SİNAM müasir informasiya texnologiyalarının və həllərinin təchizatçısı kimi çıxış edir
Digər xəbərlər

SİNAM müasir informasiya texnologiyalarının və həllərinin təchizatçısı kimi çıxış edir

Bu gün ölkə iqtisadiyyatını gücləndirmək, onun dayanıqlılığını təmin etmək  və bunun üçün  ardıcıl, sistemli şəkildə  iqtisadi islahatlar həyata keçirmək dövlət siyasətində önəmli yer tutur. Bu baxımdan, özəl sektorun - sahibkarlığın təşəkkülü və inkişafı istiqamətində mühüm addımlar atılır. Bütün sahələrdə olduğu kimi, yüksək informasiya texnologiyaları sahəsində də  özəl sektor mühüm  rol oynayır. Azərbaycanda fəaliyyət göstərərək mürəkkəb texnoloji həllər yaradan və bu həlləri regional və hətta qlobal səviyyədə tətbiq edən özəl qurumların sayı durmadan artır.

Telekommunikasiya texnologiyaları  sahəsində  böyük uğurlar qazanan SİNAM şirkəti 1994-cü ildə təsis edilmiş, 1997-ci ildən Amerika Ticarət Palatasının üzvlüyünə qəbul edilmiş, 2005-ci ildə isə İSO 9001-2000 benəlxalq keyfiyyət sertifikatına layiq görülmüşdür. Ölkəmizdə informasiya texnologiyaları sahəsində  liderliyi özündə saxlayan, beynəlxalq standartlar əsasında fəaliyyət göstərən şirkət    2005-2006-cı illərdə Almaniyanın Hannover şəhərində keçirilən yüksək texnologiyalar üzrə ən irimiqyaslı, beynəlxalq CeBIT sərgisində iştirak etmişdir. Şirkət 30 ilə yaxındır ki, Azərbaycanın  daxili bazarında  müasir informasiya texnologiyalarının və həllərinin təchizatçısı kimi çıxış edir.

Dünyanın tanınmış texnoloji avadanlıq istehsalçıları ilə əməkdaşlıq əlaqələri yaradan, eyni zamanda  region ölkələrini  əhatə edən etibarlı tərəfdaşlıq münasibətləri quran SİNAM şirkəti irimiqyaslı  telekommunikasiya layihələrinin və inteqrasiya sistemlərinin işlənib hazırlanması və tətbiqi, proqram təminatının hazırlanması, internet servis xidmətləri, kompüter və ofis texnikasının təmiri və texniki xidməti, kompüter və şəbəkə avadanlığının, proqram məhsullarının satışının təşkil edilməsi, lokal şəbəkələrin quraşdırılması və dəstəyi, informasiya texnologiyaları sahəsində konsaltinq xidmətləri və s. istiqamətlər üzrə fəaliyyət göstərir.

30 illik tarixi olan SİNAM şirkəti Cənubi Qafqazda və Mərkəzi Asiyada aparıcı sistem integratorlardan biri kimi tanınır. Belə ki, yaxın  illərdə  dünyanın 50-dək ölkəsinin maliyyə sahəsində SİNAM texnologiyalarının  tətbiqi nəzərdə tutulub. Bu gün  müxtəlif sahələrdə yüz minlərlə insan SİNAM texnologiyalarından gündəlik formatda rahatlıqla istifadə edir.

Şirkətin yaradıcısı və prezidenti Elçin Əliyevdir. Yüksək texnologiyalar sahəsində Azərbaycanın aparıcı alimlərindən biri olan texnika elmləri doktoru, professor E.Əliyevin 45 elmi işi xarici ölkələrdə nəşr olunmuş, 2 ixtirası isə beynəlxalq səviyyədə patentləşdirilmişdir. Onun əldə etdiyi elmi nailiyyətlər Arktika və kontinental şelfin inkişafına yönəlmiş elmi, elmi-texniki və innovativ inkişaf üzrə Beynəlxalq Müsabiqə Mükafatı laureatı kimi yüksək mükafatla qiymətləndirilmişdir.

E.Əliyevin  müxtəlif illərdə Azərbaycanda NATO Elm Proqramının həmdirektoru, Amerika-Azərbaycan Ticarət Palatasının İKT Komitəsinin sədri, Kaspian İnteqrasiya Klubunda İT və Kommunikasiya Klubunun prezidenti və s.  vəzifələrdə çalışmışdır. Hazırda o, Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun İdarə Heyətinin üzvü və Avrasiya Xalqları Assambleyası Arktika Şurasının həmsədri kimi fəaliyyət göstərir.

2022-ci ildə Azərbaycan Triatlon Federasiyasının prezidenti seçilmiş E.Əliyev qısa zamanda peşəkar komanda toplamış və ölkəmizdə idmanın bu növünün  inkişaf strategiyası müəyyənləşdirilmiş, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarında Azərbaycanın təmsil olunması üçün hazırlıq işlərinə başlanmışdır.

Ölkəmizin informasiya texnologiyaları sahəsində  uğurlu fəaliyyət göstərən Elçin Əliyevin rəhbərliyi ilə bu gün SİNAM şirkəti təkcə  ölkədə və regionda deyil,  qlobal səviyyədə də uğurla  fəaliyyət göstərir.

Mehparə ƏLİYEVA,

"Respublika".