Sosial müdafiə gücləndirilməklə rifah səviyyəsi yüksəlir
Sosial həyat

Sosial müdafiə gücləndirilməklə rifah səviyyəsi yüksəlir

Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsi də Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətlərindəndir. Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilir. 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərərçəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı fərman və sərəncamlar imzalanıb.

Müvafiq qanunvericiliyə edilən dəyişiklik nəticəsində müharibə dövründə həlak olan mülki şəxslərə də şəhid statusu verilib. Eləcə də, dövlət başçısının yanvarın 1-də imzaladığı sərəncama əsasən bir sıra kateqoriyadan olan insanların, şəhid ailələrinin, milli qəhrəmanların, I, II, III qrup Qarabağ müharibəsi əlillərinin, İkinci Dünya müharibəsi veteranlarının təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb. Həmçinin yeni təqaüd növü-”Vətən müharibəsi qəhrəmanı” təqaüdü təsis edilib.

Bütün bunların davamı olaraq Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür. Sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin də yaxın dövrdə mənzil və ya fərdi evlə təminatını nəzərdə tutur.

Hazırkı dövrə kimi Azərbaycanda şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bu kateqoriyadan olan şəxslər hərtərəfli sosial  təminat sistemi ilə əhatə olunublar.

Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da icra olunur. Eyni zamanda, şəhidin vərəsələrinə, müharibə əlillərinə sığorta ödənişi və digər ödəmələr həyata keçirilir. Həmçinin, şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları təhsil haqqı ödəməkdən azad olunurlar. Aktiv məşğulluq proqramlarında, (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) bu kateqoriyadan olan şəxslərə üstünlük verilir, eləcə də onların məşğulluğunun təmin edilməsi məqsədilə bütün işəgötürənlər üçün məcburi kvota müəyyən edilib. Bundan başqa, şəhid ailələrinin üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər də nəzərdə tutulub. Beləliklə, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.

Prezident İlham Əliyevin Fərmanı ilə YAŞAT Fondunun yaradılması bu kateqoriyadan olan insanlara qayğını daha da gücləndirir. Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarına və həlak olmuş əməkdaşların ailə üzvlərinə müvafiq yardımlar göstərir. Fondun yaradılması Prezident İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğının bariz nümunəsidir.

Onu da qeyd edək ki, cənab Prezidentin müvafiq Sərəncamı ilə şəhid ailələri və Qarabağ əlillərinin problemlərinin həlli ilə bağlı yerli icra hakimiyyəti orqanlarında müvafiq şöbə yaradılıb. Bu da onların sosial məsələlərinin həllinin daha çevik formada həll edilməsinə xidmət edir. Ümumiyyətlə, ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.

Buna görə də Qarabağın yenidən qurulması prosesində bütün xalqın iştirak etməyi vacibdir. Hər bir Azərbaycan vətəndaşı, o cümlədən başqa ölkələrdə yaşayan soydaşlarımız, habelə Azərbaycana dost olan insanlar bu prosesdə iştirak etməlidir. Bütün bunlar nəzərə alınaraq, hər kəsin bu prosesdə iştirakını təmin etmək məqsədilə Qarabağ Dirçəliş Fondu yaradıldı.

Fondun yaradılmasında məqsəd vətəndaş-dövlət münasibətlərini inkişaf etdirmək, bunu daha ali mərtəbəyə yüksəltməkdir. İnanırıq ki, Qarabağ Dirçəliş Fondu bütün insanlara imkan yaradacaq ki, prosesdə yaxından iştirak etsin. Fondun yaradılmasının digər bir önəmi odur ki, Qarabağdakı abadlıq, quruculuq prosesinə töhfə vermək istəyən şəxslərin fəaliyyətini vahid mərkəzdən idarə etməyə imkan verəcək.

Beləliklə, qeyd olunanlar göstərir ki, koronavirus pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq, Azərbaycanda nəzərdə tutulan sosial layihələr və sosial öhdəliklər nəzərdə tutulduğu kimi yerinə yetirilir.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır və xalqın qəlbində rəğbət doğurur.

Nurəngiz ADİLQIZI,

“Respublika”.