Strateji tərəfdaşlığın yeni mərhələsi
Siyasət

Strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi perspektivdə duran hədəflərdəndir

Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestdə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasda iştirak edib. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Rumıniyanın Baş naziri Nikolae Çuke və Macarıstanın Baş naziri Viktor Orban imzalayıb. İmzalanma mərasimində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də olub.

Saziş Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin və əlaqələrinin gücləndirilməsini, təchizat mənbələrinin şaxələndirilməsini, Xəzər regionunda bərpaolunan enerji istehsalı potensialından istifadə edilməsini nəzərdə tutur və dörd dövlətin maraqlarına cavab verir. Prezident İlham Əliyev deyib ki, Azərbaycan ilə Avropa arasında növbəti bir enerji körpüsü qurulur: "Bizim ölkəmiz elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir". Dövlət başçısı Azərbaycanın bərpaolunan enerji sahəsində potensialının böyük olduğunu vurğulayıb. İmzalanan saziş təkcə 4+1 formatı ilə (Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan+Avropa İttifaqı) məhdudlaşmır, bu, digər xarici investorlar üçün də cəlbedicidir.

Buxarestdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşündə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb. Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib. "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanmasının əhəmiyyəti, bu tədbirin Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi qeyd olunub. Görüşdə ikitərəfli münasibətlərlə bağlı da fikir mübadiləsi aparılıb. Yunanıstan-Bolqarıstan İnterkonnektoru işə salındıqdan sonra Azərbaycan qazının qısa müddət ərzində Rumıniyaya nəql edilməsi barədə razılığa gəlindiyi bildirilib və gələn ilin yanvarında bu işə başlanılacağı vurğulanıb. Həmçinin SOCAR-ın Rumıniyada uzun illər uğurla fəaliyyət göstərdiyi və bu fəaliyyətin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu ilə nəqliyyat-kommunikasiya imkanlarının, yükdaşımaların həcminin artırılmasının mümkünlüyü barədə də fikir mübadiləsi aparılıb. Bunun, eyni zamanda Xəzər dənizi hövzəsi ilə Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əməkdaşlıq işinə töhfə verəcəyi bildirilib.

Qeyd edək ki, Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb. 1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, bir müddət sonra, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılıb. Ötən illər ərzində ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf edib. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniyanın Prezidenti İon İliyeskunun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib. Səfər zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında sazişlər imzalanıb. 1996-cı ilin martında Rumıniya Prezidenti İon İliyesku Azərbaycana rəsmi səfərə gəlib. Rumıniya Prezidentinin səfəri çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, hava əlaqələri, ticarət gəmiçiliyi, beynəlxalq avtomobil daşımaları haqqında və digər sahələrdə əməkdaşlığa dair sazişlər imzalanıb.

1998-ci il iyunun 29-da Rumıniya Prezidenti Emil Konstantinesku Heydər Əliyevin dəvətilə Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı "Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında dostluq münasibətlərinin və tərəfdaşlığın inkişafı haqqında" bəyannamə imzalanıb. 2002-ci ilin oktyabrında Rumıniya Prezidenti İon İliyeskunun Azərbaycana növbəti səfəri zamanı tərəfdaşlıq haqqında bəyannamə və iki ölkənin müvafiq qurumları arasında iqtisadi və elmi-texniki sahələrdə sazişlər bağlanıb.

2003-cü ilin oktyabrında İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da Rumıniya ilə əlaqələr uğurla inkişaf etdirilir. 2004-cü il oktyabrın 11-12-də İlham Əliyev Rumıniyaya rəsmi səfərə gedib. Yenidən Rumıniya Prezidenti seçilən İon İliyesku ilə görüşüb. Əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı kimi tarixi hadisə olan səfər zamanı "Azərbaycan Respublikası Prezidentinin və Rumıniya Respublikası Prezidentinin Birgə Bəyannaməsi" də daxil olmaqla müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanıb. Səfər çərçivəsində Buxarestdə Heydər Əliyevin abidəsinin açılış mərasimi keçirilib. 2006-cı il oktyabrın 11-12-də Rumıniyanın yeni Prezidenti Trayan Besesku Azərbaycana rəsmi səfər edib. İki ölkə prezidentinin görüşündə ölkələr arasında siyasi-iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçıları həmçinin Avratlantik strukturlara inteqrasiya prosesində ölkələr arasında əməkdaşlığın daim genişləndiyini qeyd ediblər.

