Son 50 ildə çəltikçilikdə bir ilk
İQTİSADİYYAT

Son 50 ildə çəltikçilikdə bir ilk

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, çəltik istehsalının artırılması və əhalinin düyüyə olan tələbatının ödənilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülür.

Nazirliyin mətbuat xidməti bildirir ki, çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı, yerli və rayonlaşdırılmış sortları toxumçuluğun yaradılması məqsədilə bu sahədə toxumla təminat istiqamətində həyata keçirilən tədbirlər müvəffəqiyyətlə nəticələnib. Son 50 ildə ilk dəfə olaraq Azərbaycanda sertifikatlaşdırılmış çəltik toxumu istehsal edilib. ƏETİ tərəfindən Lənkəran rayonunda istehsal olunan "Avanqard" çəltik sortunun ölkə ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilib və mühafizə olunan seleksiya nailiyyətlərinin dövlət reyestrində qeydiyyatdan keçirilib.

"Avanqard" çəltik sortunun 500 kiloqram "Orijinal" və 1200 kiloqram "Super elit" toxumu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən sertifikatlaşdırılıb. Bundan başqa, 3 illik fəaliyyətin nəticəsi olaraq ötən ildə çəltiyin 2 yerli "Zəfər" və "Bəstə" sortları dövlət sınağının keçirilməsi məqsədilə Aqrar Xidmətlər Agentliyinə təqdim edilib.

Çəltikçiliyin inkişaf etdirilməsi üçün yerli imkanlardan səmərəli istifadə edilməsi, yeni çəltik sortlarının genefondunun yaradılması, yerli şəraitə uyğun formalarının seçilməsi və onların toxumçuluq sisteminin yaradılması istiqamətində tədqiqat işlərinin əhəmiyyəti böyükdür.

Sortların yaradılması, toxum istehsalı və kadr potensialının artırılması istiqamətində Pakistan, Türkiyə, İran və Malayziyanın müvafiq elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq davam etdirilir.

N.CAVADOV,

"Respublika".