Ankara
Qazi Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "İşğaldan zəfərə və Xocalı" adlı anım tədbiri keçirilib.
Azərbaycanın Türkiyədəki Səfirliyinin və Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə, Türkiyə hökumətinin nümayəndələri və digər rəsmi şəxslər, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, universitet rəhbərliyi, müəllim və tələbə heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım tədbiri şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tədbirdə çıxış edərək Azərbaycan ərazisində erməni dövlətinin yaradılması üçün əsrlər boyunca həyata keçirilən məkrli plandan, ermənilərin məqsədyönlü şəkildə Azərbaycan torpaqlarında yerləşdirilməsindən danışıb: "31 mart soyqırımı hadisələri çərçivəsində 100 minlərlə insanımız qətlə yetirildi. Tariximizi bilmək, birgə və güclü olmaq həyat prinsipimizə çevrilməlidir, qisas üçün deyil, varlığımızı yaşatmaq və inkişaf etdirmək üçün. Tarixi keçmişimizi bilmədən gələcəyi öyrənmək mümkün deyil. Çünki biz düşmənə qarşı yalnız tariximizi bilməklə mübarizə aparar və o hadisələrin bir daha təkrarlanmaması üçün tədbirlər görə bilərik".
Rəşad Məmmədov azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən 1905, 1907, 1918, 1937-ci illərdəki soyqırımlarla yanaşı, 1992-ci ildə törədilən Xocalı soyqırımını da xatırladıb.
Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri professor Aygün Attar, 31 mart 1918-ci ildə Bakı və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımının vəhşətinə diqqət çəkib və faktlar səsləndirib. TADİV rəhbəri xalqımıza qarşı törədilmiş bu soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının, həmçinin gənc nəsillər tərəfindən tariximizin bu qanlı səhifələrinin hər zaman xatırlanmasının zəruriliyini vurğulayıb. Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım çıxışında XX əsrdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərə toxunub. Millət vəkili, bütün çətinliklərə baxmayaraq, Azərbaycanın qalib ölkə kimi qürurla dayandığını və Türkiyənin də hər zaman Azərbaycanla bərabər olduğunu qeyd edib.
Qazi Universitetinin rektoru professor Musa Yıldız və Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin direktoru professor Alev Kuru çıxış edərək, Qazi Universitetinin Azərbaycanla bağlı mövzulara diqqətlə yanaşması, uzun illərdir Azərbaycan xalqının haqq işinə dəstək xarakterli tədbirlərin Qazi Universitetinin müəllim və tələbə heyətinin birgə səyləri ilə keçirildiyini qeyd ediblər. Çıxışçılar 1998-ci ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sərəncamı ilə rəsmi olaraq anılan 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tarixi faktlar səsləndiriblər.
Bundan sonra "İşğaldan zəfərə uzanan yolda Qazi Universitetində Qarabağ və Xocalı" adlı sənədli film nümayiş etdirilib.
Eskişəhər
Eskişəhərdə keçirilən ənənəvi "Çərşənbə söhbətləri" toplantısının növbəti mövzusu 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub.
Eskişəhər Azərbaycanlılar Dərnəyinin təşkil etdiyi həftəlik toplantıda dərnək üzvləri, azərbaycanlı tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Dərnəyin koordinatoru Cavid Əmirov 1918-ci il martın 30-dan aprelin 3-dək bolşeviklərin və erməni silahlı quldurlarının Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Qarabağ, Naxçıvan və digər ərazilərdə Azərbaycan xalqına qarşı törətdikləri qanlı qətliamlar barədə ətraflı məlumat verib. O bildirib ki, Bakı Sovetinin etnik erməni olan rəhbəri Stepan Şaumyanın göstərişi ilə martın 30-dan başlayaraq Bakıda aralarında qadınların, körpələrin və yaşlı insanların da olduğu minlərlə dinc Azərbaycan türkü və müsəlman əhalisi vəhşicəsinə qətlə yetirilib, yaşayış məntəqələri, milli memarlıq abidələri, məscidlər, qəbiristanlıqlar dağıdılıb, Bakının böyük bir hissəsi xarabalığa çevrilib. Nəzərə çatdırıb ki, ötən illər ərzində Azərbaycanda aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb, Şamaxı hadisələri ilə əlaqədar tədqiqat işləri aparılır: "Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə ermənilərin həyata keçirdikləri qanlı cinayətlərin coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının dəfələrlə çox olduğunu sübuta yetirir. Azərbaycan türklərinə qarşı edilmiş bu vəhşiliyi və cinayətləri unutmamalıyıq. Erməni vəhşiliyinə beynəlxalq müstəvidə lazımi siyasi-hüquqi qiymət verilməlidir", - deyə koordinator vurğulayıb.
