Strasburqda 20 Yanvar qurbanlarının əziz xatirəsinə ehtiram
Diaspora

Strasburqda 20 Yanvar qurbanlarının əziz xatirəsinə ehtiram

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Strasburqda Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan icmasının üzvlərinin və ölkəmizin dostlarının qatıldığı mərasimdə Avropa Şurası yanında daimi nümayəndə Fəxrəddin İsmayılov, şərqşünas araşdırmaçı Şirin Melikoff və Fransada yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva çıxış ediblər.

20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbirdə Avropa Şurası yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir F.İsmayılov bildirib ki, 1990-cı il 20 Yanvar hadisələri xalqımızın qəhrəmanlıq salnaməsinin şərəfli səhifəsidir. 20 Yanvar əbədi olaraq Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib. Keçmiş sovet ordusunun xalqımıza tutduğu qanlı divan onun azadlıq əzmini sındıra bilməyib və əksinə, insanlarımız arasında həmrəyliyin möhkəmlənməsi ilə nəticələnib.

Daimi nümayəndə ulu öndər Heydər Əliyevin faciənin ertəsi günü Sovet İttifaqının paytaxtında verdiyi cəsarətli bəyanat ilə xalqımızın əzilməz mübarizə ruhunu daha da gücləndirdiyini vurğulayıb. F.İsmayılov əlavə edib ki, 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində və şəhidlərimizin qanı bahasına əldə edilən Zəfər Qanlı Yanvar qəhrəmanlarının ruhunu şad edib. Azad, bütöv və firavan Azərbaycan sevgisi 20 Yanvar faciəsindən bəri canlarından keçmiş bütün qəhrəmanlarımızı birləşdirən ümumi bir amal olubdur.

Tədbir iştirakçıları 20 Yanvar qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

1990-cı il 20 Yanvar hadisələrindən bir neçə gün sonra Bakıya yol tapa bilən ilk əcnəbi müxbirlərdən biri Şirin Melikoff həmin günlərdə şahidi olduğu hadisələrdən söz açıb və şəxsi xatirələrini bölüşüb. O, Azərbaycan xalqının bu faciə qarşısında baş əyməyərək, azadlıq və müstəqillik tələblərini davam etdirdiyini qeyd edib. Xalqımızın nümayiş etdirdiyi cəsarəti xatırladıb. Bu hadisələr barədə vaxtilə Fransa mətbuatı üçün bir sıra yazılar hazırlayan şərqşünas araşdırmaçı, eyni zamanda, Bakıdan gələn xəbərlərin təhrif olunduğuna diqqət çəkib. Fransa mətbuatında yerli erməni icması və sovet təbliğat maşınının təsiri altında Azərbaycanın azadlıq uğrunda mübarizəsinə kölgə salınmasına davamlı cəhdlər olduğunu bildirib.

Mehriban Ovçuyeva çıxış edərək, 20 Yanvar hadisələrinin hüzn doğurmaqla yanaşı, böyük bir qürur və fərəh mənbəyi olduğunu deyib. O, bu faciənin xalqımızın azadlıq ideyalarına köklənən milli təfəkkürünün dərinləşməsinə təsirini vurğulayıb. Ötən illər ərzində xaricdəki Azərbaycan diaspor assosiasiya və üzvlərinin 20 Yanvar həqiqətlərinin geniş yayılması üçün daha mütəşəkkil şəkildə apardığı fəaliyyətdən bəhs edib.

Tədbirdə Azərbaycan Televiziyasının ərsəyə gətirdiyi "Tarixin izi ilə - 20 Yanvar" sənədli filmi nümayiş etdirilib.

AZƏRTAC