“Sorma nədən Vətən yaxşıdır...
Sosial həyat

“Sorma nədən Vətən yaxşıdır..."

Döyüşlərdə şücaətilə seçilən şəhid Xudayar Yusifzadə gülər üzü, həm də xoş avazı ilə yaddaşlarda qaldı

44 gün davam edən Vətən müharibəsi bizə nə qədər qəhrəman, igid oğullarımızın olduğunu bir daha göstərdi. Onlar arasında ölümü ilə dastan yazanlar, dillər əzbərinə çevrilənlər də oldu, məhz Xudayar Yusifzadə kimi.

Mayın 28-də Bakıda ilk dəfə keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalında çıxışında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "Badi-Kubədən, yəni, küləklər şəhəri gözəl Bakıdan Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə mübarizə apardığı torpaqların hər qarışına, Natəvanın qəzəlinin eşidildiyi ovalıqlara, şəhidimiz Xudayar qardaşımın mahnı oxuduğu diyarlara, Gəncəyə, Şuşaya, Füzuliyə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgilərimi göndərirəm", - deyə söylədi.

Vətən müharibəsinin gülərüz və özünəməxsus ifa tərzilə könüllərdə özünə yer tapan şəhidi Xudayar barədə çox yazıldı. Onun ifası dillər əzbəri oldu. Təbəssüm dolu siması onu dərdsiz, heç zaman acı çəkməyən bir şəxs kimi tanıtdı bizlərə.

Bəli, onu hamımız gözəl ifası ilə tanıdıq. "Şair, sorma nədən Vətən yaxşıdır, adı gəlcək könlüm dastana döndü" deyərək, 44 günlük Vətən müharibəsində özü də dastana döndü. Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl, 2020-ci il oktyabrın 20-də döyüş zamanı Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə yazılan eyniadlı mahnını ifa etmiş və bunu telefon vasitəsilə lentə almışdır. Həmin video qısa müddət ərzində sosial medialarda paylaşılaraq trendə çevrildi. Onun şəhid olmasından sonra isə həmin video daha geniş yayıldı və Xudayar həmin mahnı ilə daha çox tanındı. Xudayarın ifasında təsnif xalq arasında "Xudayar təsnifi" olaraq məşhurlaşmışdı. Təsnifin bəstəkarı xanəndə Əlibaba Məmmədovun təşəbbüsü ilə "Xudayar təsnifi" adlandırılmışdır. Əlibaba müəllim Xudayarın ifası haqqında deyirdi: "Mən yüzlərlə bu cür vətənpərvər musiqinin müəllifiyəm. O təsnifi böyük qəzəlxan Əliağa Vahidin sözlərinə bəstələmişəm. Şəhid Xudayar Yusifzadənin videosunu izlədim, çox gözəl səsi var imiş, heyif o səsdən. Bir tərəfdən təsnifin dillər əzbəri olması məni sevindirir, digər tərəfdən isə Xudayarın vaxtsız itkisi məni çox kədərləndirir. O görüntülər hamıdan çox mənə təsir etdi. Nə deyim, Vətən sağ olsun!".

Xudayar kiçik yaşlarından Ağdamın sənət adamlarının ifasını dinləməyi xoşlayarmış. Bəzən, Səxavət Məmmədovun "Azad bir quşdum" mahnısını özünəməxsus bir şəkildə ifa edərmiş. Səsinin məlahətli və çəkici olduğunu görən hər kəs onun gələcəkdə məşhur bir xanəndə olacağını deyirdi. Elə ailə üzvləri də bu niyyətlə onu Bərdə şəhər 1 saylı musiqi məktəbində xanəndəlik sinfinə aparır. Məktəbə qəbul üçün seçim turlarında uşaqların hamısına "Şuşanın dağları" mahnısını öyrənmək tapşırılır. Bir neçə gün sonra seçimə qatılan Xudayar "Azad bir quşdum", arxasınca isə "Şuşanın dağları" mahnısını ifa edir. Xudayarın ifasından sonra müəllimlər ondan niyə tapşırılmayan "Azad bir quşdum" mahnısını ifa etdiyini soruşurlar. O, hazırcavablığı ilə "Müəllim, Şuşanın başı dumanlı dağlarını görmək üçün azad bir quş olmaq lazımdır. Amma o da gənc yaşında torpağa düşür" cavabını verir.

Məşhur "Vətən yaxşıdır" mahnısı əsasında, sənətçilərimiz tərəfindən Xudayarın şərəfinə "Xudayar təsnifi" hazırlanaraq yayıldı. Cəsurluğu, mərdliyi, qəhrəmanlığı ilə yazdı dastanını şəhid Xudayar.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib. Təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində büstü qoyulub.

Anası Radə Yusifzadənin xatirələrindən: "Mən onun döyüşlərdə olduğunu bilmirdim. Bizə demirdi. Hər dəfə gülə-gülə danışırdı, deyirdi, bizi döyüşə aparmırlar. Təlimlərdəyəm. Bircə dəfə arxadan güllə səslərini eşidəndə dedim o nə səsdi? Cavab verdi ki, Zəngilanı almışıq, əsgərlər atəşfəşanlıq edirlər. Biləndə ki, döyüşdədir, ancaq xeyir-dua verdim. Balaca dayısına demişdi ki, döyüşə gedirəm".

Şəhidimizin nənəsi Tovuz Məmmədova: "Xudayarın şəhid xəbərini gətirən dostları dedilər ki, düşmən mühasirəsində qalmış yoldaşlarından birinə deyib, qorxma, gəlib səni xilas edəcəm. Dostunu mühasirədən çıxarıb sağ-salamat qayıtmışdı. Biz dostları gəlib danışana qədər bilmirdik ki, Xudayar Füzuli, Hadrut, Zəngilan, Kəlbəcər, Qubadlı uğrunda qaynar döyüşlərdə iştirak edib. Mən balamla fəxr etmişəm həmişə. Yenə fəxr edirəm. Çünki oğul böyüdəndə bilirik ki, o, vətən üçün böyüyür".

Təəssüf ki, müharibə Xudayarın arzularını ürəyində qoydu. Özündən geriyə yadigarı qalmasa da, bütün Azərbaycan onu özünə övlad bilir, gözəl səsi, nurlu siması, gülüşləri ilə yaddaşlara həkk olunub. Bir də heç vaxt xanəndə olmayan gizir elə bircə mahnı ilə xanəndə kimi də tanındı. Adı dillər əzbəri olan şəhidimiz Xudayar Yusifzadənin və onun silahdaşlarının qəhrəmanlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Xudayar Yusifzadə Zəfər tariximizin bir parçası olaraq daim yaddaşlarda yaşayacaqdır.

M.MİRZƏ,

 "Respublika".