Sosial şəbəkələrdə və internet resurslarında verilən məlumatlar dəqiq və obyektiv olmalıdır
Siyasət

Sosial şəbəkələrdə və internet resurslarında verilən məlumatlar dəqiq və obyektiv olmalıdır

Bu günlərdə Türkiyə Böyük Millət Məclisində internet mediasını dövri nəşrlər əhatəsinə alaraq saxta xəbər yayanlara 1 ildən 3 ilə qədər həbs cəzası nəzərdə tutan "Dezinformasiya ilə mübarizə haqqında" qanun qəbul edilib. İki həftə ərzində Türkiyə Böyük Millət Məclisində müzakirəsi davam edən qanuna əsasən internet mediası dövri nəşrlər sırasına salınacaq, jurnalist kimi çalışanlar isə mətbuat qanununun B bəndinə əsasən fəaliyyət göstərəcəklər. Bununla yanaşı, iş yeri, e-poçt, elektron bildiriş ünvanları, ticarət adı, əlaqə telefonu, həmçinin hostinq provayderinin adı və ünvanı internet xəbər saytlarında "əlaqə" başlığı altında saxlanılacaq ki, istifadəçilər də birbaşa ana səhifədən buraya daxil ola biləcəklər.

Türkiyə Böyük Millət Məclisində "Dezinformasiya ilə mübarizə haqqında" qanun qəbul edilib

Qəbul edilən qanuna görə internet xəbər saytlarına yayım qadağası tətbiq edilməyəcək. Lakin hər hansı bir internet xəbər saytı müddəalara əməl etmədiyi zaman, Baş Prokurorluq 2 həftə ərzində saytdan nöqsanların və yanlış məlumatların aradan qaldırılmasını tələb edəcək. Tələb 2 həftə ərzində yerinə yetirilməzsə, Baş Prokurorluq internet xəbər saytının fəaliyyətinin keyfiyyətini müəyyən etmək üçün birinci instansiya cinayət məhkəməsinə müraciət edəcək və məhkəmə 2 həftədən gec olmayaraq öz qərarını verəcək. Fəaliyyətin keyfiyyətsizliyi təsdiqini taparsa, sayt üçün verilə biləcək rəsmi reklam və elanlar, əməkdaşların mətbuat kartı ilə bağlı hüquqları ləğv olunacaq.

İnternet xəbər saytında dərc olunan materiallar düzgün və tam şəkildə 2 il müddətində saxlanılacaq, lazım gəldikdə sorğu edən Respublika Baş Prokurorluğuna çatdırılacaqdır. Nəşrin ədliyyə orqanları tərəfindən təhqiqat və təqib obyekti olması barədə internet xəbər saytına yazılı bildiriş verildiyi halda araşdırmalar və nəşrin dayandırılmasına qədər saytın qeydinin aparılması məcburi olacaq. Məsul şəxs zərərçəkənin düzəliş və cavab məktubunu internet xəbər saytlarında, eyni şriftlərdə və eyni qaydada, heç bir düzəliş və əlavə etmədən, müvafiq nəşrin səhifə və sütunlarında, məqalənin alındığı tarixdən ən geci bir gün ərzində URL linki təqdim etməklə dərc etməlidir. Nəşrlə bağlı məzmuna girişin bloklanması barədə qərarın icrası və ya məzmunun internet saytı tərəfindən avtomatik silindiyi halda düzəliş və cavab mətni müvafiq nəşrin aparıldığı internet saytında müəyyən müddət ərzində dərc olunacaq.

Çap məhsulları və ya internet xəbər saytları vasitəsilə törədilmiş cinayətlərə dair cinayət işləri əsaslandırma şərti kimi gündəlik dövri nəşrlər və internet xəbər saytları üçün 4 ay, digər mətbu nəşrlər üzrə isə 6 ay müddətində açılmalıdır. Bu müddət çap materiallarının Respublika Baş Prokurorluğuna təhvil verildiyi tarixdən, internet xəbər saytları üçün isə cinayət barədə məlumat verildiyi gündən başlayır.

Qanuna əsasən mətbuat vəsiqələrinin verilməsində də dəyişikliklər edilib. Belə ki, Rabitə Müdirliyi tərəfindən verilən vəsiqələr rəsmi şəxsiyyət sənədi olaraq qəbul ediləcək. Vəsiqə alan şəxs 18 yaşdan yuxarı olmalı, ən azı orta məktəbi və ya ona bərabər tutulan təhsil müəssisəsini bitirməli, dövlət xidmətlərinin göstərilməsi məhdudlaşdırılmamalı və qadağan edilməməlidir. Qanunda həmçinin, vəsiqələrin növləri də müəyyən edilib. Türkiyə vətəndaşı olan və media qurumunda çalışan media mənsublarına əlaqəli mətbuat kartı, Türkiyə mediasında çalışan xarici media mənsublarına zamanlı mətbuat kartı, müvəqqəti olaraq Türkiyədə iş səfərində olan media mənsublarına müvəqqəti mətbuat kartı, xaricdə müvəqqəti işləməyən və ya sərbəst jurnalistika ilə məşğul olan media mənsublarına verilən pulsuz mətbuat kartı və ən azı 18 illik peşəkar xidməti olan media mənsublarına və informasiya işçilərinə verilən daimi mətbuat kartı. Qeyd edək ki, media vəsiqələri, həmçinin bir sıra təşkilatların informasiya xidmətlərində çalışan işçilərə, media sahəsində fəaliyyət göstərmək şərti ilə ictimai maraqlar naminə fəal olduğu müəyyən edilən birlik və fondların rəhbərlərinə verilə bilər.

Mətbuat kartı tələb edən xarici media nümayəndələrinə media qurumu tərəfindən təyin olunduqlarını sənədləşdirmək üçün Beynəlxalq Əmək Qanununa uyğun olaraq iş icazəsi olduqda və əlaqəli olduqları qurumun qərargahının yerləşdiyi ölkənin Türkiyədəki səfirliyindən və ya konsulluğundan alınmış tövsiyə məktubunu təqdim etdikdə mətbuat kartını qarşılıqlı əsaslarla Rəyasət Heyəti tərəfindən əldə edə bilərlər.

Qanuna əsasən Mətbuat Kartı Komissiyası 19 nəfərdən ibarət olmalıdır. Üzvlərin səlahiyyət müddəti 2 il olacaq. Səlahiyyət müddəti bitmiş üzvlər yenidən seçilə bilərlər. Komissiya müraciət edənin ixtisasını, peşə təhsilini, işini və mükafatlarını qiymətləndirərək mətbuat kartının verilib, verilməməsi barədə qərar qəbul edəcək.

Türk Cəza Qanununda edilən dəyişikliklə dezinformasiya ilə mübarizə çərçivəsində ölkənin daxili və xarici təhlükəsizliyi, ictimai və sağlamlıq barədə ictimai asayişi poza biləcək şəkildə yalan məlumat yayan şəxs bir ildən üç ilədək azadlıqdan məhrumetmə cəzası alacaq.

Mehparə ƏLİYEVA,

"Respublika".