Sosial məsələlər həllini tapır
Region

Sosial məsələlər həllini tapır

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yeni ilin ilk səyyar qəbul və görüşünü Rudəkənar və Bala Şahağac kəndlərində keçirib. Sakinlərlə dialoq şəklində qurulan görüşdə görülmüş işlər, kəndin qayğıları geniş müzakirə olunub. Qeyd edilib ki, son illər Suparibağ inzibati ərazi dairəsinə daxil olan kəndlərdə yeni məktəb binaları tikilib, yollara asfalt örtük çəkilib, elektrik təsərrüfatında təmir işləri aparılıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Astaraçayda sahilbərkitmə işlərinin aparılması üçün vəsait ayrılıb. Görülmüş sahilbərkitmə işləri nəticəsində Rudəkənar kəndi ərazisində sel sularının qarşısı alınıb. Qapıçıməhəllə kəndi istiqamətində isə işlər davam edir.

Sakinlər çıxışlarında möhtərəm Prezidentimizin müdrik rəhbərliyi ilə bütün sahələrdə qazanılan yüksək nailiyyətlərdən, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən razılıqlarını bildiriblər. Əhalinin sosial problemlərinin həllinə, Astaraçayda sahilbərkitmə işlərinin aparılmasına göstərdiyi yüksək qayğıya görə Prezidentə sonsuz minnətdarlıqlarını ifadə ediblər.

Sakinlər tərəfindən Rudəkəran kəndinin Astara şəhərinə birləşdirilməsi, kəndə içməli su xəttinin çəkilməsi, məhəllə yolunun təmir edilməsi və məhəllədən keçən suötürücü kanalda borunun qoyulması barədə təkliflər səslənib.

Çıxışlarda Bala Şahağac kəndindən qonşu Lənkəran şəhərinə avtobus xəttinin açılmasına, elektrik təsərrüfatının SİP kabelləşməsinə, küçə işıqlandırılmasında sərf olunan enerjinin haqqının ödənilməsinə, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, balıq ovuna qanunsuz müdaxilələrin aradan qaldırılmasına ciddi ehtiyac olduğu vurğulanıb.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinlər qarşısında çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan sürətlə inkişaf edir, sosial məsələlər həllini tapır. Dövlətimizin davamlı qayğısı sayəsində Astara rayonunda da abadlıq, quruculuq işləri uğurla aparılır.

İcra başçısı Qəzənfər Ağayev qaldırılan məsələlərin, irəli sürülən təkliflərin həlli ilə əlaqədar müvafiq idarə, müəssisə rəhbərlərinə konkret tapşırıqlar verib, problemlərin həllini diqqətdə saxlayacağını söyləyib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".