların axtarıldığını əlavə edib. A.Vuçiç həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Avropada çox populyar olduğunu vurğulayıb. Səfər zamanı yeddi yeni ikitərəfli sənədlə iki ölkə arasında tərəfdaşlığın hüquqi əsası daha da genişləndirildi, həmçinin dövlət başçılarının həmsədrliyi ilə Strateji Tərəfdaşlıq Şurası formasında əməkdaşlığın praktiki aspektlərinin əsası qoyuldu.

Azərbaycan ilə Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. 2011-ci il iyunun 8-9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyaya rəsmi səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Belqradın Taşmaydan parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılışlarında iştirak edib. Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. 2010-cu il mayın 11-13-də Prezident Boris Tadiç, 2013-cü il fevralın 7-9-da isə Prezident Tomislav Nikoliç ölkəmizdə rəsmi səfərlərdə olublar. Tomislav Nikoliçin səfəri zamanı Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışı olub. Bundan əlavə, 2015-ci ilin aprelində o vaxt Baş nazir olan Aleksandar Vuçiç, həmin ilin iyununda isə Prezident Tomislav Nikoliç Bakıya səfər ediblər. Aleksandar Vuçiçin Serbiya Respublikasının Prezidenti kimi Azərbaycana səfəri isə 2018-ci il mayın 21-22-nə təsadüf edib.

Bu əməkdaşlıq strateji tərəfdaşlıq və dostluq münasibətlərinə əsaslanır. Serbiya Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında sənəd imzaladığı 12 Avropa ölkəsindən biridir. Siyasi və iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etməsi hər iki ölkənin dövlət başçılarının bu tərəfdaşlığa verdiyi önəmdən irəli gəlir. Ölkə rəsmilərinin səmərəli müzakirələri, eləcə də əldə edilən razılaşmalar iki dövlət arasında iqtisadi-ticari əlaqələrin genişlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə imkan verir. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildikdən sonra həmin ərazilərdə bərpa və quruculuq işləri aparılır. Serbiya şirkətləri də bu işə töhfə verməkdə maraqlıdırlar.

Səfərlər çərçivəsində keçirilən görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək Serbiya ilə Azərbaycan arasında 44 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış "Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə" və 2018-ci ildə imzalanmış "Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı" xüsusi əhəmiyyət daşıyır. Ölkələrimiz beynəlxalq hüququn norma və prinsiplərinə eyni tərzdə yanaşır. Azərbaycan və Serbiya demokratiya, bazar iqtisadiyyatı, insan haqları və qanunun aliliyi kimi təməl prinsiplərə və dəyərlərə sadiqdir. Son illərdə hər iki ölkə arasında, xüsusilə iqtisadi-ticari sahədə ciddi irəliləyişlər əldə olunub.

İkitərəfli əlaqələrin qurulması 1997-ci ilə təsadüf etsə də, Azərbaycan və Serbiya 2008-ci il qlobal iqtisadi böhranından sonra yaxın tərəfdaşlara çevriliblər. Yüksək səviyyəli münasibətlər Qoşulmama Hərəkatının Belqradda keçirilən sammitində bir daha təsdiqlənib. 2010-2021-ci illər ərzində Azərbaycan Serbiyaya 2,1 milyon avro dəyərində investisiya yatırıb. 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya Azərbaycanın 68-ci xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,84 milyon dollar, o cümlədən idxalın həcmi 8,10 milyon dollar, ixracın həcmi 1,74 milyon dollar təşkil edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya ilə ticarət dövriyyəsi 27,51 faiz artıb. Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya da fəaliyyət göstərir. Komissiyanın sonuncu - 6-cı iclası ötən ilin iyulunda Bakıda keçirilib. Bu fonda Serbiyanın enerji təhlükəsizliyini təmin etmək və təmiz enerjiyə keçid prosesini davam etdirmək istəyi kontekstində enerji sektorunu qeyd etmək lazımdır. Bu məqsədlə artıq Azərbaycan qazının və elektrik enerjisinin alınması ilə bağlı konkret danışıqlara başlanılmışdır.

Azərbaycanın Serbiyada tikinti layihələrində son dərəcə uğurlu iştirakını nəzərə alsaq, qeyd edə bilərik ki, əməkdaşlığımız artıq çox yüksək səviyyədədir. Eyni zamanda, işğaldan azad edilmiş Azərbaycan torpaqlarının yenidən qurulması və dirçəldilməsi prosesində Serbiya şirkətləri üçün müxtəlif sahələrdə - tikinti, smart texnologiyalar, İKT və s. layihələrdə iştirak etmək imkanları açılır. Əgər fürsət yaranarsa, Serbiya şirkətləri gözləntiləri qarşılamaq üçün hər cür səy göstərəcək. Təbii ki, bu günlərdə digər çox aktual mövzu olan beynəlxalq daşımaları da unutmaq olmaz. Regional nəqliyyat qovşağı kimi Azərbaycan bu sahədə böyük potensiala malikdir və Serbiya Şərqi Asiya bazarlarına ən qısa marşrutun bir hissəsi kimi bu nəqliyyat infrastrukturundan istifadə etməkdə çox maraqlıdır.

Mustafa KAMAL,

"Respublika".