SÖNMÜŞ ÜMİDLƏR OYANDI
Region

SÖNMÜŞ ÜMİDLƏR OYANDI

Vətən, torpaq, yurd, ocaq, bayraq Azərbaycan xalqının ən müqəddəs dəyərləri, mənəvi keyfiyyətidir. Bu qiymətli ənənələr nəsildən-nəsilə ötürülür, varlığına, taleyinə dəyən zərbələr nə qədər ağrılı və sarsıdıcı olsa da, sınmayıb, əyilməyib, qamətini şax saxlayıb.

Torpağının üstü də, altı da sərvət olan Odlar yurdu həmişə düşmənlərə gözdağı olub, məmləkətimiz iki əsr ərzində dəfələrlə təcavüzə, işğala, deportasiyaya, etnik təmizləməyə məruz qalıb. Yüz minlərlə azərbaycanlı doğma torpağından didərgin salınıb, yurdu, evi zorla, hiyləylə əlindən alınsa da, bu xalq heç zaman büdrəməyib. Düşmən qarşısında baş əyməyib, yadelli işğalçılara qarşı mübarizəyə qalxıb, qan tökərək, şəhid verərək şərəfini, ləyaqətini bərpa edib. 44 günlük Vətən müharibəsi xalqımızın çoxəsrlik mübarizəsinin ən uca zirvəsi oldu. Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımız qana-qan, qisasa-qisas hayqıraraq keçilməz sədləri keçdilər, aşılmaz qayaları aşdılar, erməni işğalına son qoydular.

Dünya çalxalanır, müharibələr, siyasi mübarizələr, təhdidlər mövcud coğrafiyanı dəyişməyə yönəlib. Azərbaycan da elə bir məkandadır ki, ətrafındakı bəzi ölkələr əjdaha kimi ağzını ayıraraq onu udmaq, parçalamaq istəyir, müstəqilliyini, azadlığını qəbul etmək istəmirər, Odlar yurdunu kölə kimi görmək istəyirlər. Son otuz ildə ermənilərin əli ilə bu murdar və iyrənc niyyətlərini həyata keçirməyə cəhd etdilər, haqsızlığa, ədalətsizliyə yol verərək işğalçını müdafiə etdilər, azərbaycanlıların pozulan hüquqlarına biganə qaldılar. Təcavüzkar Ermənistanın başına sığal çəkdilər, dünyada bir "qalib" erməni xalqı mifi yaratdılar. Bütün bunlara qarşı böyük mətanətlə, qeyrətlə, şərəflə, şücaətlə, dəyanətlə dayanan, dünya siyasət meydanında ləyaqət və cəsarətlə mübarizə aparan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, gərgin fəaliyyəti nəticəsində ölkəmizə diş qıcayan imperialist qüvvələr geri çəkildi, himayə etdikləri işğalçı ermənilər torpaqlarımızdan qovuldular.

Ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə dövlətimizin başçısı İlham Əliyev dünyaya bir çox mesajlar verdi və bunlardan ən önəmlisi Qərbi Azərbaycanla bağlı oldu. Prezident bildirdi ki, iki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni daşnakları törədib, məscidləri, tarixi abidələri, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eyni vəhşiliyi onlar Qərbi Azərbaycanda da ediblər. Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış insanlardır. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır.

Bütün bunlar barəsində Zəngəzur mahalının Nüvədi kəndindən deportasiya edilmiş Balakişi Həsənovla fikir və düşüncələrimizi bölüşdük, gələcəyə sarsılmaz inam üstündə söhbətimiz xeyli çəkdi. Yurd həsrəti alnının qırışlarında, gözlərinin dərinliyində, kəlmələrinin kövrəkliyində, uzaqlara dikilən baxışlarında çox aydın hiss olunur. Deyir ki, yatanda da üzü Nüvədiyə tərəf yatıram, elə bir gün olmur ki, kəndimizi, onun qoçaq adamlarını, bağlarımızı, dağlarımızı xatırlamayam. Hörmətli Prezidentimiz İlham Əliyevin bu günlərdə Qərbi azərbaycanlılarla görüşü sönmüş ümidlərimizi oyatdı, bizə çox böyük toxdaqlıq verdi, sevincdən göz yaşlarımızı saxlaya bilmədik. Onun böyük nitqini sona qədər dinlədim və bu mənə böyük güc, qürur verdi. Mən də inanıram ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, tezliklə öz doğma torpaqlarımıza, o gözəl yaylaqlara, yurd yerlərimizə dönəcəyik.

Həmsöhbətim Balakişi Həsənov bildirir ki, Qərbi azərbaycanlılar doğma torpaqlarına dönəcəkləri günü səbirsizliklə gözləyirlər. Bu ahıl yaşımda doğma torpaqlara qayıdacağıma böyük ümid bəsləyirəm, vallah, gözlərimə işıq, dizlərimə təpər gəlib. Biz Qərbi Azərbaycanın sahibiyik, yerliyik, ancaq ermənilər bu torpaqlara gəlmədirlər. Bizim kəndimizdə 300 ailə yaşayırdı. Hamının yaxşı şəraiti, dolanışığı vardı. Nüvədililər ermənilərə qarşı axıra qədər döyüşdü, yurdunu tərk etmədi, fəqət, ermənilərin təzyiqlərinə, hücumlarına tab gətirə bilmədik, hayımıza, köməyimizə çatan olmadı. Əziyyətlə tikib-qurduğumuz evləri, sərvətləri düşmən ələ keçirdi. Hələ bizə vurulan yaraları, mənəvi əziyyətləri demirəm... Biz o vaxt doğma Nüvədiyə ən yaxın yerə - Zəngilanın Vejnəli kəndinə gəldik. 1993-cü ildə Zəngilan işğal edilən günə qədər burada yaşadıq. Biz də zəngilanlılarla birgə Arazı keçib İrana, oradan da Azərbaycana gəldik... Tarixi faktlar, haqq bizim tərəfimizdədir. Dünyanın harasına gedirsən get, üçbeş gündən sonra Vətənə qayıtmağa tələsirsən. Bir bayatını həmişə pıçıldayıram:

Əzizim Vətən yaxşı,

Geyməyə kətan yaxşı,

Gəzməyə qərib ölkə

Ölməyə Vətən yaxşı.

Salman ALIOĞLU,

"Respublika".