Soltanağa Bayramov
Sosial həyat

Soltanağa Bayramov

Soltanağa Nəhmət oğlu Bayramov 17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuşdur. Orta təhsilini Astara rayonunda almışdır. 1957-ci ildə Lənkəran Tibb Məktəbini bitirərək, təyinatla hərbi hospitalda əmək fəaliyyətinə başlamışdır. 1967-ci ildə fizioterapevt, sonra isə rentgenoloq-texnik vəzifəsində işləmişdir.

Soltanağa həkim hospitalda çalışdığı müddət ərzində kollektivin dərin hörmətini qazanır. Hamı onu qayğıkeş, prinsipial, qanunpərəst, ədalətli bir insan kimi tanıyırdı. "Səhiyyə əlaçısı" adını qazanmışdı. Milli Ordumuzun neçə-neçə əsgərinin sağalıb fəal həyata qayıtmasında Soltanağa Bayramovun böyük əməyi olmuşdur.

1990-cı il... Xalqımız çətin sınaqlarla üz-üzə durmuşdu. Xarici dövlətlərin havadarlığı ilə daxili düşmənlər: vətən xainləri, nankorlar, satqınlar respublikanı parçalamaq üçün hər cür rəzil əməllərə əl atırdılar. "Talış Muğan respublikası" yaratmaq xülyası ilə yaşayan Əlikram Hümbətov öz quldur dəstəsi ilə Azərbaycanın cənub bölgələrində ağır cinayətlər törədirdi. Soltanağa həkim kimi neçə-neçə insan separatçı dəstənin şəxsi ambisiyasının qurbanı oldu, onun haqsız əməllərinin güdazına getdi. Lakin Azərbaycanın mərd oğulları bütün bu çətinliklərə sinə gərərək cinayətkar dəstələri məhv etdi.

1993-cü ilin isti iyul günlərində Surət Hüseynovun qiyamından çox keçməmiş ölkəmizin cənub regionunda yeni bir münaqişə ocağı yaradıldı. Bu dəfə briqada komandiri olan polkovnik Əlikram Hümbətov bir qrup separatçını ətrafına toplayaraq Azərbaycanı parçalamaq planını işə saldı. Bu, elə bir vaxt idi ki, qarmaqarışıqlıqdan istifadə edən Ermənistan qoşunları rayonlarımızı bir-birinin ardınca işğal edirdi. Tabeliyindəki briqadanı və zirehli texnikanı döyüşdən geri çəkən Əlikram Hümbətov bu xain hərəkəti ilə Azərbaycana arxadan zərbə vurdu.

Ümummilli liderimiz Heydər Əliyev separatçılara silahı yerə qoyub məsələnin danışıqlar yolu ilə nizama salınmasını təklif etsə də üzdəniraq polkovnik qara əməllərini yenidən davam etdirdi. Vəziyyətin daha da gərginləşdiyini görən dahi rəhbər televiziya ilə cənub bölgəsinin əhalisinə müraciət etdi. Həmin tarixi müraciətə on minlərlə insan səs verdi. Əhali əlikramçılara qarşı birləşərək ayağa qalxdı. Avqustun 23-də isə separatçılar çirkin niyyətlərini sonadək həyata keçirə bilməyərək ifşa olundular. Onların bir çoxu inzibati orqanlar tərəfindən həbs edildi, digərləri isə Rusiyaya və digər xarici ölkələrə qaçdılar.

Beləliklə, Azərbaycanın bütövlüyünün qorunmasını özünün tarixi missiyası sayan ulu öndər Heydər Əliyev respublikamızın parçalanmasının qarşısını aldı. Həmin hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı və ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir. Xalq Vətənə xəyanət edən cinayətkar ünsürlərin həbs olunmasını, törətdikləri əməllərə görə cəzaya layiq görülməsini istədi. Nəticədə respublikamızın müqəddəs və müstəqil dövlətçiliyinə qəsd etmək xülyasına düşənlərin niyyətləri gözlərində qaldı.

23 avqust 1993-cü ildə keçirilən əməliyyatda qəlbi Vətənə, xalqa sədaqətlə dolu olan Soltanağa Bayramov da öz vətənpərvərlik borcunu ləyaqətlə yerinə yetirdi, quldurlar hərbi hospitala hücum edərkən onlara ciddi müqavimət göstərdi. Lakin döyüşdə faciəli surətdə həlak oldu. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Lənkəran şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir və küçələrdən birinə onun adı verilmiş, büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

M.CƏFƏROV,

"Respublika".