Sosial reabilitasiyaya cəlb edilən ukraynalı uşaqların Şamaxıya səfəri təşkil olunub
Sosial həyat

Sosial reabilitasiyaya cəlb edilən ukraynalı uşaqların Şamaxıya səfəri təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən ukraynalı uşaqların Şamaxı rayonuna səfəri təşkil olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlar Şamaxıda Ukraynanın Fəxri konsulluğunda olub, konsulluğun fəaliyyəti ilə yaxından tanış olublar. 2020-ci ilin oktyabrında təsis edilən konsulluğun açılmasının iki ölkə arasında ticarət-iqtisadi, mədəni-humanitar, turizm və digər sahələrdə regional səviyyədə ikitərəfli əməkdaşlığın inkişafına xidmət etdiyi bildirilib. Ukraynadakı vəziyyətlə əlaqədar zərərçəkən 29 nəfər ukraynalı uşaq Azərbaycanda mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya tədbirlərinə cəlb edilib. Bakı və Qəbələ şəhərlərindəki düşərgələrdə uşaqlar üçün art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar, tarixi yerlərə ekskursiyalar təşkil olunub. Eləcə də qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, ingilis dili kursları, foto çəkilişi, milli rəqslər, həmçinin digər ustad dərslərinə cəlb edilən düşərgə iştirakçıları regionlarımızın tarixi və görməli yerləri ilə tanış olmaq imkanı da əldə ediblər.

15 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir.

Mustafa KAMAL,

"Respublika".