SİYASİ CIĞALLIQ VƏ İKİLİ YANAŞMA
Siyasət

SİYASİ CIĞALLIQ VƏ İKİLİ YANAŞMA

Artıq xeyli müddətdir ki, erməni faşistlərin vəkili rolunu oynayan Emmanuel Makron Azərbaycana qarşı böhtanlarla çıxış edir. 30 ilə yaxın dövrdə erməni millətçilliyinə göz yuman, separatçıları və cəlladları qəhrəmanlaşdıran, sərhəd tanımayan yalanları və böhtanları həqiqət kimi qələmə verməyə çalışan Fransanın müəyyən siyasi dairələri dünya ictimaiyyətini çaşdırmaq istiqamətində sanki yarışa qatılıb. Bu ölkənin daşnak təfəkkürlü dövlət başçısı öz böhtanları ilə himayə etdiyi Ermənistanın baş naziri Nikol Paşinyanın yalanlarını da kölgədə qoyub. Heç bir funksionallığı olmayan, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən tarixin arxivinə göndərilən ATƏT-in Minsk qrupunda həmsədr kimi təmsil olunmuş Fransa işğalçı Ermənistanın hərbi, ekoloji, mənəvi cinayətlərini, erməni faşizminin törətdiyi terrorları sanki görmürmüş kimi davranır. Azərbaycanın sürətli inkişafını, davamlı uğurlarını həzm edə bilməyən Makronun sayıqlamaları təəssüf və qəzəb yaradır.

Burada dahi Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusinin bir kəlamı yada düşür: "Bir ana südü ilə keçibsə azar, o azar çətin ki, canından çıxar...". Makron Ermənistanın deyil, Fransanın dövlət başçısı olduğunu sanki unudub. Öz ölkəsində "sarı jiletlilərin" genişmiqyaslı etiraz aksiyalarından, həmin aksiyalar nəticəsində yüzlərlə insanın həyat və sağlamlığını itirməsindən tükü də tərpənməyən Makronun erməni faşizminə belə dəstək verməsini, onlara sevgi ilə yanaşmasını təkcə Fransa əsilli erməni əhalisinin səslərini qazanmaq üçün etdiyini izah etmək çətindir. Sual olunur: Fransanın daxili problemləri tam həll olunub, fransız xalqı gerçəkdənmi "kef edir?" Yaxınlaşan qış aylarında XXI əsrdə, Fransa kimi inkişaf etmiş hesab edilən ölkə üçün əhalinin öz evlərini necə isidəcəyini, elektrik enerjisinə necə qənaət edəcəyini düşünməsi və bu qəbildən olan digər qayğılarla yaşaması nə vaxtdan normaya çevrilib? Bəlkə erməni daşnak ideologiyası o dərəcədə cəlbedicidir ki, fransız xalqına nə elektrik enerjisi, nə təbii qaz, nə də istilik lazımdır. Bu insanlığa qarşı faşist təfəkkürün istisi o qədərdir ki, fransız xalqını qışda isidəcək? Görünən odur ki, Makron bütün bu xoşagəlməz perspektivlər məngənəsində o qədər başını itirib ki, Azərbaycan və Rusiyanın Ermənistana qarşı birləşdiyini iddia edir. Necə deyərlər, sözün bitdiyi yer...

NATO-nun çətiri altında gizlənən Fransa prezidenti bilməmiş deyil ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın bircə çağırışı ilə on minlərlə gənc orduya axışdı, iqtidarlı-müxalifətli bütün xalq öz Lideri ətrafında sıx birləşdi və erməni faşizminə qalib gəldi. Alman faşizmi qarşısında baş əymiş, öz ölkəsini üç günə Hitlerin ordusuna təslim etmiş Fransanın prezidenti bilməlidir ki, torpaq, uğrunda ölən varsa, Vətəndir. Azad olunmuş əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağ respublikamızda yaşayan xalqların nümayəndələrinin qanı və canı bahasına erməni faşistlərindən təmizlənib. Azərbaycan xalqı öz tarixi Zəfərinin qədrini, dəyərini və müqəddəsliyini anlayır. Ancaq Makrondan bunu anlamağı gözləmir. Çünki Fransa prezidentinin erməni təəssübkeşliyi onun sağlam düşüncəsinə qalib gəldi, damarlarında axdığı qanın hansısa genlərində gizlənmiş və erməni daşnaklarındakından demək olar ki, heç nə ilə fərqlənməyən xisləti reallığı görməyə imkan vermir, nəinki Fransa kimi bir dövlətin başçısına, adi insana belə yaraşmayan yalanlar söyləməyə vadar edir. İstər-istəməz ağla belə bir fikir gəlir ki, bəlkə elə Makronun əsil-nəcabətində erməni genləri vardır.

Şübhəsiz, Fransanın tarixində Makron qədər obyektivlikdən uzaq, siyasi cığallıqla məşğul olan, ikili yanaşma sərgiləyən ermənipərəst dövlət başçısı olmayıb. İşğalçı Ermənistanın adı çəkildiyi məqamlarda Makronun yuyulmamış qaşıq kimi özünü ortalığa atması, səsləndirdiyi böhtanların və yalanların ucu-bucağı görünməməsi buna birbaşa dəlalət edir. Artıq qeyd etdiyimiz kimi, fransızların üzləşdiyi çətinlikləri meydanlarda təşkil olunan aksiyalardakı etirazları ilə bildirən "sarı jiletlilər"in qaldırdıqları məsələlərin həllini düşünməyən, hayların yalanlarından narahat olaraq yuxusunu qarışdıran Makronun tək bir problemi Minsk qrupunda həmsədr kimi qalmaqla dəstək göstərdiyi erməni işğalına haqq qazandırmaqdır.

