Sözdə deyil, əməldə qardaşlıq nümunəsi
Siyasət

Sözdə deyil, əməldə qardaşlıq nümunəsi

Azərbaycan  və Qırğızıstan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

"Bu gün mən Qırğız torpağında bir daha görürəm ki, qardaşlığımız sözdə deyil, əməldədir". Bu fikirləri Prezident İlham Əliyev Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış mərasimində deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq artıq reallıqdır. Hər gün bu tərəfdaşlıq  yeni məzmunla zənginləşdirilir: "Mənim Qırğızıstana səfərimin birinci günü burada, Qırğızıstan paytaxtının bu yeni mənzərəli guşəsində başa çatır. Onu da deməliyəm ki, bu gün Bakı və Bişkek qardaşlaşmış şəhərlər oldular. Yəni, bizim xalqların qardaşlığı şəhərlərimiz arasında qardaşlaşmaya da transformasiya edir. Əminəm ki, bu gözəl ənənə yaşayacaq, Qırğızıstan və Azərbaycanın bir çox şəhərləri qardaşlaşacaq".

Bu gün möhkəm təməl üzərində qurulan iki qardaş ölkənin münasibətlərində  Azərbaycan Prezidenti İlham Əliyevin  oktyabrın 11-12-də  Qırğızıstan Respublikasına ilk rəsmi dövlət səfəri ilə daha bir səhifə açıldı. Azərbaycan Prezidentinin Qırğızıstanda yüksək səviyyədə qarşılanması, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışları, orada ölkəmiz, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında söylənilən fikirlər  ümumilikdə səfərin sonuna qədər dövlət başçısına göstərilən yüksək ehtiram, xüsusi qonaqpərvərlik  əsl qardaşlıq münasibətinin, ölkəmizin dünyada və bölgədə artan nüfuzunun aydın ifadəsi idi. Onu da qeyd edək ki, bundan əvvəl, Prezident İlham Əliyev Qırğızıstana iki dəfə işgüzar səfər edib. 2016-cı ilin sentyabrında həyata keçirilmiş səfər zamanı Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında və 2018-ci ilin sentyabrında isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Çolpon-Ata şəhərində keçirilmiş VI Zirvə Görüşündə iştirak edib.

Dünya siyasətində uğurlu fəaliyyəti ilə tanınan  Azərbaycan Prezidenti Bişkekdəki "Ala-Arça" dövlət iqamətgahında rəsmi qarşılanma mərasimindən sonra "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib. 1916-cı il hadisələrində həlak olanların, Stalin repressiyası qurbanlarının abidəsi önünə əklil qoyub, həmçinin dahi Qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsini yad edib. Sonra Qırğızıstan və Azərbaycan liderləri ikitərəfli danışıqlar aparıb, Birinci Dövlətlərarası Şuranın iclasında iştirak ediblər. Qırğızıstan-Azərbaycan birgə qarşılıqlı fəaliyyətin artırılmasına istiqamətlənən bir sıra sənədlər, xüsusilə Qırğızıstan Respublikasının Nazirlər Kabineti ilə Azərbaycan hökuməti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş imzalanıb. Fond Qırğızıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və imkanlardan səmərəli istifadə olunmasına kömək məqsədilə təsis edilib. Fondun yaradılması investisiya sahəsində əməkdaşlığın fəallaşdırılması və genişləndirilməsinə stimul verəcək. Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının  açılışı iki ölkə arasında dostluq münasibətlərinin və iki qardaş xalqın təkcə siyasi, iqtisadi deyil, həm də mədəni-humanitar əməkdaşlıqda tarixi əlaqələrinin parlaq nümunəsinə çevrildi.

