Şirvan: Daha bir gözəllik ünvanı
Region

Şirvan: Daha bir gözəllik ünvanı

Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə doğma yurdda ekoloji vəziyyətin yaxşılaşdırılması, yeni yaşıllıqların salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə dövlət səviyyəsində həyata keçirilən layihələrin davamı olaraq  Şirvan şəhərində Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkının yenidən qurulması və abadlaşması prosesi sürətlə davam etdirilir. Parkın ərazisinin genişləndirilməsi və müasir üslubda dizayn edilməsi onun ölkəmizin ən füsunkar parklarından birinə çevriləcəyinə əminlik yaradır. Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov mütəmadi olaraq parkda olur, orada gedən yenidənqurma və tikinti işlərinin layihəyə uyğun aparılmasına, keyfiyyətli və gözoxşayan olmasına ciddi nəzarət edir, tapşırıq və tövsiyələrini verir.
Hazırda parkın mərkəzi hissəsində yerləşən kanalın su təminatı və kanal suyunun təmizlənməsi üçün müasir avadanlıqlar qurulub, Kür çayından 4.2 km uzunluqda yeni texniki su xətti çəkilib. Gölün yamaclarında işlər və şəlalənin beton işləri tamamlanıb, park ərazisinə münbit torpaq qatı verilib. Su gəzintisi üçün dayanacaqda işlər tamamlanıb, gölün üzərində olan metal konstruksiyadan ibarət körpünün hərəkət hissəsi genişləndirilərək rekonstruksiya olunub.
Parkda yeni inşa edilən inzibati binanın tikintisi başa çatıb, elektrik və santexnika işləri görülüb, kommunikasiya xətlərinin çəkilişi işləri yekunlaşıb. İşıqlandırma və suvarma sistemlərinin quraşdırılması işləri davam etdirilir. Park ərazisində aparılan abadlıq işlərinə maneə olan mövcud elektrik hava xətti ərazidən götürülüb, layihə üzrə yeni 6 kilovoltluq hava xətti çəkilib.  Qarabağ, Zəfər xiyabanlarında, Ada və Meşə zolaqlarında işıqlandırma və suvarma sistemləri qurulub, müasir tipli işıq dirəklərinin quraşdırılması işləri aparılır. Zəfər xiyabanında Zəfər abidə kompleksinin inşası davam etdirilir, parkın ərazisində salınacaq asfalt-beton yollara qum-çınqıl verilərək xüsusi texnikalar vasitəsilə hamarlanır və kipləşdirilir. Ərazidə torpaqlanma işləri tamamlanıb, yaşıllaşdırma işlərinə başlanılıb. Həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, attraksionlar quraşdırılıb. Hazırda parkın genişləndirilmiş hissəsində meşə-park salınıb, sakinlərin rahat gəzintisi və istirahəti üçün səkilər, istirahət guşələri layihəyə uyğun aparılır.
Görülən işlər onu göstərir ki, daha bir gözəllik ünvanı-Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkı ölkəmizdə aparılan abadlıq-quruculuq işlərinə mühüm töhfə verməklə yanaşı, həm də şəhər sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli keçirə bilmələrinə şərait yaradacaqdır.

Tofiq HÜSEYN,

“Respublika”.