Makronun Azərbaycanla bağlı son sayıqlamaları ağlı başında olan insanın dediklərinə oxşamır. Çünki ölkəmizin ünvanına yalan və böhtanlar yağdırmaqla kifayətlənməyən, Xocalı soyqırımından, Başlıbel, Ballıqaya, Qaradağlı və digər insan qanını donduran faciələrdən "xəbərsiz olan" Makron bir neçə gün bundan əvvəl Xocavəndin Edilli kəndində aşkarlanan və erməni vəhşiliyinin nəticəsi olan azərbaycanlı hərbçilərin güman edildiyi kütləvi məzarlıqlardan da xəcalət çəkmir. Əksinə, ötən illərdə Fransa erməni təşkilatları əlaqələndirmə komitəsinin illik ziyafətinə qatılan Makron seçkiqabağı təşviqat kampaniyasında vəd etdiyi kimi, ölkəsinin təqviminə qondarma "erməni soyqırımı" ilə bağlı anım gününün əlavə ediləcəyini vəd etmişdi. Elə buna görədir ki, İkinci Qarabağ müharibəsindən sonra erməniləri silahlandıran, revanşist çağırışları ilə onları müharibəyə təhrik edən, tarixin arxivinə göndərilmiş Minsk qrupunun həmsədri kimi işğaldan azad olunan Azərbaycan torpaqlarında basdırılan minaları "görməyən" Makron raketlərlə vurulan Gəncədə, Tərtərdə, Bərdədə dağıdılan evlərdən, qətlə yetirilən azərbaycanlılardan da "xəbərsizdir".

Emmanuel Makrona xatırlatmaq istərdik ki, hazırda Ermənistan adlanan qondarma dövlət Qərbi Azərbaycan torpaqlarında yaradılıb, orada yüz minlərlə azərbaycanlı yaşayıb. Uzaq tarixi keçmişə müraciət etməyək, son hadisələri yada salaq: 1988-ci ildə qərbi azərbaycanlıları vəhşicəsinə qətlə yetirən, uşaqlı-qocalı heç kimə aman verməyən, etnik təmizləmə siyasətini dövlət səviyyəsində həyata keçirən erməni daşnaklarını necə dəstəkləmək, onların vəhşiliklərinə necə haqq qazandırmaq olar?

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında ATƏT-in Minsk qrupunun onlara verilmiş mandatlarını doğrultmadıqlarını və nəticəni sıfırla qiymətləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu formatın 28 il ərzində sərf etdiyi vaxtı dünya birliyinin gözündən asılan pərdə adlandırdı. Əksinə, Minsk qrupundan fərqli olaraq Azərbaycan BMT Nizamnaməsinin 51-ci özünümüdafiə maddəsinə uyğun olaraq tarixin arxivinə göndərilən "Dağlıq Qarabağ münaqişəsi"ni özü həll etdi.

Vətən müharibəsindən sonra da işğaldan azad edilmiş Azərbaycan ərazilərinə piyadalar əleyhinə minalar basdırmaqla mülki əhalinin ölümünə səbəb olan ermənilərin sentyabrın 12-13-də ölkəmizlə sərhəddə törətdiyi təxribatlar nəticəsində 72 hərbçimizin şəhid olmasına toxunan dövlət başçısı "Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb" sözləri ilə yenə də ermənilərə haqq qazandıran Makronun yalanlarını ifşa etdi. Dövlət başçımız fransalı həmkarına bu ayın 6-da "Avropa siyasi birliyi"nin yeni platforması çərçivəsində Praqada Fransa prezidentinin, Avropa İttifaqı Şurası Prezidentinin, Ermənistanın baş nazirinin və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüşü xatırladır. Bir məsələ də diqqətə çatdırılır ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi rəsmi Parisin vasitəçilik missiyasına ehtiyac duyulmadığı halda Azərbaycan xoş məram göstərərək Fransa prezidentinə bu görüşdə iştirak etməyə razılıq verdi. Qeyd olundu ki, Minsk qrupundan fərqli olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı göstərdiyi səylər tərəflər arasındakı sülh sazişinin imzalanmasına yönələn ciddi addımdır. Dövlət başçımız "Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib" sözləri ilə Makronun "Fransa heç vaxt Ermənistanı atmayacaq" sözlərinin ikitərəfli münasibətlərə zərbə vurduğunu bildirib. Fransa prezidentinin küçə leksikonundan istifadə etməsinin siyasi nəzakətdən kənar yanaşma olduğunu hesab edən Prezident cənab İlham Əliyev Fransanın xarici işlər nazirinin Azərbaycanın əleyhinə yalan bəyanatlar verməsini, bu ölkənin Senatı və aşağı palata tərəfindən İkinci Qarabağ müharibəsi dövründə separatçıları qondarma "Dağlıq Qarabağ respublikası"nı tanıyan qətnamələr qəbul etmələrini başqa dövlətin daxili işlərinə qarışmaq kimi dəyərləndirib.

Bütün bunlar onunla nəticələndi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Fransanı vasitəçiliyindən həmişəlik məhrum etdi. Artıq danışıqlar masasında da təklənmiş vəziyyətə düşən rəsmi İrəvana yalnız Azərbaycanın tələblərini icra etmək qalır.

Göründüyü kimi, Fransa prezidentinin bu davranışı Ermənistan üçün bumeranq effekti verdi. E.Makronun açıqlamaları Fransanın beynəlxalq imicini də zədələdi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən verilən cavab reaksiyaları ilə daha da ağır zərbələr aldı. Beləliklə, Fransanın Ermənistana verəcəyi dəstək də öz əhəmiyyətini tamamilə itirdi.

Emin QASIMOV,

"Respublika".