Son beş ildə ölkədə pambığın istehsalı 7, hər hektardan məhsuldarlıq isə 2 dəfə artmışdır
İQTİSADİYYAT

Son beş ildə ölkədə pambığın istehsalı 7, hər hektardan məhsuldarlıq isə 2 dəfə artmışdır

Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafına, xüsusilə ölkəyə daha çox valyuta gətirən kənd təsərrüfatı məhsullarının istehsalına geniş imkanlar yaradılıb. Kənd təsərrüfatının inkişafına, yeni iş yerlərinin açılmasına, ölkəyə valyuta gətirə biləcək sahələrdən biri də pambıqçılıqdır.

Pambıqçılıq Azərbaycan üçün ənənəvi kənd təsərrüfatı sahəsidir və bunun qədim tarixi var. Lakin ötən əsrin 90-cı illərindən başlayaraq bu sahəyə diqqət azalmışdı, ancaq 2016-cı ildən etibarən, ölkə başçısı İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində Azərbaycanda pambıqçılıq yeni bir inkişaf dönəmini yaşamaqdadır. 2016-cı ildə təxminən 100 min hektarda pambıq əkilsə də, məhsuldarlıq həddən artıq çox aşağı idi. Sonrakı illərdə bu sahədə görülən məqsədyönlü tədbirlər nəticəsində məhsuldarlıq rekord həddə çatdırılıb. Xüsusən də Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” nın icrası nəticəsində bu uğurları əldə etmək mümkün olub.

Əgər 2018-ci ildə 132 min hektarda əkilən pambıq sahəsindən 233 min ton məhsul götürülmüşdüsə və hər hektardan məhsuldarlıq 17,6 sentner təşkil etmişdisə, 2019-cu ildə 2018-ci illə müqayisədə 32 min hektar az sahədə, daha dəqiqliklə desək, 100 min hektar sahədə pambıq əkildi. Lakin rekord həddə - 294 min ton məhsul götürüldü və hər hektara məhsuldarlıq 29,4 sentner təşkil etdi. Burada bir məqamı təkrar edərək rəqəmləri müqayisə etməklə keçilən inkişaf yoluna nəzər salmaq olar.

Məhz yuxarıda adıçəkilən Proqramın uğurla icrası nəticəsində 2019-cu ildə Azərbaycanda pambıq əkin sahələri azaldılsa da, əvvəlki illərlə müqayisədə rekord həddə çatdı. Hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Pambıq sahələrindən rekord məhsulun yığılması isə mütərəqqi texnologiyaların tətbiqi nəticəsində mümkün olub. Nəticədə dövlətin bu sahəyə qayğısı nəticəsində Azərbaycanda pambıqçılıq dirçələrək, çox gəlirli sahəyə çevrilib.

Pambıqçılıq sahəsində qazanılan uğurlar ölkə iqtisadiyyatına öz töhfəsini verməkdədir. Bu sahənin inkişaf etdirilməsi işsizlik probleminin də aradan qaldırılmasında böyük rol oynamaqdadır. Belə ki, təkcə kəndlərdə yaşayan insanların işlə təmin olunması, gəlirlərinin artması baxımından deyil, ümumiyyətlə ölkə iqtisadiyyatının, xüsusən də qeyri-neft sektorunun digər sahələrindən yeni sənaye müəssisələrinin, məsələn, toxuculuq və digər yüngül sənaye müəssisələrinin yaradılmasında əhəmiyyətli rol oynayır. Pambıq texniki bitki olsa da, onun toxumunu - çiyidi emal etməklə ərzaq üçün, yağ və heyvandarlıq üçün qüvvəli yem istehsal olunur. Bu gün yüksək səviyyədə rafinə olunmuş pambıq yağı və digər məhsullar daxili və xarici bazarlarda satılır.

Bu, həm yeni iş yerlərinin açılması, əhalinin sosial-maddi rifah halının yaxşılaşması, həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də digər tələbatların daxili imkanlar hesabına təmin edilməsi deməkdir. Rəsmi statistikaya görə, hər il pambıqçılıq fermerlərə və şirkətlərə, ümumiyyətlə, Azərbaycana 100 milyonlarla dollar gəlir gətirir.

