Son beş ildə şəkər çuğundurunun istehsal həcmi və hər hektardan məhsuldarlığı 1,5 dəfə artıb
İQTİSADİYYAT

Son beş ildə şəkər çuğundurunun istehsal həcmi və hər hektardan məhsuldarlığı 1,5 dəfə artıb

Keçmiş SSRİ-də iqtisadiyyat qəsdən elə “planlaşdırılmlşdı” ki, müttəfiq respublikalar bir-birindən asılı vəziyyətə düşsünlər. Məsələn, pambıq bir respublikada yetişdirilir, yığılır, amma emal sənayesi kənarda—başqa respublikada qurulurdu.  Filiz birində çıxarılır, lakin boru istehsal etmək üçün başqa respublikaya göndərilirdi və s.

Məhz belə “planlaşdırma” səbəbindən Azərbaycanda şəkər sənayesi yox dərəcəsində idi. Biz şəkəri başqa respublikalardan, əsasən də Rusiya və Ukraynadan idxal edirdik. Ona görə də 2000-ci illərin əvvəllərində Azərbaycanda şəkər sənayesini inkişaf etdirmək əsas vəzifələrdən   biri idi. Həmin dövrdə ölkənin şəkərə olan tələbatı (adambaşına illik istehlak norması 22 kiloqramdır) təxminən 250-260 min ton idi. Onun idxalı üçün dövlətimiz hər il 20 milyon ABŞ dolları xərcləyirdi. 20-25 il bundan əvvəl hələ iqtisadiyyatı zəif  olan Azərbaycan üçün bu, böyük pul idi.

Şəkərin qiymətli xammalı olan şəkər çuğundurunun yetişdirilməsi və emalı üçün hər cür təbii iqlim şəraiti və  buna güclü tələbat olmasına rəğmən, Azərbaycanda şəkər zavodunun yoxluğu təəssüf doğururdu. Qəbul olunan Dövlət proqramlarında bu iş zərgər dəqiqliyi ilə nəzərə alındı, hətta bu işə xarici investorlar da cəlb olundu. Tezliklə bölgələrimizdə şəkər zavodları tikildi və şəkərə olan tələbat öz yerli istehsalımız hesabına ödənməyə başlandı.

Xatırladaq ki, cəmi 5 il bundan əvvəl Azərbaycanda emal üçün şəkər çuğundurunun əkin sahəsi 4800 hektar, hər hektardan məhsuldarlıq 380 sentner, məhsul həcmi 185 min ton idi.

Amma ötən il  emal üçün nəzərdə tutulan şəkər çuğundurunun əkin sahəsi 5 min hektarı ötmüş, yığılmış məhsul istehsalı 255 min tona çatmış, hər hektardan məhsuldarlıq isə 512 sentner təşkil etmişdir.

Göründüyü kimi, son beş ildə emal üçün nəzərdə tutulan şəkərin həm istehsal həcmi, həm də onun hər hektardan məhsuldarlığı 1,5 dəfə artmışdır.

 Nəriman CAVADOV,

“Respublika”.