2007-ci il sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyaya işgüzar səfər edib. Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Basesku arasında təkbətək görüş olub. Görüşdə Azərbaycanla Rumıniya arasında ikitərəfli əlaqələr, beynəlxalq layihələr çərçivəsində işbirliyi, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə Fondun Rumıniya nümayəndəliyinin açılış mərəsimi keçirilib. Daha sonra Buxarestdə Heydər Əliyev Parkının və parkdakı büstün açılışı olub. Açılış mərasimində çıxış edən Rumıniya Prezidenti T.Besesku Azərbaycanı ölkəsinin böyük dostu adlandırıb. O, iki ölkə arasında əməkdaşlıqdan danışaraq, bu əlaqələrin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu, buna görə də onun xatirəsini əbədiləşdirməyi borc bildiklərini qeyd edib.

Rumıniya Prezidenti Trayan Basesku növbəti dəfə 21 avqust 2008-ci ildə Azərbaycana səfər edib. Prezident İlham Əliyev ikitərəfli dostluq münasibətlərinin sürətlə inkişaf etdiyini, siyasi, iqtisadi, mədəni, enerji sahəsində ölkələrimizin yaxın tərəfdaş olduğunu və regional əməkdaşlığın uğurla həyata keçirildiyini bildirib. Prezident Trayan Besesku Azərbaycanın bölgədə mühüm ölkə olduğunu və regional məsələlərdə çox güclü rol oynadığını vurğulayıb. 28-29 sentyabr 2009-cu il tarixində Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə" imzalayıblar. Səfər çərçivəsində Rumıniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 6 sənəd imzalanıb. 2009-cu ildə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılmasına dair imzalanmış Birgə Bəyannamənin, 2011-ci ildə Strateji tərəfdaşlığın həyata keçirilməsi üçün imzalanmış Birgə Fəaliyyət Planının əlaqələrin inkişafında xüsusi rolu olub. 26-27 iyun 2013-cü ildə Azərbaycanda rəsmi səfərdə olmuş Rumıniyanın Baş naziri Viktor Ponta 2015-ci il iyunun 12-13-də Bakıda ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edib. Son illər ərzində Azərbaycan və Rumıniya arasında əməkdaşlığın təkmilləşdirilməsinə xidmət edən 60-dan çox sənəd imzalanaraq strateji tərəfdaşlığın inkişafına təkan vermişdir. Əlavə olaraq, iki ölkə arasında fəaliyyət göstərən Müştərək Komissiya əməkdaşlığın gücləndirilməsinə zəmin yaratmışdır.

Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Rumıniya-Azərbaycan əlaqələri daha da inkişaf etmiş, ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etimad güclənmişdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bunu qiymətləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir. Regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Rumıniya yaxından əməkdaşlıq edirlər. Ötən il Azərbaycan və Rumıniya arasında ikitərəfli ticari dövriyyə sahəsində 31 faizdən çox artım olub. İxrac və idxalda artım müvafiq olaraq 19 və 52 faiz təşkil edib. Azərbaycan Rumıniya iqtisadiyyatına 135, Rumıniya şirkətləri isə Azərbaycana 30 milyon dollar yatırım edib. Azərbaycanda Rumıniya və Rumıniyada Azərbaycan şirkətləri uğurlu fəaliyyət göstərirlər. Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr var. Ticarət dövriyyəsinin artırılması, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi perspektivdə duran əsas məsələlərdəndir.

M.MUSTAFAYEV,

"Respublika".