Şirvan : Günün reallığı tələb edir
Region

Şirvan : Günün reallığı tələb edir

Şirvan şəhərində koronavirus (COVİD-19) infeksiyası  əleyhinə şəhər sakinlərinin peyvənd edilməsi prosesi uğurla davam etdirilir. Peyvəndlənmənin yüksək səviyyədə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə şəhər ərazisində səyyar briqadalar təşkil olunub.

Son statistikaya görə, şəhər üzrə COVİD-19 əleyhinə vurulan vaksinlərin ümumi sayı 77380 olub. Belə ki, 45024 nəfər birinci doza, 32354 nəfər ikinci doza, 2 nəfər isə üçüncü doza vaksinasiya olunub. 2 sentyabr 2021-ci il tarixdə gün ərzində 522 doza vaksin vurulub. 371 doza birinci, 181 doza ikinci vaksin olunub.

Qeyd edək ki, bu ilin yanvar ayından həyata keçirilən “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Şirvan şəhərində də ilk növbədə, səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb. Fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslər vaksinasiya olunublar. Martın 22-dən 40 yaşdan yuxarı, mayın 10-dan isə 18 yaşdan yuxarı insanların vaksinasiyası həyata keçirilir.

Şəhər sakinləri geniş maarifləndirmə tədbirləri sayəsində bilirlər ki, əsrin bəlası olan COVİD-19 Pandemiyasına qarşı vaxtında, yubanmadan peyvəndlənmə əsas şərtdir. Bunu günün reallığı tələb edir.

Tofiq HÜSEYN,

“Respublika”.