İki qardaş ölkənin liderlərinin iştirakı ilə Bişkekin 20 saylı Məktəb-Gimnaziya təhsil-təlim kompleksinə Heydər Əliyevin adının verilməsi ilə bağlı keçirilən təntənəli mərasim və Qırğızıstan paytaxtında Nizami Gəncəvi adına məktəbin açılması xüsusi qeyd olunmalıdır. Ulu öndər Heydər Əliyevin: "Bizim cəmiyyətin gələcək tərəqqisi bu gün bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən çox asılı olacaq" sözlərini xatırladan Sadır Japarov varisliyin qorumasına, yüksək dostluq, həmrəylik və dəstək tellərinə şəxsi bağlılığına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdırlar. İki xalq arasında münasibətlərin tarixi dərinliklərə gedib çıxır. Müstəqilliyin ilk illərində Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər qurulsa da, yaxın təmaslar olmayıb. İkitərəfli münasibətlərin genişlənməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri böyükdür. Azərbaycan-Qırğızıstan münasibətlərinin əsası məhz  ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və "Manas" eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib.  Onun iradəsi sayəsində ölkələrimiz arasında 25 il əvvəl Dostluq və Əməkdaşlıq haqqında Müqavilə imzalanıb və bu sənəd siyasi-iqtisadi, humanitar əlaqələrin inkişafı üçün təməl yaradıb.

Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən birini təşkil edir, Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Təqdirəlayiq haldır ki, qurumun daha da güclənməsində Türkiyə ilə Azərbaycan hazırda aparıcı rol oynayırlar. Onu da qeyd edək ki, Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə uğurlu əməkdaşlıq tarixçəsi var. Bu baxımdan  Qırğızıstanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti hökm sürür. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birinin mövqeyini dəstəkləyir. Bu amil belə deməyə əsas verir ki, bir müddət bundan əvvəl Qırğızıstan Prezidentinin Azərbaycana, Prezident İlham Əliyevin Qırğızıstana  səfərləri iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək.

Qardaş Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun bu il aprel ayının 19-20-də respublikamıza ilk səfəri də yaddaqalan hadisə olmuşdu. Səfər çərivəsində müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı. Azərbaycan və Qırğızıstan arasında "Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum", "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" daxil olmaqla, televiziya, təhsil, rabitə və informasiya-kommunikasiya texnologiyaları, hava əlaqəsi, əqli mülkiyyətin qorunması, maliyyə, kənd təsərrüfatını əhatə edən 10 sənəd imzalandı.  İmzalanan  sənədlərdən ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamə idi. Bununla yanaşı, Qırğızıstan tərəfinin təklifi ilə hər iki ölkə prezidentlərinin daimi nəzarəti altında dövlət orqanlarının qarşılıqlı fəaliyyətini inkişaf etdirməyə imkan verən tamamilə yeni Dövlətlərarası Şuranın yaradılması barədə Memorandum imzalanıb. Beləliklə, bu səfər iki ölkənin qarşılıqlı münasibətlərini strateji tərəfdaşlıq kimi daha yüksək səviyyəyə yüksəltdi. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bizim aramızda əsl qardaşlıq, tam qarşılıqlı anlaşma var və hər bir məsələdə daha dərin strateji təmaslar qurulacaq. Azərbaycanın qədim şəhəri Şuşanın gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünün Qırğızıstan tərəfindən dəstəklənməsi də deyilənlərə əyani sübutdur.

Qırğızıstan və Azərbaycan  daim artan beynəlxalq nüfuzu, öz iqtisadi inkişafının perspektivi, coğrafi və geosiyasi vəziyyəti, eləcə də iki türk xalqı arasında tarixən yaranmış dostluq və qardaşlıq əlaqələrini nəzərə alaraq, gələcək inkişafa və ticarət-iqtisadi, siyasi, mədəni və digər sahələrdə qarşılıqlı surətdə ikitərəfli faydalı əməkdaşlığın geniş spektrdə güclənməsində siyasi iradə nümayiş etdirir. İkitərəfli Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişaf dinamikası tərəflərin qarşılıqlı surətdə faydalı ticarət-iqtisadi əlaqələrinin dərinləşməsində və siyasi münasibətlərin gücləndirilməsində maraqlı olduğunu təsdiq edir.

Mustafa KAMAL,

"Respublika".