Digər xəbərlər

"Sizin Yurd" MMC və direktoru inzibati qaydada cərimələnib

Azərbaycan Respublikası Baş Prokurorluğunun "Çağrı Mərkəzi"nə paytaxtın Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində "Sizin Yurd" MMC tərəfindən ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatla bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla həmin MMC tərəfindən tikinti aparılarkən iri diametrli ağacların qanunsuz kəsilməsi müəyyənləşdirildiyindən, hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci (yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən ağacın qanunsuz kəsilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti rayon məhkəməsinə göndərilib.

Eyni zamanda, Cəmiyyətin direktoru Xəlil Əsgərov barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraat da aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib.

Nəticədə hüquqi şəxs "Sizin Yurd" MMC 35 min manat, MMC-nin direktoru Xəlil Əsgərov isə 5 min manat məbləğində inzibati qaydada cərimələnib.

AZƏRTAC