Sonra toplantı iştirakçılarının sualları cavablandırılıb.
İstanbul
"31 mart soyqırımı azərbaycanlılara qarşı törədilən qəddar bir siyasətdir. Qüdrətlənən Azərbaycan Qarabağ zəfəri ilə 200 il boyunca davam edən belə vəhşi davranışlara son qoydu. Əminəm ki, güclü lider, xalq və ordu birliyi ilə Azərbaycan 31 Mart qəddar soyqırımının tarixdə bir daha təkrarlanmasına yol verməyəcək gücündədir".
Bu fikirləri İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlu mətbuata açıqlamasında bildirib.
"Tarixə baxdığımız zaman görürük ki, Azərbaycan türkləri, 1905, 1907, 1918, 1930, 1948, 1992-ci illərdə soyqırıma məruz qalıb" deyə bildirən Səfər Karakoyunlu, 31 mart 1918-ci ilin Azərbaycan türklərinin soyqırıma məruz qalmasının simvolik bir tarix olduğunu qeyd edib: "Bu qanlı hadisələr 1918-ci ildə yalnız 31 martda Azərbaycanda baş verən bir proses deyildi. Türkiyədə Ərzurum, Ərzincan, Qars ilə eyni vaxtda Lənkəranda, Qubada bu qırğınlar törədilmişdi. Bakıda, Şamaxıda, Zəngəzurda - təkcə bu 3 ərazidə 30 minə yaxın müsəlman türkləri qətlə yetirilmişdi. Bu qırğınlar beləcə 5-6 ay davam etmişdi.
Məlumdur ki, bu qətliamlar ermənilərin əli ilə edilib, sonradan müxtəlif dövlətlərdən də bu qanlı cinayətlərdə iştirak edənlər olub. Azərbaycan türklərinə qarşı edilən bu soyqırımı hadisələrində əsas məqsəd, onları öz ata-baba torpaqlarından bu yolla çıxarmaq olub. Hazırda Qarsda, İğdırda əksəriyyət insanlar İrəvan əsillidir. Bununla da erməni silahlıların əli ilə 80 faizdən çoxu müsəlman türkü olan İrəvanın demoqrafik quruluşunu dəyişdirdilər".
Səfər Karakoyunlu onu da bildirib ki, Türkiyədə mütəmadi olaraq Azərbaycanla bağlı həqiqətləri, o cümlədən 31 Mart Azərbaycanlıların soyqırımı mövzusunu dilə gətirir: "31 mart hadisələri zamanı həyatını itirən bütün Azərbaycan türklərini, o cümlədən Çanaqqalada şəhid olan azərbaycanlıları ehtiramla yad edirəm, Allahdan rəhmət diləyirəm".
Azərbaycan Ordusunun Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürməsi ilə bağlı yayılan rəsmi məlumatdan qürur hissləri yaşadığını bildirən İSTAD sədri deyib ki, tolerant ölkə olan və regionda böyük gücə çevrilən ölkəmizdə bir daha belə soyqırımı hadisələrinin yaşanmayacağına inanıram: "Çox millətləri özündə birləşdirən Azərbaycan doğru, haqlı bir yolu ilə Qafqazda parlayan bir ulduza çevrilib. Cənab İlham Əliyev də dəfələrlə söyləyib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan qanunları çərçivəsində yaşamaq hüququna malikdirlər, istəmirlərsə Azərbaycanın tarixi Qarabağ torpaqlarını tərk etməlidirlər. Bütün dünyaya nümunə olan Azərbaycan-Türkiyə müttəfiqliyi, güclənməkdə olan dünya türk birliyi bunun qarşısını alacaq. 200 il boyunca zülmə, soyqırıma, didərginlik həyatına məruz qalan Azərbaycan türkləri bir daha qəddar haqsızlıqlarla üzləşməyəcək. Çünki Azərbaycan 2020-ci ildə qazandığı şanlı Zəfər ilə zülmə son qoydu".
Esmira YAZKAN ASLANOVA,
''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.