Sosial siyasətin başlıca hədəfi əhalinin rifahının təminatıdır
Sosial həyat

Sosial siyasətin başlıca hədəfi əhalinin rifahının təminatıdır

Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Bu gün bütün dünyada hiss olunan qlobal böhran, əsas səbəb olaraq pandemiya və hərbi  toqquşmalardır. Son illərdə dünyada baş verən bahalaşma, qiymət artımlarının qlobal iqtisadiyyata fəal şəkildə qoşulmuş Azərbaycana da təsirsiz ötüşmədiyi nəzərə alınmaqla respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının bu təsirlərdən qorunması üçün zəruri və məqsədyönlü addımlar atılır. Ancaq dövlətimizin əsas prioriteti bütün bu proseslərin vətəndaşların rifah halına mənfi təsirinin qarşısını almaqdır.

Bu baxımdan dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında reallaşdırılan dördüncü sosial paketlə bu siyasətin ardıcıl səciyyə daşıması ilə Azərbaycan dövləti bir daha siyasətinin əsas qayəsinin vətəndaş rifahı olduğunu sübut edir. Həyat səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayan sosial ödənişlərin artırılması sosial islahatların əsas istiqamətlərindən biridir. 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönümlü xərcləri, respublikamızda həyata keçirilən siyasətdə sosial sferanın prioritetliyi təmin olunur. Azərbaycanın dərinməzmunlu sosial siyasətində əhalinin, xüsusilə də aztəminatlı insanların gəlir imkanlarının artırılması xətti xüsusi yer tutur. Respublikamızda dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında reallaşdırılan sosial paket çərçivəsində əməkhaqlarının və pensiyaların artırılması diqqət çəkir. Sözügedən sosial paketin əhatə dairəsi kifayət qədər genişdir.

Prezident İlham Əliyev yeni sosial islahat çərçivəsində sosial müavinətlər, təqaüdlər, maaşların artımı ilə bağlı bir sıra Sərəncam və fərmanlar imzaladı. Bu sərəncamlar xalqımız tərəfindən də böyük sevinc və rəğbətlə qarşılandı. Yeni Sərəncamla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşlarının 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırıldığı, eyni zamanda müavinət və təqaüdlərin də növbəti artımları həyata keçiriləcək. 2023-cü ilin yanvar ayından Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün 600 manata çatdırılıb. Həmçinin əlilliyi olan şəxslərə yönələn həm müavinətlər, həm də təqaüdlər artırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda  uşağın anadan olmasına görə birdəfəlik müavinət 500, dəfn üçün birdəfəlik müavinət 500, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il birdəfəlik müavinət 300 manata, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdü 330, elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdünün elmlər doktorları üçün 500, fəlsəfə doktorları üçün 300, yaşa görə müavinət 220 manata çatdırılıb. Eləcə də Fəxri adlara görə aylıq təqaüdün məbləğinin artırılması haqqında imzalanan Sərəncama əsasən, 2023-cü il yanvarın 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 200 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 150 manat müəyyən edilib. Yeni Fərman və sərəncamlarla ümumilikdə 660 min nəfərə yönələn sosial müavinət və təqaüdlərin artırılması təmin edilir.

Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin də məbləğləri 2023-cü il yanvarın 1-dən artırılır. Qeyd edək ki, bu artım 150 min tələbə və doktorantı əhatə edəcək.

Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla 800 mindən çox şəxsin sosial müavinət və təqaüdləri, ümumilikdə 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar edilir və bunun üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulur.

Sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Bütün  atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və bu, ictimaiyyət tərəfindən çox yüksək qarşılanır.

Bəybala  BƏYBALAYEV,

"Respublika".