Slesaryov Mixail Aleksandroviç
Sosial həyat

Slesaryov Mixail Aleksandroviç

Mixail Aleksandroviç Slesaryov 8 may 1955-ci ildə Rusiya Federasiyasının Smolensk şəhərində dünyaya göz açmışdır. O, orta məktəbdə təhsil alarkən şəxsi davranışı ilə sinif yoldaşlarından fərqlənir, tədris olunan bütün fənlərə böyük maraq göstərirdi. Mixailin idmana böyük marağı var idi. Futbol, voleybol üzrə yarışlarda onun azarkeşləri həmişə çox olardı. İdman sahəsində qazandığı uğurlara görə o, dəfələrlə diplomlara layiq görülmüşdür.

Mixail Slesaryov 1970-ci ildə 4 saylı Smolensk şəhər orta məktəbini bitirdikdən sonra təhsilini 19 saylı texniki-peşə məktəbində davam etdirmiş, elmi biliklərə mükəmməl yiyələnməyə səy göstərmişdir. Smolensk Kənd Təsərrüfatı Texnikası Birliyində traktorçu kimi əmək fəaliyyətinə başlamış, az vaxtda texnikanın sirlərini mükəmməl öyrənmiş, gördüyü hər bir işi vaxtında və keyfiyyətlə yerinə yetirmişdir.

1975-ci ildə Mixail əsgəri xidmətə çağırılır. O, doğmaları qarşısında söz verdi ki, hərbi xidmətdə Vətən borcunu qeyrətlə yerinə yetirəcək. Komandanlığın hörmətini qazanacaq. Mixail qürur hissi keçirirdi ki, hərbi xidmətini Cənubi Qafqazda Bakı şəhərində, Xəzər dənizinin mavi sahillərində keçirir. Smolensk şəhərində yaşayan valideynlərinə yazdığı məktublarında Bakının beynəlmiləl bir şəhər olduğunu həvəslə qeyd edirdi.

Mixail Slesaryov hərbi xidmətini Bakıda başa vurduqdan sonra qəlbinin hökmü ilə Tbilisi Gizirlər Məktəbinə daxil olur. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra yenidən Bakıya qayıdır. Əvvəlcə gizir, 1981-ci ildən 1986-cı ilə qədər motoatıcı taqımın komandiri, 1986-cı ildən 1999-cu ilin yanvar ayına qədər isə mühafizə taqımının rəisi vəzifələrində çalışır.

Mixail Slesaryov 7 yanvar 1999-cu ildə Qobustan həbsxanasında xidməti vəzifəsini yerinə yetirirdi. Axşamdan bir dəstə məhbus mühafizəçini tərk-silah edərək həbsxanadan qaçmağı qarşıya məqsəd qoymuşlar. Çox çətin vəziyyət yaranmışdı. Adi bir diqqətsizlikdən acınacaqlı hadisələr baş verə bilərdi. Mixail Slesaryov bu qiyamın qarşısını almaq üçün cəld əməliyyat qrupu yaratdı. Əməliyyat uğurla keçdi. Qiyamçılar zərərsizləşdirildi.

Çox təəssüf ki, bu hadisə zamanı itki də oldu. Bu hadisədə Mixail Aleksandroviç qəhrəmanlıq nümayiş etdirdi. Ona kiçik leytenant rütbəsi verildi. Sonralar Mixail Slesaryov taqım komandiri vəzifəsinə irəli çəkildi. 2014-cü ildə vəfat edibdir.

Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli Fərmanı ilə Slesaryov Mixail Aleksandroviç “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Qədir ASLAN,
“Respublika”.