Son bir həftədə daha 1300-dən çox müharibə əlilinə birdəfəlik ödəmə təyin edilib
Sosial həyat

Son bir həftədə daha 1300-dən çox müharibə əlilinə birdəfəlik ödəmə təyin edilib

Prezident İlham Əliyevin tapşırığı əsasında yeni sosial dəstək proqramının - 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, son bir həftədə həmin kateqoriyalara aid olan daha 1300-dən çox müharibə əlilinə proaktiv qaydada birdəfəlik ödəmə təyin edilərək bank hesablarına köçürülüb və bu barədə onlara SMS göndərilib.

Beləliklə, qeyd olunan dövrədək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş artıq 12 min 300-dən çox şəxsə proaktiv qaydada birdəfəlik ödəmə təyin olunub.

E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etdiyi halda onların vərəsələri birdəfəlik ödəməni almaq üçün müvafiq sənədləri linkdə https://sosial.gov.az/post_576347 qeyd edilən qaydada təqdim etməlidirlər.

AZƏRTAC