Bu sahəyə yetirilən diqqət nəticəsində fermerlərin, sahibkarların və əhalinin ölkədə pambıqçılığın inkişafına marağı ilbəil artmaqdadır.

“Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur. Bu gün Azərbaycan nəinki 500 min ton, hətta daha çox pambıq istehsal etmək potensialına malikdir.

Sadəcə insanları bu sahəyə stimullaşdırmaq qalır. Ölkə başçısı bu sahənin inkişafı ilə bağlı lazımi dəstəyi verir. Ölkə başçısı ümumiyyətlə kənd təsərrüfatının müasir texnologiyalar və aqrotexniki qaydada daha da inkişaf etdirilməsi, Dövlət proqramlarının həyata keçirilməsi məqsədilə çoxsaylı sərəncamlar, 2016-cı ildə isə Strateji Yol Xəritəsi imzalanıb. İmzalanan sənədlərdə həm pambıqçılığın, həm kənd təsərrüfatının, həm də qeyri-neft sektorunun digər sahələrinin inkişafı ilə bağlı konkret müddəalar öz əksini tapıb.

Azərbaycan Prezidenti İlham Əliyevin pambıqçılığın inkişafına göstərdiyi ardıcıl diqqət və qayğısı bu sahənin bərpasını və inkişafını təmin edib. Pambıqçılığın inkişafına həsr edilən Sabirabad müşavirəsində (17 sentyabr 2016-cı il) dövlət başçısı bildirib ki, 2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq.

Daha sonra dövlət başçısı müşavirədə deyib: “Bu il pambıqçılığın sürətli inkişafı üçün 3700 kənd təsərrüfatı texnikası alınmışdır. Onlardan 100-dən çoxu pambıqyığan kombaynlardır. Əlavə 100-dən çox kombayn oktyabr ayının birinci yarısında ölkəmizə gətirilməlidir. Gələn il isə 60 kombayn gətiriləcək”.

Bərdə rayonunda keçirilən pambıqçılıq müşavirəsində (26 mart 2018-ci il) isə mövzu daha geniş təhlil edilmişdir. Müşavirədə iştirak edən dövlət başçısı deyib ki, son illər ərzində 15 min 700 texnika alınıb ki, bunun da 400-dən çoxu pambıqyığan kombaynlardır. Alınan kombaynların böyük əksəriyyəti Amerikanın ən qabaqcıl şirkəti olan “John Deere”dən alınan kombaynlardır. Hansı ki, bu kombaynlar pambıq məhsulunun keyfiyyətlə yığılması baxımından ən yüksək standartlara cavab verir. Dövlət investisiyaları nəticəsində əkilən sahələrin suvarma sistemi yaradılıb.

Bu sahənin inkişafı ilə əlaqədar olaraq sahibkar və fermerlərə güzəştli kreditlər, o cümlədən subsidiyalar verilməkdədir. Bütün bunlar onu deməyə əsas verir ki, növbəti illərdə Azərbaycanda pambıqçılıq daha da inkişaf edəcək. Pambıqçılığın inkişafı özü ilə yeni istehsal sahələrinin yaradılmasına, nəticədə isə ölkə iqtisadiyyatının inkişafına öz müstəsna töhfəsini vermiş olacaq.

Yeri gəlmişkən qeyd edək ki, 2015-ci ildə ölkədə cəmi 35 min ton “ağ qızıl” istehsal olunmuşdu ki, bu da hər hektardan cəmi 18 sentner məhsul demək idi.

2020-ci ilin yekununa görə isə ölkədə pambıq əkini sahələri artırılmadan (100 min hektar civarında) 336,5 min ton “ağ qızıl” toplanmışdır. Bu, hər hektardan 33,6 sentner “ağ qızıl” deməkdir. Beləliklə, son beş ildə hər hektardan məhsuldarlıq 2 dəfə, istehsal isə 7 dəfə artıb.

Nəriman CAVADOV,

“Respublika”.